Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.09.2022

Yurd yerinin fəryadı…

Qumru Şəhriyar

AMEA Folklor İnstitutunun
“Türk xalqları folkloru”
şöbəsinin böyük elmi

Yolumuz Cəbrayıla düşmüşdü... İndi nə desəm, nə danışsam, o yaşadığımın, o gördüyümün zərrəsi belə olmayacaq. O dəhşəti ifadə etməkdə sözlər çox acizdir. Orada gördüklərimiz qorxu filmini xatırladırdı. Uşaqlığımızın ən şirin xatirələrinin qol-boyun olub rəqs elədiyi o yerlər sanki qara buludların altında cəhənnəm yuvasına çevrilmişdi.
Böyük Vətən Müharibəsi haqqında çəkilən yüzlərlə filmə baxmışam. Maşın Cəbrayılın küçələri ilə irəlilədikcə, bir-bir kəndləri ötdükcə özümü müharibə filminin dekorasiyası arasında hiss edirdim. Kələsər adlandırdığımız üzümlük ərazi “Əsgər atası” filmini xatırladırdı. Üzüm tənəklərinə vurulan dirəklər əyri-üyrü olsa da, dik durmuşdu.
Stalinqrad döyüşündən sonrakı mənzərəni xatırladan cəhənnəmin içi ilə keçib evimizə üz tutdum. Çox çətinliklə evimizin xarabalığını tapdım. Dünya başıma fırlandı... Sözün əsl mənasında ya mən dönürdüm, ya da dünya fırlanırdı... İnsan xisləti də qəribədir eee, hər tərəf uçub-dağılıb, ətraf xarabalıqdır, amma mənə elə gəlirdi ki, bizim evimiz olduğu kimi durur, içində divan, çarpayı, dolab, mətbəx, ümumiyyətlə, bütün əşyalar yerindədir. Gördüklərim tənimi yandıra-yandıra cismimi dəlib ruhuma od vurdu... Yerlə yeksan olan ata yurdum... baba yurdum... və onların sönmüş ocağı... Heç o ocaqdan kül də qalmamışdı... Pillələrlə yuxarı çıxıb “bura bizim evimizin harasıdır” deyə fəryad qoparırdım. Özümü Erix Mariya Remarkın “Yaşamaq və ölmək zamanı” əsərinin qəhrəmanı kimi hiss edirdim... Müharibədən qayıdıb evini tapa bilməyən əsgər kimi idim... Əzrayılla savaşan, ölümə belə meydan oxuyan bir insanın bu qədər çarəsizliyi dözülməz mənzərədi, məncə... Çox çarəsiz...
Yandırılmış, dağıdılmış, viran olmuş yurdum...
Yağının qoparıb apardığı evimizin daşı-divarı kimi dağıtmağa gücü çatmadığı pilləkənlərdə bir neçə dəqiqə oturdum... Kaş xatirələrin insanı necə yandırdığı gözlə görüneydi. Gözümün qarşısından bacılarımla əl-ələ tutub deyə-gülə həyətin o başından bu başına qaçmağımız kino lenti kimi gedirdi. Hər zaman “gözümün qarşısından kino lenti kimi gedirdi” sözünü hislərin yalnız poetik dillə ifadəsi kimi təsəvvür edirdim. Amma orada bacılarımın qəhqəhə səsləri o qədər canlı idi ki, əlimi irəli uzadıb onların əlindən tutmaq istədim. Burada artıq heç bir poetik ifadə və obrazlı düşüncə yoxdur. Mən sanki zaman kəsiyindən adlayıb uşaqlığımıza getmişdim.
Hər zaman elə düşünürdüm ki, insan yalnız ömründə bir müharibə görə bilər. Niyə belə fərziyə irəli sürürdüm, bu tezis hardan doğmuşdu, anlamıram. Görünür, müharibənin acısını bütün varlığımla hiss etdiyim üçün təxəyyülüm təhtəlşüurda yeni faciələrin baş verə biləcəyini inkar edirdi. Amma xatırlayanda ki, babalarımız SSRİ-Fin Müharibəsi (1939-1940), Böyük Vətən Müharibəsi (1941-1945), SSRİ-Əfqanıstan Müharibəsi (1979-1989), Qarabağ Müharibəsi (1988-bu günə qədər) görüblər, dəhşətə gəlirəm. Biz bir tək Qarabağda gördüklərimizi ürəyimizə sığdıra bilmirik, gör onlar nələr çəkiblər. İlk dəfədir ki, orada gördüklərimin dərdinin məndən böyük olduğunu hiss edirəm... Bu dərd, həqiqətən, məndən böyükdür...
Məni görən hər kəs 30 ildən sonra yurd-yuvamıza getdiyimə görə gözaydınlığı verir... Bütün gördüklərimdən sonra gözüm aydındırmı, bilmirəm... Neçə nəfər insan ocağının tar-mar olmasını gözü ilə görüb sağ-salamat yaşaya bilər, gözləri aydın, özü, könlü şad olar? Maraqlıdır... Amma bir onu bilirəm ki, üzümə Vətən havası dəydiyi üçün rəngim dəyişmişdi...
İndi deyirlər ki, qalan o uçub-sökülmüş, yanıb-yaxılmış evimizin qalıqlarını da dağıdırlar ki, yeni yurd salsınlar. Əslində mən indi deməliyəm ki, Cəbrayılda işıqlı gələcək bizi gözləyir, abadlaşdırma işləri gedir. Yəni proletar, sosializm və komunizm sözlərini çıxaraq bütün işıqlı gələcək, əmin-amanlıq, xalqın rifahı və s. və i. şablon sözlərin hamısını yazmalıyam. Buna məcburam, çünki xalqın ruhu, əzmi və s. yüksək olmalıdır. Amma axı deyə bilmirəm... O işıqlı gələcəkdə nə atam var, nə həyətimizdəki iki yaşlı adamlar – Tamilə nənə ilə Famil baba, nə məhləmizdəki yaşlılar (Vətən deyə-deyə dünyasını dəyişdilər), gənclər (amansız müharibə cavan canlarını aldı), nə başında buxara papağını qoyub düşüncəli və asta addımları ilə dəmir körpüdən keçib enli küçəmizlə evə doğru addımlayan Şəhriyar Quliyev (dəmir körpü və enli küçəmiz də yerli-dibli yoxdur), nə evimizlə üz-üzə yerləşən redaksiya, onun hay-küyü, nə ona bitişik qızlar yataqxanası, nə Qartal, nə Hacı Qaraman, nə Qurban təpəsi... Bəs axı bizim xatirələrimiz də olmayacaq o adab, işıqlı gələcəkdə... O xatirələr evlərimiz kimi yandırılıb külə çevrilib... Kül isə göyə sovrulub...
Heç olmazsa ömründə bircə dəfə də olsa, belə xarabalıqlar arasında var-gəl edən adam inanmıram ki, ömrünün sonuna qədər ürəkdən gülməyi bacara... Çox gec saatlarda evimizdən ayrıldıq. İçimdə qəribə bir hiss var idi... Əlil uşağını evin ortasına qoyub əbədi tərk edən bir ana kimi hiss edirdim özümü... Evimizin arxamca bax o körpə kimi ağladığını duydum... Bütün yol boyu, hətta bu günə qədər evimizin göz yaşları köksümü, bağrımı yandırır...

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.