Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
28.07.2022

Folklorşünas Səfa Qarayevin “Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: Metaforik düşüncə və simvolik məna” kitabı çapdan çıxıb

Dünya folklorşünaslıq elminin prioritet istiqamətlərindən olan sosial-antropoloji yanaşmalar, xüsusən psixoanalitik folklorşünaslıq üzrə çoxsaylı tədqiqatlar müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin növbəti kitabı, “Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: metaforik düşüncə və simvolik məna” monoqrafik tədqiqatı işıq üzü görüb. Kitabda Azərbaycan folklounun metaforik düşüncə və simvolları sistemi dünya elmi təcrübəsinə əsaslanmaqla psixoanalitik metodun və sosial-antropoloji yanaşmaların sistemli tətbiqi əsasında tədqiqata cəlb olunub. Araşdırmada metodun tətbiqi folklorun kollektivlik, ənənəvilik və variantlılıq təbiəti nəzərə alınmaqla həyata keçirilmişdir. Aparılan təhlillər zamanı müəyyənləşdirilmişdir ki, sosial ünsiyyətin tərkib hissəsi olan mərasimlər, dastanlar, nağıllar, lətifələr, inanclar, o cümlədən ayrı-ayrı folklorik obraz, motiv və davranışlar yalnız cəmiyyətin şüuri cəhətdən anlaşılan konseptlərini təcəssüm etdirmirlər. Onlar bəzən cəmiyyətin özünün açıq müzakirəyə çıxarmadığı, kollektivin birbaşa dərk etmədiyi yanaşmaların da simvolik ifadəçisi kimi çıxış edirlər. Kitabda folklor materiallarının simvolik məzmunu ekvivalentlik kontekstində tədqiqata cəlb olunmuş, psixoanalitik folklorşünaslığın müasir nəzəri-metodoloji yanaşmalarının tətbiqi ilə onların qeyri-şüuri məna səviyyələri müəyyənləşdirilmişdir.
Kitabın “Novruzda yaradıcı cinsi davranışların simvolikası: Xızırın gecələr bərəkət paylaması və papaqatmanın psixoanalitik semantikası” adlanan birinci hissəsində Novruz və Xıdır-Elləz bayramında, əsasən oğlanlar tərəfindən axşamlar icra olunan papaqatma, qurşaqsallama kimi folklor faktlarının psixoanalitik semantikası araşdırılmışdır. Müəyyən olunmuşdur ki, ritual əsasında yaradılış semantikası daşıyan Novruzdakı mərasimi elementlətərin qeyri-şüuri səviyyəsini, əsasən, cinsi simvolika təşkil edir. Bu mənada qeyd olunmuşdur ki, Novruz bayramında axşamlar icra olunan papaqatma faktı ilə fallik ata obrazı olan Xızırın gecələr bərəkət paylaması eyni semantik çərçivəni paylaşırlar.
Kitabın “Dastanlardakı buta motivində aşiq və məşuq münasibətlərinin psixosemantikası və infantil prototipi” adlanan ikinci hissəsində epik qəhrəman obrazının psixosemantikası analiz olmuşdur. Müəyyənləşdirilmişdir ki, buta motivi qəhrəmanın infantil təbiəti və ərgənlik dönəminə aid olan iki dramatizmi diqqət mərkəzinə gətirir: Edip kompleksi kontekstində ata ilə dramatizm, sosial normalar kontekstində ailə ilə dramatizm.
Burada sosial reallıq kontekstində şəyirdin ustaddan uzun sürən təlim prosesindən sonra aşıqlıq sənətinə yeyələnməsi ilə məhəbbət dastanlarında qəhrəmanın buta vasitəsi ilə gözlənilmədən aşığa çevrilməsi arasındakı psixosemantik fərq analiz olunmuşdur. Müəyyənləşdirilmişdir ki, sosial reallıqdan fərqli olaraq, məhəbbət dastanlarında aşıqlığın ustad (psixosemantik baxımından “ata”) olmadan reallaşmasının psixosemantik əsasında ata gücünün inkarı dayanır.
Kitabın “Azərbaycan sosiokulturoloji mühitində gülüşün psixosemantikası” adlanan üçüncü hissəsində milli cəmiyyətdə müxtəlif sosial-mədəni münasibətlər çərçivəsində gülüş faktının ifadə etdiyi psixosemantik mahiyyət araşdırılmışdır. Mədəniyyətdə gülüşün yaranma texnologiyalarının, aktuallaşma situasiyalarının, metaforalarının və kollektiv sosial davranış aktı kimi xüsusiyyətlərinin folklorşünaslıq aspektindən araşdırıldığı tədqiqatda belə bir qənaət irəli sürülmüşdür ki, bir çox hallarda müsbət emosiyaları ifadə edən gülüş metaforası bəzən aqressiv münasibətin də ifadəçisinə çevrilir.
“İnfantil psixoloji kompleks və oral aqressiyanın folklora proyeksiyası” adlanan dördüncü hissədə psixoanalitik M.Kleinin, psixoanalitik-antropoloq G.Roheimin, psixoanalitik-folklorşünas A.Dundesin nəzəri yanaşmaları əsasında Azərbaycan folkloruna aid olan obraz, motiv və davranış səviyyələri analiz olunmuşdur. Burada əks olunmuşdur ki, yaradıcılıq faktlarının mənalarının formalaşmasında infantil psixoloji komplekslər mühüm rol oynayır. Folklor faktlarının daha dərin qatdakı məna səviyyələri onları ortaya çıxaran bu psixoloji komplekslərin analizi kontekstində mümkündür. İnfantil psixoloji komplekslər kontekstində problemi analiz edən müəllif bu hissədə Molla Nəsrəddin, Təpəgöz, küpəgirən qarı, hal anası, qurd donlu ana kimi obrazların və “Adamyeyən kiçik bacı”(Aarne-Tompson 315A) süjetinin psixogenezisini müəyyənləşdirmişdir.
Kitabın “İnfantil mövqe, metaforik düşüncə və simvolik məna” adlanan beşinci hissəsində qeyd edilir ki, müəyyən bir yaradıcılıq məhsulunun mənalanma səviyyəsini şərtləndirən müxtəlif yaradıcı mövqeləri vardır. Daha çox qeyri-şüuri məzmunu özündə ehtiva edən folklor faktlarında ən fundamental məna- müəyyənləşdirici rakurs infantil mövqedir. Kitabın bu hissəsində infantil mövqe və psixoloji motivlərin yaradıcılıq faktlarına mənayaradıcı təsir gücü ilə bağlı nəzəri konseptlər əsasında “göy üzündə//dağ başında “süd gölü” fantaziyasının, “dirilik suyu”nun psixogenezisi müəyyənləşdirilmiş, Oğuznamələrdə “yeni nizam” yaradıcılığının və atasoylu mühitdə ana əcdadın psixoanalitik semantikası analiz olunmuşdur.
Kitabın “Psixoanalitik kontekstdə Azərbaycan nağıllarının başlanğıc və sonluq formulları” adlanan sonuncu, altıncı hissəsində ilk baxışdan əsas süjetlə birbaşa bağlı olmayan nağıl formulları ilk fədə olaraq psixoanalitik kontekstdə şərh olunmuşdur. Müəyyənləşdirilmişdir ki, zahirən rabitəsiz təsir bağışlayan ənənəvi formullar nağıl süjeti ilə sabit psixogenetik əlaqədədirlər. Belə ki, nağıl formulları nağıl süjetinin fantastik reallığına qeyri-şüuri və şüuri münasibətin müxtəlif çalarlarının ifadəsi funksiyasını daşıyır.
Əsasən, akademik elmi auditoriya üçün nəzərdə tutulan kitab Azərbaycan folklorunun, o cümlədən xalq mədəniyyətinin yalnız psixoanalitik kontekstdə deyil, geniş mənada sosial-antropoloji aspektdən öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir və bu istiqamətdə dünya elmi təcrübəsinə əsaslanmaqla yeni elmi araşdırma perspektivlərini müəyyənləşdirilməsi potensialını özündə əks etdirir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.