Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.10.2016

“Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib

   Oktyabrın 18-də AMEA-nın əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar təşkil olunub.

   Konfransı giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb və bildirib ki, Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin – müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. Məhz milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb: “Folklor İnstitutunun keçirdiyi bu konfrans həm ölkəmizin ideoloji-siyasi mühitinin nəticələrini, həm də “Folklor və dövlətçilik” probleminin dərindən, milli aspektdən öyrənilməsi istiqamətində əldə olunan mühüm istiqamətləri əks etdirən forum kimi də özünəməxsus əhəmiyyətə malikdir”.Milli dövlətçilik, Azərbaycançılıq, Vətənçilik, milli düşüncə elementlərinin, ideyalarının ilkin yaradıcılarından və ən böyük daşıyıcılarından birinin folklor olduğunu deyən akademik qeyd edib ki, bu elm sahəsi milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir və folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb. Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan İ.Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır: “Müstəqil dövlətçiliyimizin gələcək daşıyıcısı olan, müstəqil dövlətçilik ideallarımızı daha irəli apara biləcək vətənpərvər, milli ruhlu, bəşəri dəyərlərə malik nəslin hazırlanmasında folklorumuzun çox böyük rolu var. Ona görə də “Folklor və dövlətçilik” mövzusu son dərəcə əhəmiyyətli, məsuliyyətli, ciddi, aktual, sistemli araşdırma tələb edən bir sahədir. Ümid edirəm ki, bu konfrans həm müstəqillik ideallarımızın təbliğinə, həm də folklorşünaslığımızın bu istiqamətdə inkişaf etməsinə özünün sanballı töhfəsini verə biləcək. Konfransın işinə uğurlar arzulayıram”.

   Sonra AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edib və bildirib ki, folklor nümunələrində dövlətçiliyə həmişə böyük önəm verilib: “Azərbaycan folklorunda dövlətçilik ideyaları hələ eramızdan əvvəl yaranıb. Bu, Herodotun “Tarix” əsərində günümüzədək gəlib çatan “Astiaq”, “Tomiris” kimi mətnlərdə əksini tapıb. “Kitabi-Dədə Qorqud” da dövlətçiliyimizin qabarıq əks olunduğu bədii örnəkdir, qəhrəmanlığın və xalqı, dövləti idarə etməyin, xalqın rifahını təmin etməyin nümunəsidir. Folklor İnstitutu bizim Bölmənin ən fəal institutlarından biridir. Burada çox ciddi problemlər qoyulur, xüsusən müstəqillik dövrünün ictimai həyatımızda əksini tapmış ən müxtəlif yönləri folklorla bağlı şəkildə təqdim olunur”.

   AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova da vurğulayıb ki, xüsusən müstəqillik dövründə folklorun rolu çox artıb: “Dünya sürətlə dəyişir. Dəyişən dünyada həm insan, həm də cəmiyyət öz yerini axtarır. Folklor bu yöndə cəmiyyətə çox böyük köməklik göstərir. Tarixi yaddaş daim xalqı yaşamağa, yaratmağa kökləyir. Folklor həm mifoloji, həm də tarixi şəxslər haqqında bizə bilgilər verir, həyata fəlsəfi baxmağa imkan yaradır. Folklor İnstitutuna folklorun müxtəlif istiqamətlərinin tədqiqində uğurlar arzulayıram”.

   AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, yazılı ədəbiyyatdan fərqli olaraq şifahi xalq ədəbiyyatını kiçik dövrlərə və mərhələlərə bölmək çox çətindir. “Ümumi şəkildə folkloru arxaik, klassik və müasir folklora bölmək olur ki, müstəqillik dövrü folklor nümunələri yalnız müasir folklor anlayışının tərkibində öyrənilə bilər. Zəngin folklorumuzda böyük dövlətçilik ənənəmizin izləri aydınca görünür. Sözün geniş mənasında müstəqillik anlayışının ifadəsini şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında tapa bilirik. Məsələn, atalar sözlərində insan mərdanəliyi və əyilməzliyi müstəqillik düşüncəsinin səciyyəvi ifadə forması sayıla bilər. Hamımızın bildiyimiz “Vətənə gəldim, imana gəldim”, “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni” və s. kimi nümunələr bu qəbildəndir.

   “Dədə Qorqud” dastanlarında “Oğuz eli” ifadəsi həm Oğuz cəmiyyəti, həm Oğuz vətəni, həm də Oğuz dövləti mənasında işlənib – yəni siyasi müstəqilliyi olan, sərhədləri göz bəbəyi kimi qorunan bir dövlət. Oğuz eli anlayışının Azərbaycan anlayışına keçid mərhələsində də şifahi xalq ədəbiyyatı öz sözünü deyib. Təkcə atalar sözlərimizdə, dastanlarımızda yox, bayatılarımızda, əfsanələrimizdə, rəvayətlərimizdə də Azərbaycanın konkret coğrafi ünvanları göstərilir. Azərbaycanın elə bölgəsi yoxdur ki, oradakı konkret dağlarla, göllərlə, hətta ağaclarla bağlı əfsanə-rəvayətlər olmasın”.

   M.Kazımoğlu-İmanov müstəqillik dövrü Azərbaycan folklorşünaslığı haqqında da danışıb. O, bildirib ki, müstəqillik illərində Folklor İnstitutu folklor örnəklərinin toplanmasını mühüm vəzifələrdən biri hesab edib: “Təkcə Qarabağ bölgəsindən 10 cildlik folklor nümunələri yığıb çap etmişik. Şimali Azərbaycandan başqa Cənubi Azərbaycandan, soydaşlarımızın tarixən kompakt yaşadığı Dərbənddən, Borçalıdan, Kərkükdən toplanan folklor örnəkləri ayrı-ayrı cildlər şəklində çap olunub.

   M.Kazımoğlu-İmanov onu da vurğulayıb ki, sovet dövründə tədqiqinə o qədər də imkan olmayan mövzular müstəqillik dövründə araşdırmaya cəlb olunub: “Şamançılıq dünyagörüşü, ümumtürk mifologiyası və onun bərpası problemləri, xalq sufizmi, xalq yaradıcılığının ifa problemləri, “Oğuznamə” yaradıcılığı və s. bu sıradandır. Müstəqillik dönəmində ümumdünya folklorşünaslığının nailiyyətləri xüsusi nəzərə alınıb. Müasir dünyada folklorşünaslıq sahəsində gedən prosesləri izləmək, ondan formal yox, əməli şəkildə istifadə etmək müstəqilliyin verdiyi imkanlar sayəsində mümkün olub. Aydındır ki, bütün bu toplama, nəşr, tərtib, tədqiqat məsələlərinin başlıca hədəfi Azərbaycançılıqdır, Azərbaycan dövlətçiliyinə xidmət etməkdir”.

   Fil.ü.f.d., dos. Ağaverdi Xəlil “Heydər Əliyev siyasi kursu və folklorda qorunan dəyərlərimiz” adlı məruzəsində bildirib ki, Ümummilli liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışlar, söylədiyi nitqlər, verdiyi fərmanlar və sərəncamlar üzərində müşahidələrdən aydın olur ki, onun milli-mənəvi quruculuq siyasəti mükəmməl konseptual əsaslara malikdir. Alimin məruzəsində vurğulanmışdır ki, Heydər Əliyevin milli-mənəvi quruculuq siyasəti Azərbaycançılıq ideologiyasına əsaslanır: “Azərbaycan vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologiyamızın təməl pinsiplərinə milli-mənəvi dəyərlərimizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Heydər Əliyevin Azərbaycan mərasim mədəniyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdiyi, inkişaf etdirdiyi və təşkil etdiyi mərasimlər xalqımızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndərin bu istiqamətdəki quruculuq fəaliyyətini davam və inkişaf etdirməkdədir. Milli bayram mərasimlərinin təşkili, təntənənin miqyasının genişləndirilməsi bu sahədə aparılan mədəni quruculuq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır”.

   Açılış iclasından sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib. Bölmə iclaslarında fil.ü.e.d. Ramazan Qafarlı “Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi”, fil.ü.e.d. Füzuli Bayat “Azərbaycan folkloru ümumtürk folkloru kontekstində”, fil.ü.e.d. Seyfəddin Rzasoy “Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının aktual problemləri”, fil.ü.e.d. Almaz Həsənqızı “Azərbaycan mühacirət folklorşünaslığı müasir elmimizdə”,”, fil.ü.f.d. Əfzələddin Əsgər “Oğuznamələrdə Bozok-Üçok və türk dövlətçilik düşüncəsində oxun semantikası”, fil.ü.f.d. Elçin Abbasov “Türk dövlətçilik ənənəsində əjdaha və aslan (bars) simvolları”, fil.ü.f.d. Mətanət Abbasova “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Cənubi Azərbaycan folkloru məsələləri”, İlkin Rüstəmzadə “Çağdaş Azərbaycan folklorşünaslığında toplama-tərtib işlərinin vəziyyəti və elmi səviyyəsi”, Sevda Kərimova “Folklor və qanunvericilik” mövzularında məruzələr etmişlər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.