Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
22.12.2020

Elnarə Hüseynqızı (Əmirli)
Folklor İnstitutu
“Türk Xalqları Folkloru Şöbəsi”nin böyük elmi işçisi

Sorma Vətən nədən yaxşı?

Şəhərdə yaşasam da, hər il bütün məktəblilər kimi mən də yay tətilimi keçirmək üçün valideynlərimin ata-baba yurduna gedirdim. Axırıncı dəfə 1991-ci ildə getmişdim. Qubadlının çox yüksək bir zirvəsində yerləşirdi cənnət məkanı Göyərabas kəndi. Demək olar ki, uşaqlığımın ən şirin xatirələri ata babamın vətəni Qubadlı qəsəbəsi və ana babamın vətəni Göyərabas kəndində keçib. Qubadlı rayonu coğrafiyasına görə dağlıq və düzənlik ərazilərdən ibarət idi. Rayon mərkəzi və ona yaxın olan kəndlər düzənlik, ara-sıra təpəlik, Zəngəzurun qərbinə doğru camaatın "yuxarı kəndlər" adlandırdığı kəndlər isə dağlıq-məşəlik zolağında yerləşirdi. Adət üzrə, birinci qəsəbəyə gedirdik. Bir neçə gün dədəmgildə (biz ata babamıza dədə deyirdik) qalandan sonra Göyərabasa qalxırdıq. Göyərabasda daimi yaşayan çox az ailə var idi. Qışda orada 3-5 ailə olardı, ya olmazdı... Çox ailə bizim kimi yaydan-yaya gedərdi bu möhtəşəm diyara.
Hər maşının hünəri deyildi ora qalxmaq. Həmin dövrdə ya böyük yük maşınları, ya da “niva”, yaxud “vilis” bu işin öhdəsindən gələ bilirdi. Çox vaxt əmim Bəşirin “vilis”i, əmim Zakirin sürdüyü yük maşını, ya da əmimin dostu Familin qırmızı “niva”sı ilə gedirdik. Bizə lazım olan əşyaları, ərzaqları hazırlayıb kəndə yola düşürdük. Qəsəbədən Göyərabasa təxminən bir saatlıq yol idi. Yol boyu bir-birini əvəz edən gözəlliklərə baxmaqla doymaq olmurdu, ətrafı necə diqqətlə seyr edirdiksə, vaxtın necə keçdiyini hiss etmirdik. Daha çox yük maşını ilə getməyi arzulayırdıq, çünki yük daşınan hissədən təbiətin gözəlliklərini daha yaxşı seyr etmək olurdu. Əsl mənzərə Göyərcik kəndini keçib Kəmərə yoluna çıxanda açılırdı. Göyərabas dörd tərəfdən dağlıq-meşəliklə əhatə olunmuşdu. Kəndə gedən iki yoldan biri Kəmərədən keçirdi. Digər yol bir az uzun olub Əzgillikdən keçən Xallava yolu idi, bildiyim qədərilə az istifadə olunurdu. Kəmərə sıldırım dağın döşündəki yola deyirdik. Sanki dağın belində kəmər idi bu yol... Çox güman ki, adı da bununla bağlı idi. Anam Həşimova Münəvvərin dediyinə görə, bu yol çəkiləndə o uşaq olub. Anamın atası Mir Ələkbər babanın da bu işdə böyük əziyyəti olub. Xüsusi texniki vasitələrlə, partlayıcı qurğularla dağın orta hissəsi oyulub, dağın döşündən kəndə doğru yol çəkilib.
Kəmərənin kənd camaatının həyatında xüsusi rolu var idi. Kəndə çox az maşın gəldiyi üçün hamının gözü Kəmərədə qalırdı. Kəndin ortasında bir taxta oturacaq var idi. Axşamtərəfi kənd camaatı bura yığışıb söhbət edərdi. Xüsusən də maşın səsi gələndə. Kənddə əhali az olduğuna görə sakitlik olardı, ətrafa hay-küysüz, səssizlik dolu, ancaq təbiətin, quşların səsi yayılar, əsəblərə sakitlik, rahatlıq gətirən bir hüzur çökərdi. Bu sakitlik fonunda maşın səsi aydın eşidilər, hamı kəndin ortasına gəlib gözünü Kəmərəyə dikər, maşının kimə məxsus olduğunu müəyyən etməyə çalışardı. Hərə bir fikir irəli sürərdi. Ta ki həmin maşın kəndin ortasına çatana kimi...
Kənddə nə dükan var idi, nə bazar... Alış-verişə ətraf kəndlərə gedirdi camaat. Bazara isə ehtiyac yox idi. Hər kəs öz ehtiyacını halal zəhməti hesabına təmin edirdi. Təxminən 10-15 ev var idi kənddə. Onların bəziləri baxımsızlıqdan uçub tökülmüşdü. Kənddəki evlər arasında Səlim dayının evi öz səliqə-sahmanı ilə seçilirdi. O, həyətində xüsusi bir üslub yaratmış, ağac kötüklərindən müxtəlif əşyalar düzəltmişdi. Səlim dayının əl işləri – özünəməxsus dəsti-xətti təbiətin gözəlliklərinə gözəllik qatmışdı.
Uşaq olmağıma baxmayaraq Göyərəbasın gözəlliyinə sözün əsl mənasında aşiq olmuşdum. Bu gözəllikləri çəkmək üçün hər dəfə kəndə gələndə özümlə rəngli qələmlər, boya, kağız və s. gətirərdim. Kənd bütünlüklə gözəllik qaynayırdı. Mir Ələkbər babanın yamac həyətində oturub fikirləşirdim, qərar verə bilmirdim ki, Əzgilliyi çəkim, yoxsa Xamı, Biçənəyi çəkim yoxsa Xırmanı, Əprəmi çəkim, yoxsa Yonca bulağı? Qərar verə bilmirdim. Hər biri ayrı bir möcüzə idi həqiqətən. Xamdakı xına daşları, Yonca, Almalıq, Alxaşlar, Vənlik bulaqlarının əl donduran buz suları, Biçənəyin, Bərəherin boyürtkəni bir gün belə ağlımdan çıxmayıb. “Alpaşa yeri”ndən Qubadlının geniş mənzərəsi açılardı. Bu ecazkar gözəlliklər içində diqqətimi çəkən bir yer var idi. Məhəmmədəli dayıgilin evinin altındakı yer. Kənd camaatı ora Batıq deyirdi. Uşaq olduğum üçün toponimlərin mənası məni maraqlandırmırdı. Tez-tez kəndin ortasındakı oturacaqda oturub ancaq ecazkar mənzərəyə tamaşa edirdim, o gözəlliyə dönə-dönə heyran olurdum....
Göyərabasda ev az olduğu üçün aran kəndlərindən gəlib burda yaylamaq istəyən ailələr özləri ilə çadır gətirib alaçıq qururdular.... Alaçığın qurulması da ayrı bir aləm idi...
Hər il yay fəslinin təxminən iki ayını Göyərabasda keçirərdik. Meşəyə gedib fındıq, zoğal, böyürtkən yığardıq, uşaqlarla oyunlar oynayardıq. Kənddə televizor ancaq Səlim dayımgildə var idi. Heç televizora ehtiyac da olmurdu. O gözəllikləri qoyub kim idi televizora baxan?... Əprəmin fındığı, zoğalı, əzgili, armudu, alması, küncütü, al-əlvan gülləri, ağcaqayın, vələs, palıd ağacları, Əzgilliyin xıncılavızı (soğanabənzər bitkiydi, mədə xəstəliklərində istifadə olunurdu), məröcəsi (qulançır bitkisi), dağkeşnişi, gicitkəni, quşəppəyisi, qırxbuğumu, səvzisi min bir dərdin dərmanı idi. Gecələr vəhşi heyvanların, səhərlər quşların səsi, sərin nəmli havası, yarpaqların üstünə düşən şeh insanı sanki sehirli bir aləmə aparırdı. O günlər üçün çox darıxmışam.... Göyərabasa gedəcəyim günü səbirsizliklə gözləyirəm. Dükanı, televizoru olmayan, hüzur, saf sevgi dolu, bütün pisliklərdən uzaq olan kəndimizə gedəcəyim günü... Bir bayatı keçdi ağlımdan:
Əzizim Vətən yaxşı...
...Ölməyə Vətən yaxşı.
Yaxud Xudayarın dediyi kimi, sorma Vətən nədən yaxşıdı... Sorma! Çünki nədən yaxşı olduğunu deyə bilməyəcəm. Onu ifadə etməyə sözlər acizdir... Amma dəqiq bilirəm ki, Vətən yaxşıdı. Vətən olduğu üçün yaxşıdı. Sadəcə yaxşıdı...

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.