Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.11.2020

Füzuli rayonu ərazisində ilk insan məskənlərinin olması buranın folklor mühiti haqqında bir çox mətləblərə aydınlıq gətirir

Tarixən Qarabulaq adlandırılan indiki Füzuli rayonu ərazisi Azərbaycanın maddi-mənəvi abidələrinin ilkinliyi, zənginliyi baxımından seçilən ən qədim yaşayış məskənlərindəndir. Rayonun yerləşdiyi Quruçay və Köndələnçay vadisi, məşhur Azıx mağarası, çoxtəbəqəli Qaraköpəktəpə və sair yerlər ibtidai insanların məskunlaşdığı tarixi ərazilərə aiddir. Qafqaz Albaniyasında bu ərazilərdə çoxsaylı alban, uti, qarqar, peçeneq, hun, xəzər, monqol-türk və sair tayfalar yaşayıblar. Füzuli rayonunda bir çox kənd, məhəllə adları - toponim və etnotoponimlərdə ərazidə tarixən yaşamış qədim tayfalar öz izlərini qoruyub saxlamaqdadır. Qorqan kəndi Qurqan monqol-türk tayfası, Qazaxlar, Tuğ kəndləri qıpçaq, Qaraxanbəyli kəndi kəngərli, Üngütlü (Hüngütlü) kəndi hun, Dilağarda kəndi Qaraqoyunlu tayfaları ilə bağlı olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova deyib. O bildirib ki, Füzuli rayonunun keçmişi haqqında bilgilər, ərazidə tarixən yaşamış qədim tayfalar və ən əsası bu torpaqlarda ilk insan məskənlərinin olması onun folklor mühiti haqqında da bir çox mətləblərə aydınlıq gətirir. Rayonun ərazisində apardığımız müşahidələr, toplama işlərində digər folklor mühitləri ilə müqayisədə burada “ruhun qəzəbləndirilməsi” inancı, “ruh tutma”, “ruh çağırma” rituallarına xalq məişətində daha çox təsadüf olunub. Rayonun Mahmudlu, Gecəgözlü, Qaraxanbəyli və digər kəndlərində yaşlı sakinlərlə görüşlərdə belə bir fakt müəyyən edilib ki, qədimdə dünyasını dəyişən insan dəfn olunduqdan sonra onun yaxın və doğmalarından hər hansı birinin xəstələnməsi qəzəblənən ruhun “yeni qurban inancı” kimi yozulub. “Qəzəblənmiş ruh”u razı salmaq üçün dəfn olunan insanın məzarı yaxınlığında yenidən qəbir qazılar, yoğurulmuş xəmiri insan forması şəklinə salıb torpağa gömərdilər. İnanca görə, bununla da ruhun evdən “göz dikdiyi payı” çıxarmış olurdular. Maraqlıdır ki, eyni animatizm təsəvvürlərinin mürəkkəb formasına Afrika qəbilələrinin inanclarında da rast gəlinir. Qəbilə inanclarına uyğun olaraq dəfn zamanı onlar ikinci bir mərasim təşkil edir, “yalançı gömülmə” vasitəsilə ölənin ruhunu da basdırdıqlarına inanırdılar. Xalq məişətində “ruhun çağırılması”, “ruh tutma” kimi magik mərasimlərin keçirilməsinin çeşidli forma və şəkillərinə bu folklor mühitində rast gəlinməkdədir.

Füzuli folklorunda insanın doğuluşu, Hal, Cin kimi mifoloji varlıqlar, müxtəlif göy cisimləri, heyvanlar, quşlar və bitki növlərinin yaradılması ilə bağlı çoxsaylı əfsanə və rəvayətlər mövcuddur. Bu mifoloji mətnlər Azərbaycanın digər folklor mühitlərində də geniş yayılıb, fərqli variantlarda xalq təfəkküründə qorunub saxlanmaqdadır. Lakin Füzuli folkloru üçün bu mətnlərdən seçilən digər motivlər insanların itə, qurda dönmələri üzərində qurulan fərqli mifoloji rəvayətlərdir. Reinkarnasiya prosesində izahını tapan bu mətnlərdə mifoloji məzmun heyvan, quşların yaranması ilə bağlı əfsanələrdən başlayaraq, konkret mədəni qəhrəmanların obrazına qədər bədii məzmun qazanır. Füzuli rayonunun xüsusilə Aybasanlı kənd ərazisi ilə bağlı toplanmış mətnlərdə insanların yalnız gecə saatlarından sonra itə çevrilməsi, yaxınlarına qarşı aqressiv davranışı, səhər açıldıqda isə yenidən insan şəkli almaları rəvayətləşdirilməkdədir.

Qeyd edək ki, lokal xarakterli folklor mətnləri bütün hallarda konkret bölgə materiallarını əhatə etməkdədir ki, buraya xüsusilə yer, kənd, qala, kəhrizlərin yaranması ilə bağlı əfsanə və rəvayətlər, ayrıca lətifələr daxildir. Füzuli rayonunun əski adı Qarabulaq daxil olmaqla ərazidə yerləşən İmam piri, Qarağantəpə, Kar daş, Üç qardaş təpələri, Horadiz, Yağlıvənd kəndləri, Məngələn ata ilə bağlı çoxsaylı rəvayət və əfsanələr mövcuddur. Qarabağ toponimində olduğu kimi Qarabulaq da böyük, bol sulu bulaq mənasını ifadə etməsinə baxmayaraq, xalq rəvayətlərində müxtəlif mövzu və motivlərdə işlədilməkdədir. Rəvayətə görə, hələ Qarabağ xanı İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy burada gözəl bir qıza vurulmuş, bu istəyinə bağlı bulaqdan bir neçə yerə əlavə kəhrizlər çəkdirmişdi. Sərin suyu ilə məşhurlaşan bulağın ətrafında bitən bitkilərin yarpaqları əfsanəvi qara rəngə çalıb ki, bu səbəbdən də xalq tərəfindən Qarabulaq adlandırılıb. Lokal xarakterli əfsanə mətnlərinin bir çoxu ibtidai düşüncə sistemində mifoloji məzmuna malik olsa da, digər nümunələr daha çox uzaq və yaxın tarixi keçmişin hadisələrindən qaynaqlanmaqdadır. Məngələn ata, Kar daş yer adları ilə bağlı əfsanələrdə Məngələn ata tilsimli qoca, digər mətndə isə el-oba tərəfindən onları qorumaq üçün seçilən üç qardaş “ağzı dualı” oğullar kimi təqdim olunur. Birinci mətndə Məngələn ata dağ başına su gətirmək üçün göndərdiyi qızını qarğıyaraq onun daşa dönməsinə səbəb olur. İkinci rəvayətdə isə Horadiz kəndini qaçaqlardan qorumaq üçün seçilən igidlər həm düşmən tənəsi, həm də elin töhmətindən yaxalarını qurtarmaq üçün Allaha üz tutub daşa dönmələrini arzulayırlar. Hər iki rəvayətdə sehr, tilsim daşadönmə motivində cəzalandırma funksiyasını yerinə yetirir.

“Yağlıvənd” kəndinin adı ilə bağlı rəvayətdə isə qeyd edilir ki, Ağaməhəmməd şah Qacar Qarabağa hücum edərkən bir müddət qoşununu bu ərazidə saxlayır. Şah mahalın ağsaqqallarını çağırıb əmr edir ki, qoşunu gün ərzində yedirib-içirtməlisiz, yoxsa ev-eşiyinizi, yurdunuzu məhv edəcəyəm. El-oba ağsaqqalları qərara gəlirlər ki, həddən artıq yağlı aş bişirtdirib onları qonaq etsinlər. Nəhayət, Qacara xəbər çatır ki, qoşunu camaat doyunca yedirib-içirtmiş, hətta əlavə azuqə də saxlanılıb. Şah məsələni aydınlaşdırdıqda məlum olur ki, camaat aşı o qədər yağlı bişirib ki, döyüşçülər bir tikə yedikdən sonra doyaraq geri çəkiliblər. Qacar məsələdən agah olduqda gülərək deyir ki, yaxşı yağlı fənd işlətmisiniz. Rəvayətə görə, o zamandan etibarən bu kəndin adı Yağlı fənd adlandırılmağa başlayıb, sonralar Yağlıvənd şəklində işlənib.

Füzuli folklorunda lokal xarakterli lətifələr isə konkret bu və ya digər tarixi şəxsiyyət və müvafiq ərazidə baməzəliyi ilə seçilən insanların adına bağlı olaraq yaranıb. Bu qrup lətifələr digər kütləvi şəkilli gülməcələrdən fərqli daha sabit şəkil və formaya malikdir: “Xələfşə armudu” (Xələfşə kəndi), “Mənə də Horadizciyəzi ver” (Horadiz qəsəbəsi), “Qulamsız gəl” (Seyidəhmədli kəndi), “Ölmüşdü Xankişi...” (Füzuli şəhəri), “Qardaş olanda nə olar?” (Bəhmənli kəndi), “Dəvə Dünyamalı” (Yağlıvənd), Horadizli Bayraməli kişinin adı ilə bağlı lətifələr və sair.

“Folklor xalqın tarixidir, əgər tarixçinin mühakimələri məlum faktlar, sənədlərə əsaslanırsa, xalq yaradıcılığının obrazlı təfəkküründə bu bilik, həmçinin bədii-fəlsəfi məntiq, dünyaduyumu ilə birləşərək tarixi üzə çıxarır. Bu gün Qarabağ uğrunda gedən haqq mübarizəmizdə Füzuli rayonu erməni qəsbkarlarından azad edilib. Azərbaycan, eləcə də doğma rayonumuzun tarixində yeni bir səhifə yazılmağa başlanıb. Yaxın tarixi keçmişə bağlı 27 illik folklorumuza şəhidlik, Qarabağ müharibəsi mövzuları daxil olduğu kimi, indiki şifahi ənənəmizdə də zəfər, Böyük Qayıdış motivlərinə bağlı zəngin bir irs formalaşmaqda, Füzuli folkloru, bütövlükdə milli folklorumuzun yeni tarixi mərhələsi başlamaqdadır”, - deyə M.Abbasova vurğulayıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.