Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
08.11.2020

II Qarabağ savaşında yaranan folklor nümunələri

Bu gün torpaqlarımızı erməni işğalından azad etmək uğrunda başladığımız müqəddəs savaşın 43-cü günündəyik. Qəhrəman Azərbaycan ordusu bütün dünyanın gözləri önündə tarix yazır, dünyanın ən inkişaf etmiş ölkələrini belə öz savaş taktikası ilə heyrətdə qoyur. Şanlı ordumuzun ard-arda işğaldan azad etdiyi ərazilərlə bağlı xəbərlər bütün xalqımızı ürəkdən sevindirir. Hər birimizin gözü, qulağı cəbhədən gələn xəbərlərə köklənib. Bu gün Qarabağın gözü olan Şuşa şəhərinin qüdrətli ordumuz tərəfindən işğaldan azad edilməsi xəbərini aldıq. Çox sevincliyik. Azərbaycanın və Türk dünyasının gözü aydın olsun! Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Bu günlərdə hər baxımdan ordumuza dəstək verən xalqımız həm də baş verən hadisələrlə bağlı yeni folklor nümunələri yaradır. Həmin nümunələrlə bütün sosial şəbəkələrdə rastlaşmaq mümkündür. İstər düzülüb-qoşulmuş video-çarxlarda, istərsə də paylaşılmış cəbhə xəbərlərinin altına yazılmış rəylərdə bunun çoxsaylı nümunələri ilə qarşılaşırıq. Onların bir qismi Ermənistan prezidenti Nikol Paşinyana ünvanlanmış, onun qeyri-insani siyasətini tənqid edən yumoristik mətnlərdir:

Göyə qalxdı pua, arzularımız düşdü sua (suya).

Və yaxud:

Şuşaya hallı getdim,

Yəhərli-nallı getdim.

P.. yedim sülaləmlə,

Cıdırda yallı getdim.

Burada bir haşiyə çıxım ki, folklor nümunələrində qeyri-etik sözlərin işlənməsi normal haldır. Nəzərə almaq lazımdır ki, bu sadə xalq dilidir. Sadə xalq həmişə öz adiliyi ilə seçilir, o elitar ifadələr axtarmır, heç buna ehtiyac da yoxdur. Sünilikdən qaçmaq, təbiilik də bir “ədəb”dir.

Ermənilərin guya Qafqazın, eləcə də Qarabağın “ən qədim” sakinləri olması haqqındakı cəfəng iddia sosial şəbəkələrdə xalqımız tərəfindən “ermənilər dinozavrlardan da qədimdirlər” kimi atmacalarla, “Öldürülmüş erməni əsgəri cəhənnəmə düşdü. Bura da qədim erməni torpağıdır, ‒ dedi” kimi təmsilciklərlə ələ salınır. Şanlı Azərbaycan ordusunun bütün cəbhəboyu sürətli irəliləyişini heç cür həzm edə bilməyən və israrla gizləməyə çalışan düşmənin “ordunun taktikasını dəyişərək irəliləmək üçün geri çəkilirik”, “taktiki olaraq geri çəkilirik” kimi sərsəm açıqlamalarına xalqımız Araik Arutyunyanın ölümünə verdiyi reaksiya ilə fikir bildirdi: “Arayik ölməyib ki. Taktiki olaraq yer altına köçüb”. Onu da qeyd edək ki, bütün bu folklor nümunələri ilə yanaşı, həmin nümunələrə çəkilmiş şəkillər də insanlarda xoş əhval-ruhiyyə yaradır.

Bu döyüşlərdə Azərbaycan ordusunun döyüş qabiliyyəti kimi texniki-təchizatı da dünyada heyranlıqla qarşılanmaqla yanaşı, erməni ordusunda vahimə yaratdı. Bütün bunları sevinclə izləyən xalqımız buna da fikir bildirməyi unutmadı: “Bütün Azərbaycan xalqı döyüşür: kişilər pua ilə, qadınlar dua ilə”, “Ermənilər artıq anDRONik adından imtina ediblər. Səbəb: addakı dron sözcüyüdür” və s.

Yeni yaranmış folklor nümunələrinin bir qismi də Azərbaycan xalqının möhtəşəm qələbəyə olan sarsılmaz inamını göstərir:

Əzizim, qoşa gəlir,

Ürəyim cuşa gəlir.

Qoy eşitsin millətim,

Laçınla Şuşa gəlir.

Bu bayatının digər bir variantı isə belədir:

Əzizim, qoşa gəldi,

Əsgərim cuşa gəldi.

Dur, çıx yolu üstünə,

Qarşıla – Şuşa gəldi.

Bu nümunələrin bir qismində də Azərbaycan insanının soyuqqanlılığı, bu savaşı normal qarşılaması, cəbhədə döyüşən övladlarının taleyindən nigaran olsa belə, onu üzə vurmaması öz əksini tapıb: “Cəbhədə döyüşən gizirlərimizdən birinin telefonu durmadan çalırmış. Əsgər davamlı zəngdən təngə gəlir və nəhayət, imkan tapan kimi telefonu açıb görür ki, zəng edən atasıdır. Düşünür ki, atası ondan nigarandır. Onların arasında belə bir dialoq baş verir:

‒ Ata, narahat olma, salamatçılıqdır.

‒ Ay bala, onu soruşmağa zəng vurmamışam. Bayaqdan kafelkəsənimi axtarıram, de görüm onu hara qoymusan?”

Əsgərlərimiz arasında zarafata çevrilən “Gültəkin əməliyyatı” və yaxud işğaldan azad olunmuş ərazilərimizin sakinləri arasında dolaşan “Ataş Hanıya deyər” kimi yumoristik mətnlər yeni yaradılmış lətifə nümunələri hesab edilə bilər.

Bütün bunlar onu göstərir ki, folklor xalqın həyatına həssaslıqla yanaşır və orada baş verən bütün hadisələrə anında reaksiyasını verir. Bu gün yaradılan folklor nümunələrinin bir qismi yerindəcə qeydə alınmadığı üçün unudulub gedəcək, bir qismi isə yaşamaq hüququ qazanaraq öz yerini möhkəmləndirəcək. İnşallah işğal altında olan torpaqlarımızın tam azad olunmasından sonra saysız-hesabsız belə folklor nümunələri yaranacaq. Bu nümunələrin hansının müvəqqəti, hansının daimi olmasından asılı olmayaraq, inanırıq ki, Qarabağda qazanılmış zəfər daimi olacaq və xalqımızın gələcəkdə qazanacağı qələbələr üçün açar rolunu oynayacaqdır.

AMEA Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos.Ləman Vaqifqızı (Süleymanova)

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.