Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
04.02.2021

Səadət Mustafayeva
AMEA Folklor İnstitunun böyük elmi işçisi

Zəngilan bölgəsinin xalq oyun və tamaşaları

Azərbaycan xalq oyunları və tamaşaları müxtəlif bölgələrdə müxtəlif çalarlara malikdir. Oyunlar mənasız boş bir məfhumu ifadə etmir. Hər bir xalq oyunu, xalq tamaşası mütləq ritiala daha çox bağlanır.
Kiçiklərin, eləcə də böyüklərin əyləncə kimi qəbul etdikləri oyunların məğzində sosial, fəlsəfi bir anlayış durur.
Novruz bayramı xalqımızın ta qədimdən bu günə kimi elliklə qeyd etdiyi ən əziz bayramlardan biridir. İndi ulularımızdan bizə yadigar qalan Novruz nidalı hikmətlər, adət-ənənələr, milli oyun və rəqslər ərməğanı, bir sözlə, el sənəti elin özünə qayıtdı. Novruz mərasimlərindəki oyunların içərisində ən maraqlısı və ən doğması, uşaqdan-böyüyə hamının sevdiyi oyunlardan biri də “Kos- kosa” oyunuduR. Novruz deyəndə ilk yaddaşımıza gələn Kosa ilə Keçəlin məzhəkəli oyunlarıdır. Keçəlnən Kosanın obrazı gözümüzdə canlananda hər birimizin üzünə təbəssüm qonur, çünki onların geyim tərzləri, göstərdikləri oyunlar buna əsasdır.
Bayram günlərində Kosa ilə Keçəlin qapı-qapı gəzərək hər bir evdə şadlıq və şənlik əhval-ruhiyyəsi yaratması onların hər kəs tərəfindən, xüsusilə də balaca uşaqlar tərəfindən sevilməsilə nəticələnir. Onlar üzlərinə açılan hər bir qapıda xeyir-duaları ilə, şirin və məzəli zarafatları ilə uzun müddət yaddaşlarda qalır.
Azərbaycan xalq ədəbiyyatından seçmələr kitabında qeyd olunur ki, “ “Kos-kosa” oyununda “Bayram günlərində cavanların və uşaqların ən sevdiyi və çox yayılmış oyunlar biri də “Kos-kosa”dır. Cavanlar bir yerə toplaşırlar. Bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geyindirirlər, üzünü möhkəm-möhkəm unlayır, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir və qapı-qapı gəzdirib, oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu mahnını oxuyurlar:

Ay kos-kosa, gəlsənə,
Gəlib salam versənə.
Çömçəni dolursana,
Kosanı yola salsana.

Mahnı qurtaran kimi kosa “kosa öldü”,- deyib yerə yıxılır. Bu zaman ona aşağıdakı kimi suallar verib, cavab alırlar:
- Kosa, haradan gəlirsən?
- Dərbənddən.
- Nə gətirmisən?
- Alma.
- Almanı neylədin?
- Satdım.
- Pulunu neylədin?
- Öküz aldım.
- Öküzü neylədin?
- Vurdum, öldü.” (1, 209-210)
Əvvəllər bu cür oyun növlərinə xalq arasında təlxəklik, məsxərəbazlıq kimi adlar da verilirdi. Kosanın və keçəlin əyinlərinə geydiyi gülünc paltarla, üzünə taxdıqları maskası, əlində gəzdirdiyi iri, yekə çömçəsi ilə yolboyu hoppanıb-düşüb evbəev gəzərək pay verib, pay alması obraz etibarilə deyilənləri təsdiq edir.
Müəllifin qeyd etdiyi kimi “Kosa-Kosa” törəniş etibarilə ən qədim zamanlarla bağlı olub, XX əsrin ortalarına kimi, yazqabağı şənliklər ərəfəsində uşaq və subay gənclər tərəfindən icra olunan bir mərasimin tamaşasının adıdır. Əsrimizin astanasında bu oyun Novruz şənliklərindəki saya gəzisi və bu kimi mərasim tamaşalarına qovuşub, onlarla eyniləşmişdir. Burada baş surət və əsas tənqid hədəfi artıq qışı təmsil edən Kosa olmuşdur. Onun iştirakçıları onunla birlikdə dəf çala-çala, evbəev, qapı-qapı gəzib əylənmiş, ətrafdakıları yazın gəlişi münasibətilə təbrik etmişlər. Həmin el oyunu 1917-ci ildə Bakıda ilk dəfə teatr səhnəsində oynanılmışdır. Onun digər adları “Koskosa”, “Kosamürd” (yəni, Kosaöldü) və “Kosagəzdirmə”dir. Vaxtilə Bakıda icra olunan Qodu-qodu oyunu da bu adı daşımışdır” (1, 259).
Bütün bölgələrdə olduğu kimi Zəngilanda da bir çox zəki xalq oyunları mövcuddur. Bunlardan gizlənpaç və topaldıqaçı göstərmək olar.
Gizlənpaç oyununda əsas məqsəd beyni işlədib, fikirləşib ona qarşı olan təhlükəni, hədəfi tapmaqdı.
Topaldıqaç oyununda isə dəstələrə bölünən uşaqlar bir-birləri ilə yarışda qalib gəlməkdən ötrü mübarizə aparırlar. İki qütbə bölünən uşaqlar at belində, topu ağacla vurmaqla oyunlarını başa çatdırır.
Yenə də Azərbaycan xalq ədəbiyyatından seçmələr kitabında başqa bir oyun “Zorxanaçılıq” haqqında qeyd olunur ki, “ Uşaqlar iki dəstəyə ayrılırlar. Hər dəstənin bir başçısı olur. Ortaya təxminən 3-4 kiloqram ağırlığında ağac və ya toppuz qoyulur. Püşk düşən dəstənin uşaqları, bir-bir ortaya çıxmalı, bu toppuzların hərəsini bir əlinə götürüb, yavaş-yavaş yüzü sayınca əllərində fıtlatmalıdırlar. Yüzü sayıb qurtarınca, həmin toppuzu fırlada bilməyənlər sıradan çıxarılıb töhmətlənmək üçün hazırlanmış yerdə saxlanırlar. Hər iki dəstənin uşaqları bir-bir sınaqdan keçirilir. Hansı dəstədən çox uşaq toppuzları yüz sayınca hərləyə bilməyibsə, o dəstə məğlub hesab edilir” (1, 201).
Zəngilanda Novruz günlərində icra edilən mərasimlərdən biri də meydan tamaşaları və xalq oyunlarıdı. Bu haqda xeyli məqalə və nəşrlər vardır.
A. Həsənovun “ Diləklərimizin aynası Novruz” adlı məqaləsində yazdığına görə “Novruza həsr olunmuş el nəğmələri” (qoyuna, Bənək adlı itə, çobana, torpağa, əkinçiyə, yelə, atəşə, suya, buğdaya, sünbülə, nehrəyə, çəhrəyə, dəyirmana, çatmaya, yağışa, səhəngə, peyinə, dənə, una və s.) tamaşalar (cıdır, zorxana, qılıncoynatma, kəməndatma, daşqaldırma, gözbağlıca, kəndirbaz oyunları, məsxərə, buğa, dəvə, qoçdöyüşdürmə, kosa-kosa), oyunlar (cırtı-cırtı, mərə, molla, haray, yoldaş, səni kim apardı?, qəzmədaş, mozu-mozu, bənövşə, artırma, dirədöymə, mərəköçdü, laldinməz, topalığac, ağac-ağac,qoz-qoz, motal-motal və s). acıtmalar (Hadı, Tağı, keçəl, qarı və s.) etiqad və mərasimlər (su falı, qapıpusma, bəxt xətti, niyyət tutmaq və s.) onun şən-şux, əyləncəli, yüksək əhval-ruhiyyəli keçməsinə, şadyanalıq məclisinə çevrilməsinə səbəb olur.” (2, 2).
Xalqımızın yaratdığı və biri-birindən oynaq, şux, lətafətli nəğmələr, ayinlər, etiqadlar, adət ənənələr, mərasimlər, tamaşalar nəsillərin yaddaşında yaşayır. Əsrlər, qərinələr aşmış bu adətlərimiz gunümüzə qədər gəlib çatmışdır. Novruz sərhəd bilməyən geniş regionlarda da yayılmışdır. Bizim müqəddəs və təntənəli bayramlarımızdan olan Novruz öz gəlişiylə insanı zəhmətə, əməksevərliyə hünərə, səsləyir.
Zəngilanda çıxan “Kənd həyatı” qəzetinin əməkdaşı Şəfiqə Məmmədova bu el şənliyinin mahiyyətini geniş izah edərək “Novruz nağılı” məqaləsində yazır: “Sərilmiş xalıların üzərinə bolluq rəmzi olan səmənilər düzülmüşdü, sanki yaşıl paltarlı, qırmızı kəmərli “Bahar” adlı bir qız öz rəfiqələri ilə bu məclisə qonaq gəlmişdi. Elə bu vaxt yaz yağışı yağdı. Sanki səma da bu sevincə qoşulmuşdu, nur ələyirdi. Baxmadılar yağışa, tonqal qaladılar, cavan qızlar-oğlanlar “hər dərdimiz, bəlamız buğum-buğum tökülsün, ağırlığım, uğurluğum tökülsün” deyib tonqalın üstündən hoppandılar, pəhlavanlar daş qaldırdılar, güclərini sınadılar, qurşaq tutdular, atlılar cıdıra çıxdılar” (3, 3).
Müəllifin yazısından məlum olur ki, Novruzda ocaq çatılardı, nənələrin plov qazanı ocaq üstə qoyulardı. Aşıq telli sazı sinəsinə basıb şirin-şirin dastan söylərdi. Xurcunlu kosa qız-gəlindən pay gözləyərdi, holavar söylərdi, məclisə şənlik, şuxluq gələrdi. Milli geyimli qızlar “fincan-fincan” xalq oyunu oynardılar, fincan altda gizlədilmiş almanı tapmayanlar rəqs edərdilər, tapmayanlar cərimələnərdilər. Bu adət-ənənələrə yeni bir adət-ənənə toy mərasimi əlavə edildi. At üstündə bəylə yanaşı duvaqlı gəlin gətrirərdilər. Sonra da gəlinin başına şirinlik atılardı, “üzəliksən, havasan” deyib üzərlikdən xonçalar tutulardı, qız-gəlin əlində güzgü durna kimi süzərdi. Qara zurnada ənzəli çalınardı, qaynana oynardı. Ansamblın müşayiəti ilə xor “əylən gəlin” mahnısı oxuyardı.

Ay gəlin, evlər ayrıdır,
Əylən gəlin, əylən gəlin.
Bizim elin adətini
Öyrən gəlin, öyrən gəlin.

Sonra Qarabağ şikəstəsi dalğa-dalğa qulaqlara süzülərək, ürəklərə həzin bir kövrəklik gətirərdi. Belə açıq havada çiskinli yaz yağışının altında keçirilən meydan tamaşaları, yallılar, coşğun rəqslər, rəngarəng oyunlar, xalq mahnıları bayram məclisinin yaraşığı olardı, xoş əhval-ruhiyyəyə şirin bir həzinlik gətirərdi.
Ş. Məmmədova bir tədqiqatçı kimi ardıcıl olaraq Zəngilanda xalq oyunlarını tədqiq etmişdir. Bu, bizim yuxarıda onun fikirlərinə istinadən gətirdiyimiz nümunədən də aydın görünür. Zəngilanda da Azərbaycan folklorunun bu bölgəyə məxsus bu və ya digər janrları haqqında müxtəlif vaxtlarda, müxtəlif tədqiqatçılar araşdırmalar aparmışlar.
Müəllif Zəngilanın “Kənd həyatı” qəzetində “Novruz təntənələri” adlı məqaləsində yazır: “ Üç telli sazını döşünə basmış Dədə Qorqud yadigarı aşıq da gərdiş eliyə-eliyə meydanı dolaşır, özünün illərin yaxasından süzülüb gələn misralarını oxuyur:
Budur, gəldi bahar fəsli,
Açılıbdır lalə, nərgiz.
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala nərgiz.

Meydanın bir küncündə, bir dəstə uşaq xoruz döyüşdürür. O biri küncündə isə, “kişi qırıqları” yumurta döyüşdürür, qatar düzürdülər, hardansa peyda olan kosa əlində yumurta oğlanların içərisinə cumur, öz novruz nəğməsini oxuya-oxuya:
A kosa-kosa gəlsənə,
Gəlib salam versənə,
Torbamı doldursana,
Kosanı yola salsana...” (4, 4).
Novruz mərasimlərindəki oyunların içərisində ən maraqlısı və ən doğması uşaqdan-böyüyə hamının sevdiyi “Kos- kosa” oyunudur. Novruz deyəndə ilk yaddaşımıza gələn Kosa ilə Keçəlin məzhəkəli oyunlarıdır. Keçəlnən Kosanın obrazı gözümüzdə canlananda hər birimizin üzünə təbəssüm qonur, çünki onların geyim tərzləri, göstərdikləri oyunlar buna əsasdır.
Bayram günlərində Kosa ilə Keçəlin qapı-qapı gəzərək hər bir evdə şadlıq və şənlik əhval-ruhiyyəsi yaratması onların hər kəs tərəfindən, xüsusilə də balaca uşaqlar tərəfindən sevilməsilə nəticələnir. Onlar üzlərinə açılan hər bir qapıda xeyir-duaları ilə, şirin və məzəli zarafatları ilə uzun müddət yaddaşlarda qalır. Əvvəllər bu cür oyun növlərinə xalq arasında təlxəklik, məsxərəbazlıq kimi adlar da verilirdi. Kosanın və keçəlin əyinlərinə geydiyi gülünc paltarla, üzünə taxdıqları maskası, əlində gəzdirdiyi iri, yekə çömçəsi ilə yolboyu hoppanıb-düşüb, evbəev gəzərək pay verib, pay alması obraz etibarilə deyilənləri təsdiq edir.
Tədqiqatçılar xalq oyunlaının, bu günkü baxışla daha kamil sayılacaq ilkin örnəklərini ayrı-ayrı mövsüm mərasimlərilə bağlayırlar. Öz köklərinə görə daha arxaik oyun çeşidli ayin və mərasimlərdir.
Özünün zəngiliyi və əlvanlığı etibarilə seçilən xalq oynlarımız və tamaşalarımız bu günə qədər öz zənginliyini qorumaqdadır. Mövsüm mərasimiylə bağlı oyunların bir kamil nümunəsi olan “Kosa oyunu” Novruz bayramı günlərində baharın gəlişi münasibətilə oynanan oyunların bariz nümunəsidir.
Beləliklə, gəldiyimiz qənaət bundan ibarətdir ki, Zəngilanın xalq oyun və tamaşalarının Azərbaycan folkloru xəitəsində özünəməxsus yeri və mövqeyi vardır.

Ədəbiyyat
1. Azərbaycan xalq ədəbiyyatından seçmələr, “Şərq-Qərb” nəşriyyatı, 2005
2. A. Həsənova. “Diləklərimizin aynası Novruz”, Zəngilan “Kənd Həyatı”
3. Ş. Məmmədova. “Novruz nağılı”, Zəngilan “Kənd Həyatı” qəzeti, 1989, 21mart
4. “Novruz təntənələri”, Zəngilan “Kənd Həyatı” qəzeti, 1990, 24mart

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.