Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
29.12.2016

"Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib. Öncə AMEA-nın həqiqi üzvü Maqsud Əliyev, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş nitqində son illər Azərbaycan folklorşünaslığının milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi qiymətləndirib, bu istiqamətdə AMEA-nın Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib: “Azərbaycan folklorunun ən müxtəlif problemlərini müxtəlif vaxtlarda, hətta müxtəlif məkanlarda geniş müzakirə obyektinə çıxarmışıq. Ancaq elmlərarası tədqiqatların qovuşağında folklor, yaxud müxtəlif elmlərin münasibətində folklor ayrı-ayrı tədqiqat əsərlərində, məqalələrdə müəyyən dərəcədə əksini tapsa da, hələ ki, geniş ictimai mühitin müzakirəsinə çıxarılmayıb. Ümumiyyətlə, hələ ki, elmlər öz istiqamətləri, problemləri çərçivəsində aktual məsələləri önə çəkərək təqdim edir.

Elm sahələri arasındakı münasibətlərin öyrənilməsi AMEA-nın həyatında təzə hadisədir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilərkən bəyan etdiyi proqram istiqamətində AMEA-da müxtəlif proqramlar həyata keçirilməkdədir. Elmlərarası əlaqələrin inkişafı elmlər üçün əhəmiyyətli modeldir, yalnız inkişafa, yeni elmi nəticələrin alınmasına kömək edə bilər. Folklor özü müxtəlif elm sahələrinin qovuşağındadır. Humanitar və ictimai elmlərin elə sahəsi yoxdur ki, onun bazası, rüşeymi, ideyaları, forma və məzmunu folklorda əksini tapmamış olsun. Konfransı aktual və müasir hesab edir, AMEA-da aparılan prosesi doğru-düzgün əks etdirən addım olduğunu bildirir, yüksək qiymətləndirirəm”.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan folkloru xalqımızın milli-mənəvi dəyərləri olduğu üçün bu sahənin müxtəlif aspektlərdən tədqiqi yalnız elmi deyil, həm də ümumictimai məna kəsb edir. O, folklorun funksional struktur aspektindən multidissiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Hazırda multidissiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidissiplinar tədqiqi xüsusilə zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli şəkildə təcəssüm olunduğu folklor xəzinəsi multidissiplinar yanaşma olmadan kompleks tədqiq oluna bilməz".

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli konfransda diqqət mərkəzinə gətirilən problemlərin müasir elmi əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, dünya folklorşünaslıq elminin nəzəri təcrübələrinin milli elmi fikir dövriyyəsinə daxil edilməsi Azərbaycan folklorşünaslığının daha da inkişaf etməsinə təkan verəcək.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu - İmanov hazırda elmlərin qarşılıqlı şəkildə tədqiqat apamasının zəruri olduğunu bildirib: “Folklor, xalq mədəniyyətimiz, bütövlükdə folklorşünaslıq elmimiz bu sahəyə daha çox material verən, bu sahədə multidissiplinar tədqiqatlara daha çox ehtiyac duyulan sahədir”. Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyən AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov hazırda folklorun tamamilə yeni məzmun kəsb etdiyini vurğulayıb: "Folkloru yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr olunmuş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Folklor bu gün də canlı kommunikasiya prosesində yaşamını davam etdirən mühüm bir mədəni təsisatdır. Bu mədəni təsisat müasir informasiya kommunikasiya texnologiyalarının, virtual mədəni mühitin inkişafı ilə şərtlənərək indi tanmamilə yeni məzmun kəsb edib. Ona görə də folklorun prosessual təbiəti yalnız funksional struktur aspektindən tədqiq olunarkən bu xüsusiyyətlər araşdırmaya cəlb oluna bilir".

Dünya folklorşünaslığında multidissiplinarlığın zəngin təcrübəsinin olduğunu bildirən natiq bu irsin filoloji olmaqla yanaşı antropoloji, sosioloji, kulturoloji, psixoloji və s. aspektlərdən öyrənilməsinin zəruriliyini vurğulayıb: “

Avropanın özündə nəhəng filosoflardan tutmuş sıravi adamlara kimi folkloru yalnız xalq ədəbiyyatı hesab ediblər. O cümlədən Rusiyada, Azərbaycanda. Vaxtilə Hegel deyirdi ki, fəlsəfə tarixini yazmaq istəyirsənsə, gərək “Fəlsəfə nədir?” sualına cavab verəsən, çünki bu sualın xeyli cavabı var. O cümlədən folklor anlayışının da minlərlə cavabı olub, birinci cavab “Xalq əbəbiyyatı”dır. Maraqlıdır ki, son dövrlərdə multidissiplinar dediyimiz istiqamətdə folklor mətninin özü nə qədər sahəni birləşdirir. Belə məlum olur ki, bir nağıl, bayatı, dastan nümunəsi bir mətn olaraq özündə çoxlu ifa prosesini birləşdirə bilir. Aşığın özünü müğənni ilə müqayisə eləsək, şifahi tərəfinin nə qədər fərqli olduğunu göz önünə gətirə bilərik. Əgər kontekst zəminində götürsək, bir müğənni üçün Füzulinin qəzəlinin, S.Vurğunun, M.Arazın qoşmasının hansı zəmində yarandığının mənası yoxdur. Ancaq aşıq üçün bunun görün nə qədər mənası var. Aşıq Ələsgərin şeirləri ilə bağlı nə qədər rəvayətlər var. O rəvayətlərsiz aşıq onu oxumur.

Şifahi şəkildə ifa etməyin bir məziyyəti də odur ki, ortaya hər ifanın öz variantı çıxır. “Məlikməmməd” nağılının kitabda bir variantı var, on söyləyici danışsa, artıq on variantı olacaq. Bu gün biz folklorşünasların qarşısında duran ən vacib məsələlərdən biri folklorun şifahi ənənə, variantlı sənət olduğunu unutmamaqdır”.

Filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri "Folklorun funksional strukturunun multidissiplinar analizi" mövzusunda məruzəsində folklorun funksional struktur aspektindən öyrənilməsinin zəruriliyinin bir tərəfdən folklorun öz daxili təbiəti, digər tərəfdən isə onun müasir sosial-mədəni proseslərdə və virtual mühitdə fəal iştirakı ilə bilavasitə bağlı olduğunu qeyd edib. S.Xavəri məruzəsində folklorun funksional struktur aspektindən araşdırılması istiqamətində dünya elmi təcrübəsinin nəzəri qənaətlərini ümumiləşdirərək, onların əsasında folklorun sintaqmatik, paradiqmatik, diaxron, sinxron istiqamətlər üzrə struktur özəllikləri barədə nəzəri qənaətlərə yer verib. Alim folklora tekstoloji yanaşmadan prosessual yanaşmaya, mədəniyyətin ümumi funksiyaları ilə folklorun funksional strukturu arasında qarşılıqlı əlaqələr, funksiyanın folklorun daxili strukturunun sabit və dəyişməz elementi olması, folklor-ədəbiyyat identifikasiyasının nailiyyətləri, problemləri və s. məsələlərdən də bəhs edib. Qeyd olunan problemlər məruzədə multidissiplinar yanaşma əsasında nəzərdən keçirilib.

Daha sonra konfransda filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Ənənəvi folklordan virtual folklora: evolusion yanaşma, problem və prespektivlər” mövzusunda məruzəsi dinlənilib. O, bildirib ki, müasir dünyada informasiya-kommunikasiya texnologiyaları hesabına insanlar arasında ünsiyyətin yeni modellərinin meydana gəlməsi, eləcə də fiziki reallığa alternativ olaraq virtual reallığın ortaya çıxması bütövlükdə insan və onun yaradıcılıq imkanlarına da təsir edib. Bu proses kommunikasiya ilə bağlı olan folklorun da mahiyyətini dəyişib, ənənəvi folklordan virtual folklora keçid baş verib. Folklorun canlı orqanizm kimi bütün dövrlərdə baş verən prosesləri təzahür etdirmək potensialına malik olduğunu, xüsusilə texnoloji mühitin imkanları və şərtləri daxilində texnokulturoloji proseslərin getdiyini vurğulayan H.Quliyev belə şəraitdə onun əvvəlki dövrlərdən tamamilə fərqli məzmun kəsb etdiyini qeyd edib. Məruzədə internet və folklor münasibətlərinin tədqiqi təcrübəsindən, virtual folklorun meydana gəlməsi və xüsusiyyətlərindən, həmçinin problemin nəzəri-metodoloji aspektlərindən bəhs olunub. Məruzəçi qeyd olunan problemlərin araşdırılması ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

"Məna axtarışı müstəvisində psixoanaliz və folklor" mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev psixoanalitik metodun folklor araşdırmalarına gətirdiyi yeni baxış bucağından söhbət açıb. O bildirib ki, ilkin dövrlərdə kliniki metod kimi meydana gələn bu nəzəriyyə tədricən inkişaf edərək müxtəlif mədəni fakt və yaradıcılıq aktlarının semantik məzmunun öyrənilməsində müstəqil metoda çevirilib. İlk dəfə olaraq 1928-ci ildə folklor və psixoanaliz probleminin əhəmiyyətinə diqqət yetirildiyini deyən alim uzun müddət folklorşünasların bu problemə ciddi yanaşmadığını və mövzunun diqqətdən kənarda qaldığını vurğulayıb. Məruzəçi XX əsrin sonlarından etibarən folklor faktlarının izahında bu nəzəriyyəyə yenidən ciddi önəm verilməyə başlanıldığını, mədəni faktların araşdırılmasına öz metod və priomları olan azsaylı nəzəriyyələrdən biri kimi dəyərləndirildiyini əlavə edib. Ziqmund Freyd, Ernest Cons, Riçard Dorson, Saymon Bronner, nəhayət, XX əsrin görkəmli psixoanlitik folklorşünası olan Alan Dandesin nəzəri görüşləri əsasında psixoanaliz və folklor münasibətlərinə aydınlıq gətirən natiq bu metod əsasında Azərbaycan folklorunun öyrənilməsinin onun dünyada tanıdılmasına da ciddi təsir edəcəyini diqqətə çatdırıb.

Məruzələr dinlənildikdən sonra mövzular ətrafında AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəl.ü.e.d. Füzuli Qurbanov çıxış edib, məruzələrlə bağlı fikirlərini bölüşüb, konfransı yüksək dəyərləndiriblər.


Tədbirin yekunlaşdıran AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov konfransın qoyduğu məsələlərin çox ciddi olduğunu, məruzələrin yeni istiqamətlərdə düşünməyə, tədqiqat aparmağa kömək edəcəyinə əminliyini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.