Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.05.2021

Ramazan Qafarlının 70 illik yubileyi qeyd olunacaq

Qafarlı (Qafarov) Ramazan Oruc oğlu 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Atası Qafarov Oruc Hacıkərim oğlu 1901-ci ildə doğulmuşdu, məşhur dabbaq idi. Usta Orucun hazırladığı xüsusi dəri məmulatları bir zamanlar Rusiyanın Ermitaj Muzeyində saxlanılırdı. Lakin o, Sovet rejimində bu qədim peşəni davam etdirə bilməmiş, qolçomaq, xüsusi mülkiyyətçi adı ilə bir neçə dəfə həbs edilmişdi. Usta Oruc İkinci Dünya savaşında yaralanandan sonra uzun müddət xəstə yatmış və 1956-cı ildə vəfat etmişdir. Böyük külfəti dolandırmaq isə Ramazan Qafarlının anası Qafarova Zərifə Məhəmməd qızının üzərinə düşmüşdü.
Ramazan Qafarlı 5-ci sinfə qədər Şəki şəhərində yerləşən 7 saylı orta məktəbdə oxumuş, 1961-ci ildə ailəsi Bakı şəhərinə köçdükdən sonra orta təhsilini 39 saylı məktəbdə başa çatdırmışdır. 1974-cü ildə V.İ.Lenin adına ADPİ-nin filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlanılmışdı. Estoniyada sovet ordusu sıralarında qulluq etmiş, bir müddət seçkili orqanlarda (əvvəl institutun komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışmışdır. 1981-84-cü illərdə Bakı şəhər 204 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi və direktor müavini vəzifələrində işləmişdir.

Ramazan Qafarlı 1984-cü ildə N.Tusi adına ADPİ-nin əyani aspiranturasına daxil olub, 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən bu ali təhsil ocağında çalışmağa başlamış, 2015-ci ilədək baş laborant, problem laboratoriyanın baş elmi işçisi, müdiri, baş müəllim, dosent və professor vəzifələrində fəaliyyət göstərmişdir. 2011-ci ildə “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsinə seçilmiş və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur.
Alim 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq təcrübəsi keçmişdir. A.Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetinin Elmi şurasında onun “Мифологическая картина мира азербайджанского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji dünya modeli”) adlı doktorluq dissertasiyası mövzusu təsdiqlənmişdir. Tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. Lakin ADPU-nun rəhbərliyinin təkidi ilə R.Qafarlı tədqiqatının mövzusunu dəyişməyə məcbur olmuş və 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Ramazan Qafarlı 2015-ci ilin dekabr ayında AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri vəzifəsinə şeçilmişdir.

Ramazan Qafarlı 16 dərs proqramının, 14 monoqrafiyanın, 5 dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat)” (2004), “Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis)” (2004), “Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)” (2011), “Uşaq folklorunun janr sistemi və poetikası” (2014), “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (2015), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (2019) “Azərbaycan qorqudşünasları (məqalələr toplusu)” (2020) kitablarının, 300-dən çox elmi-publisistik məqalənin, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2004) və eləcə də 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2018) yer alan oçerklərin – “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”nın müəllifidir.

Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Almaniyada, Rusiyada (Sankt-Peterburqda) nəşr olunmuşdur. “Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası (2002), “Азербайджанская тюркская мифология 1: основные источники, первоначальные этапы мифологических сознаний, система первобытных воззрений, религия и миф”(2020-ci il, Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı) monoqrafiyaları xaricdə rus dilində işıq üzü görmüşdür. Toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002), “Lütvəli kişidən folklor nümunələri” (2003) kitablarında Molla Cumənin indiyədək elm aləminə bəlli olmayan altı dastanı özünə yer almışdır.
Ramazan Qafarlı səmərəli elmi-pedaqoji fəaliyyətinə görə iki dəfə Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür.
Görkəmli alim neçə illərdir ki, folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta” və s. mövzular üzərində tədqiqat işləri aparır. Onun ssenariləri əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bədii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. Ramazan Qafarlı “Ərən”, “Xəmsə” qəzetlərini, “Qafqaz”, “Xəmsə”, “Dədə Qorqud araşdırmaları” jurnallarını təsis etmişdir. Onun tərtibçisi və redaktoru olduğu “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə-75”, “Akademik Bəkir Nəbiyev-70 və 80”, “Ağayar Şükürov-55” xüsusi buraxılışları dövlət və elm xadimlərimizin həyat salnaməsinə güzgü tutmuşdur. Son illərdə xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edib nəşrə hazırlamış və “Bəxtiyar Vahabzadə əbədiyyat yolunda” (2010) kitabını çap etdirmişdir.
Ramazan Qafarlının monoqrafiya və kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademiklər - B.Nəbiyev, İ.Həbibbəyli, M.İmanov, AMEA-nın müxbir üzvləri – Y.Qarayev, A.Nəbiyev, V.Əliyev və başqaları respublika mətbuatında məqalələrlə çıxış etmişlər.

Ramazan Qafarlı 1990-cı ildə Soçidə keçirilən Gənc tənqidçilərin Ümumittifaq müşavirəsinin, 2000-ci ildə Bakıda “Dədə Qorqud-1300” beynəlxalq elmi simpoziumunun, 2003 və 2004-cü illərdə Sankt-Peterburq şəhərində təşkil olunan IV və V “Реальность этноса” beynəlxalq elmi konfranslarının, Türkiyənin Ankara, İstanbul, Antalya, Qaziantep, Fəthiyyə, İzmir və b. şəhərlərində keçirilən çoxsaylı uluslararası simpoziumların iştirakçısı olmuş, məruzələr etmişdir.
Alim 2003-cü ilin noyabr ayında respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının müxtəlif problemlərini özündə əks etdirən əvvəl www.azmif.net,sonrawww.azmif.net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) domenli portal saytı yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynəlxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur. Hazırda internetdə fəaliyyət göstərən www.mifologiya.az- “Azərbaycan türk mifologiyası, folkloru və klassik ədəbiyyatı” saytının müəllifidir.

2018-21-ci illərdə II və III Ankara, II Dədə Qorqud, I Bəxtiyar Vahabzadə, II və III Novruz, I Qarabağ beynəlxalq elmi konfransların təşkilat şurasına rəhbərlik etmişdir. “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (Bakı, Elm və Təhsil, 2019, 454 səh.), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (Bakı, Elm və Təhsil, 2019, 432 səh.) monoqrafiyaları AMEA Rəyasət Heyətinin qərarı ilə ilin elmi nailiyyətləri sırasına daxil edilmişdir.
Ramazan Qafarlı hazırda Folklor İnstitutunun şöbə müdiri olmaqla yanaşı beynəlxalq indeksli (İndex Copernicus) “Dədə Qorqud” ədəbi-elmi toplusunun baş redaktorudur. Alim eyni zamnda ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi çalışır. Ailəlidir. Dörd övladı var.
AMEA Folklor İnstitutu bu yaxınlarda 70 yaşını qeyd edəcək alimin elmi fəaliyyətinə həsr olunmuş konfrans təşkil etməyi planlaşdırmışdır. Tədbirin vaxtı, yeri və iştirak şərtləri barədə əlavə məlumat veriləcəkdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.