Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
11.12.2020

Xəzangül Məmmədova

AMEA Folklor İnstitutu
“Mərasim folkloru” şöbəsinin elmi işçisi
email: [email protected]

Qarabağda xalq tamaşaları

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda, eləcə də Qarabağda şifahi xalq ədəbiyyatının tarixi çox qədimdir. Məlumdur ki, şifahi ədəbiyyat yazılı ədəbiyyatdan da çoxçox əvvəllər dilin təşəkkülü dövrü yaranmışdır. Odur ki, burada şifahi danışıq dili, ifadə vasitələrinin geniş yer tutması da təbiidir. Şifahi ədəbiyyat xalqın həyatını, onun müqəddaratı baxımından əhəmiyyətli tarixi hadisələri əks etdirir. Burada real varlığın inikası ilə bərabər, bədii uydurma, xəyal, fantaziya da böyük rol oynayır. Xalq kütlələrinin həyatında elə bir mühüm, əhəmiyətli hadisə olmamışdır ki, o şifahi yaradıcılıqda bu və ya digər şəkildə öz bədii inikasını tapmamış olsun. (1, 26)
Məlum olduğu kimi, hər bir xalqın folkloru özünəməxsus milli forma və yaradıcılıq xüsusiyyətlərinə malikdir. Azərbaycan şifahi xalq yaradıcılığında da xalqımızın özünəməxsus xüsusiyyətləri, milli adətənənələri, həyat və məişəti, xarakteri ifadə olunmuş, qəhrəmanlıq, humanizm, başqa xalqlara hörmət, düşmənlərə nifrət və s. kimi gözəl keyfiyyətləri öz əksini tapmışdır. Azərbaycan folklorunun bütün janrlarında xalqın gələcəyə, xoşbəxt həyata, qələbəyə böyük inamı, ədalətin zülm, yaxşılığın isə pislik üzərində qələbəsinə böyük inamı təsvir edilir. Folklorun belə janrlarından biri də xalq tamaşalarıdır.
Xalq tamaşaları şifahi xalq ədəbiyyatının qədim janrlarından biridir. Bu nümunələr insanların əylənməsinə xidmət edən qədim folklor nümunələrindəndir. Xalq tamaşaları tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdikcə təkmilləşmişdir. Xalq tamaşaları bir janr kimi formalaşana qədər folklorun başqa növləri daxilində, xüsusilə epik növün ayrıayrı janrlarında yaranmağa başlamışdır. Belə ki, peşəkar nağılçılar, aşıqlar, körpələrinə nağıl danışan analar və nənələr nağıldakı hadisələrin gedişindən asılı olaraq mimikadan, jestlərdən, əlqol hərəkətlərindən də geniş istifadə etmişlər. Deməli, nağıllar, dastanlar, aşıq sənəti və mərasimlər xalq tamaşalarının yaranması və kamilləşməsi üçün ilkin mərhələ olmuşdur.
Xalq tamaşaları xalqın qədim adət və ənənələri ,mərasim və ayinləri əsasında yaranmış və bayramlarda, el şənliklərində icra edilmişdir. Onlara bəzən xalq dramları və xalq oyun tamaşaları da deyilir.Qarabağda ən qədim xalq oyun tamaşalarından biri “Kilimarası”dır. “KosaKosa”, “Qoduqodu”, “İki qardaş”, “Xəsis”, “Keçəl” oyuntamaşaları (2; 4) da Qarabağda vaxtilə oynanılan xalq tamaşalarındandır. Xalq tamaşalarında bəzən nəzm hissələri də olur. Ailəməişət mövzusunda olan xalq oyun – tamaşaları vardır.
Xalqın gündəlik həyatı ilə bağlı olan müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşmiş, bəzən ibtidai, bəzən də kamil süjetli tamaşalar kimi xalqın bədii yaradıcılığına daxil olmuşdur. Xalq tamaşaları xalq mərasimləri, xalq ayinləri və xalq oyunları içərisində yaranmış və yayılmışdır. Xalqın məişəti, güngüzəranı ilə bağlı olan mərasimlərin keçirilməsində bütün xalq iştirak etmişdir. Bu mərasimlərin bir çoxu ayrıayrı adamların səyi nəticəsində təkmilləşmiş, sonradan əsl xalq tamaşaları səviyyəsinə yüksəlmişdir. Buna misal olaraq, “Kosa gəlin”, “Kosa oyunu” və ya “KosaKosa” tamaşalarını göstərmək olar. (3)
“Kosakosa” tamaşası Qarabağda geniş yayılmış belə tamaşalarından biri olub, ilin axır çərşənbə günündə oynanılardı. Bu tamaşada Kosa, onun köməkçisi olan ikinci bir Kosa və Keçi iştirak edirdi. Çox zaman isə həmin köməkçi olan ikinci Kosanın əvəzinə səhnəyə Yalançı pəhləvan çıxırdı. Yalançı pəhləvan isə indi sirklərdə çıxış edən təlxəyiklounu xatırladırdı. Kosa geyinib tamaşaya hazırlaşır: üzünə maska taxır, başına şiş papaq qoyur, geydiyi uzun ləbbadənin altına yoğun qurşaq sarıyır, zınqırovlar asır, çömçə götürür. Onun üzünə taxdığı maskada isə kosalıq əlamətləri özünü aydın göstərir.
Köməkçi Kosa tamaşanı başlayıb:
A kosa, kosa gəlsənə,
Gəlib salam versənə,
deyə baş Kosanı oyuna dəvət edir. Sonra isə əlavə edir:
Boşqabı doldursana,
Kosanı yola salsana.
Kosa çıxan kimi camaat onun xarici görünüşünə, zınqırovların səsinə gülür, Kosa üstbaşını göstərir, qarnına əl vuraraq deyir:
Yediyim yarma aşı, yarısı sudu,
Geydiyim yeddi qat paltar, təzəsi budu.
Sonra o, dövrə vurmuş camaata müraciətlə kömək istəyir. Ancaq heç kim ona heç nə vermir. Kənarda dayanmış cənclər dəstəsi oxuyur:
Kosam bir oyun eylər,
Qurbanın qoyun eylər.
Yığar Şabran düyüsün,
Mahmudun toyun eylər.
Kosa əvvəlki hərəkətlərini davam etdirir, camaata əl uzadaraq hərlənir. Camaat isə oxuyardı:
Ay uyruğu uyruğu,
Əritmişəm quyruğu.
Saqqalı it quyruğu,
Bığları yovşan Kosa.
Köməkçi vəziyyəti belə gördükdə Kosanı öz arxasında gizlədər və camaatı sakit etmək üçün deyərdi:
Kosam mənim qanlıdı,
Qolları mərcanlıdır.
Kosama əl vurmayın
Yazıq iki canlıdır.
Camaat sakitləşərdi. Bundan sonra Kosa ilə köməkçi arasında belə bir səhnəcik göstərilərdi: Kosa ağlayardı,köməkçi onun nə üçün ağladığının səbəbini soruşardı.Kosa uzun səfərə gedəcəyini,lakin bunun üçün pulu və yeməyi olmadığını, camaatın isə ona yardım etmək istəmədiyini söyləyərdi. Onlar fikirləşib bir yol tapardılar. Köməkçi:
Mən yol tapmışam.
Nə yol?
Gedim keçini gətirim,o alar.
Kosa da razılaşardı. Köməkçi keçi cildinə girmiş bir nəfəri tutub məclisə gətirərdi. Bu keçinin uzun saqqalı hamının nəzərini cəlb edərdi. Kosa onun saqqalından tutub soruşardı:
Keçi baba mən gələndə sənin bu boyda saqqalın yox idi,bunu haradan almısan?
Keçi gülməli səslər çıxaraq,cavab verərdi.
Hara getmişdim,orada uzatmışam.
Yenə də bir sıra gülməli hərəkətlərdən sonra Kosa uzun səfərə gedəcəyini söyləyir və ona xərc toplamağı keçidən xahiş edir. Keçi ağzına balaca bir çubuq alır, bəyirəbəyirə adamlara yaxınlaşır və hərənin əlinin üstünə bir dəfə vurur. Hərə bacardığı qədər pul və pay verirdi. Keçi yığdığı şeylərin hamısını Kosaya verərdi. Kosa bunları köməkçisi ilə bölüşərdi. Keçiyə heç nə verməzdilər.İndi də Keçi ağlamağa başlardı, uşaqlarının ac və çılpaq olduğunu söyləyərdi. Bu tərəfdən də məclisə mələyəmələyə iki keçi balası gələrdi. Onlar doğrudan da, çox yoxsul bir geyimdə olardılar. Keçinin balaları və özü Kosaya yalvarardılar. Kosa onlara heç nə verməzdi. Keçi balalarını evə göndərib təzədən camaatdan pay toplayardı. Kosa bunları da onun əlindən alardı... Nəhayət, Kosa ilə keçi dalaşardı. Kosa keçini məclisdən çıxarıb qovardı... Kosa səfərqabağı dincəlmək üçün ağacın altında uzanıb yatardı,köməkçisi isə ya gəzməyə gedər,ya da başqa işlə məşğul olardı.Onun bu hərəkətləri gülüş doğurardı...
Keçi köməkçinin başının qarışıq olmasından istifadə edərək Kosaya yaxınlaşar və qəflətən onu vurub öldürərdi. Camaat Kosanın ölümünü , keçinin intiqamını alqışlayardı. Keçi yenə köməkçiyə görünmədən çıxıb gedərdi. Bundan sonra köməkçi Kosaya yaxınlaşar, onu oyatmağa çalışardı... Köməkçinin ölmüş Kosanı oyatmaq istəməsi olduqca gülməli olardı. Axırda onun öldüyünü müəyyən edib :
Arşın uzun, bez qısa,
Kəfənsiz öldü Kosa,
deyə onun üstünə yıxılıb ağlayardı... Onun ağlamağı şən gülüş doğurardı. Bundan sonra məclisə qələbə çalmış keçi və onun balaları daxil olardı. Onlar da nəğmə oxuyardılar:
Novruznovruz bahara,
Güllərgüllər nahara.
Bağçanızda gül olsun,
Gül olsun, bülbül olsun.
Bundan sonra oyunda iştirak edənlər xorla camaata müraciət edirdilər:
Həcələr, hücələr,
Gəldi əziz gecələr.
Bu nəğmələrlə evlərdən pay yığar,sonra böyük bir şənlik düzəldər ,yığılan şeyləri birlikdə yeyərdilər.(5 , 9698)
Göründüyü kimi ,burada qarşıqarşıya qoyulan iki surət vardır: birisi Kosa, o birisi isə keçidir. Kosa qışın ,keçi isə yazın, yaşıllığın, həyatın, baharın rəmzidir. Xalq keçini alqışlayır, ona rəğbət bəsləyir. Kosanın çılpaq, tüksüz olması qışda təbiətin öz yaşıl paltarını soyunması ilə üzvi surətdə bağlıdır.
Maraqlıdır ki, Novruz bayramından sonra da qışın keçi üzərinə hücümu,onu məğlub etmək, balalarını acsusuz qoymaq arzusu davam edir. Lakin qış əvvəlki kimi açıqaçığına, hücüma keçə bilmir, o, xəyanətə əl atır. Belə ki, Novruzdan on beş, iyirmi gün sonra xalq arasında “qarının borcu” adlanan soyuq və çovğunlu gündən danışılır. Bu, qışın sonuncu hücümudur... Guya qış baharı aldadır, ondan üç gün borc alır ki, keçinin balalarını öldürsün. Qışın məğlub olması, onu baharın əvəz etməsi keçini sevindirir. Keçi balalarını açıq havaya çıxarır. İlıq bahar günəşi keçi balalarını sevindirir. Hətta qarı : “Mart, gözünə barmağım, yaza çıxdı oğlağım” deyir. Bu zaman qış borc aldıgı üç günü “işə salır”, tufan qoparır. Keşinin balalarının bir neçəsi çovğuna düşüb ölür. Məhz buna görə də, xalq arasında “qarının borcu” ifadəsi yaranmışdır. (6, 88)
Görkəmli aktyor Hüseynqulu Sarabski də öz xatirələrində “Kosakosa”oyunu haqqında yazırdı: “Kosakosa”oyunu qədim bir oyun idi. Bir nəfər zirək uşağa kürkü tərsinə geyindirib,bir parça çitdən üzünə maska taxar və kəllə qənd kağızından başına şiş papaq qoyar,ayaqlarına uzun ağac və boynuna da zınqırov salıb məhlə uşaqları evbəev gəzdirib oynadardılar.Kosanı oynadarkən mahnılar da oxudardılar”(7 ,26). Müəllif yuxarıda misal çəkdiyimiz mahnılardan birini də burada misal gətirir.Göründüyü kimi, H.Sarabski əsl mənada teatr tamaşasını deyil,ötərgi şəkildə,uşaqların dar çərçivədə düzəltdiyi oyunu təsvir edir. Buna baxmayaraq H.Sarabskinin bu qeydi “Kosakosa”oyunun,hətta Bakının özündə də təşkil edildiyini sübüt etməkdədir. Ə.Haqverdiyev qədim azərbaycanlıların təşkil etdiyi tamaşalarını yunanların “Dionis”i ilə əlaqədar mərasim tamaşaları ilə müqayisə etmiş və müəyyən oxşarlıqlar tapmışdır.( 8, 389)
Göründüyü kimi, bu tamaşada əsas qəhrəmanlar Kosa və Keçi idi. Kosa – qışın, Keçi – isə yazın rəmzi idi. Tamaşanın sonunda Kosa – qış məğlub olur, Keçi – yaz isə qələbə çalırdı, bu da xalqın alqışına səbəb olurdu. Lakin zaman keçdikcə bu tamaşalardakı mərasim ünsürləri sönükləşmiş, onların real mənaları, insanların məişəti ilə bağlı olan tərəfləri isə inkişaf edərək təkmilləşmişdir. Məhz bu proseslərdən sonra həmin tamaşalardan yaranan, xalqın məişətini, əkinbiçinini, real həyatdakı davranışlarını əks etdirən daha müasir, öz dövrü üçün daha aktual olan xalq tamaşaları yaranmağa başlamışdır. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” və s. bu qəbildən olan xalq tamaşalarıdır.
“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşası da Qarabağda, əsasən, bayram günlərində, xüsusilə Xıdır Nəbi, axır çərşənbə və Novruz bayramında keçirilən şənliklər zamanı ifa edilir. Tamaşada iki qardaş, bir mülkədar və iki öküz iştirak edir. Sazandalar köməkçi rollarda olardı.
Tamaşaya başlamazdan əvvəl məclisi idarə etmək üçün, bir nəfər bəy (toybaşı) seçilir. Bəy məclisdə asayiş yaradır və özünə bir neçə köməkçi götürür. Köməkçilər bəyin əmri ilə, böyük bir meydança düzəldirlər. Meydançaya bir cüt qoyurlar. Bəzəməkdə məharəti olan xüsusi adam iki nəfəri geyindirir, üzlərinə un sürtür və qarınlarının üstündən, paltarlarının altından bir qalın yastıq qoyub üstdən örkən ilə bağlayır. Onların paltarlarından nal, çömçə və s. asır, başlarına isə balqabaq, yaxud keçədən tikilmiş papaq qoyurlar. Adamları elə geyindirirlər ki, baxan kəs istəristəməz gülməyə başlayır. Bundan əlavə, başqa iki nəfəri elə geyindirirlər ki, öküzə oxşayır. Paltardan və ağacdan öküz müqəvvası düzəldib ortaya salırlar.
Əsas ideyası əməyə, zəhmətə hörmət, ehtiram olan bu xalq tamaşasında başlıca sürətlər əməksevər, zəhmətkeş Böyük qardaş və tənbəl, işləməyi sevməyən Xırda qardaşdır. Tamaşa məhz Böyük qardaşla Xırda qardaşın mükaliməsi əsasında qurulmuşdur. Böyük qardaş tamaşa boyu nə qədər çalışıbəlləşsə də, Xırda qardaşı əməyə, zəhmətə alışdıra bilmir. Xırda qardaş işləmir, əssassız yalanlar və bəhanələr gətirərək aradan çıxır. Bütün işlər Böyük qardaşın üzərinə düşür.
Tamaşanın sonunda Böyük qardaş geyinibkeçinmiş halda, yaxşı əhvaliruhiyyədə ortaya çıxır. Xırda qardaş isə cırcındır içində və miskin görkəmdədir. Xırda qardaş işləməyib tənbəllik etdiyindən indi dilənçi olmuşdur. O, hər kəsə əl açırsa, heç kəs ona kömək etmir, onu müxtəlif sözlərlə rədd edirlər.
Axırda Xırda qardaş Böyük qardaşa yaxınlaşır. Böyük qardaş isə: – “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, – deyib kürəyini ona tərəf döndərir və təsbeh çevirəçevirə gedir.(9, 205208)
Azərbaycan xalq tamaşalarında satira və yumor üstünlük təşkil edirdi. Belə tamaşalarda komik vəziyyətlərə daha çox yer verilirdi. Bu isə ondan irəli gəlirdi ki, xalq cəmiyyətdə olan eybəcərlikləri və nöqsanları gülüş vasitəsilə islah etmək istəyirdi. Bütün bunlar isə xalq tamaşalarını tamaşaçılara sevdirən və onun uzunömürlü olmasını təmin edən əsas şərtlərdən idi.
Xalq tamaşalarının yaranmasında xalq oyunları və mərasimləri böyük rol oynamışdır. Məsələn, Novruz bayramı ərəfəsində “Qoduqodu” oyunu, “Fincanfincan” oyunu və s. oyular göstərilirdi ki, bu oyunların da zaman keçdikcə Xalq tamaşalarına təsiri böyük olmuşdur. Toy, yas, bayram, elçilik, nişan mərasimlərində xalq tamaşalarının xüsusiyyətləri özünü göstərməkdədir. Keçmişdə toy və bayram şənliklərində "Xan oyunu" tamaşası göstərilmişdir. Ailəməişət mövzusunda da xalq tamaşaları vardır: “İki qardaş”, “Keçəl”, “Xəsis” oyun tamaşaları xalq nağılları əsasında yaranmışdır.
Bəzən, xalq tamaşaları, adətən, nəsrlə və nəzmin növbələşməsi ilə yaranır. Məsələn, “Qoduqodu” oyuntamaşasında kənd cavanları üzərinə qırmızı şilə çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapıqapı gəzər və müəyyən nəğmələr oxuyardılar. “Koskosa” xalq tamaşası da bu tip tamaşalardan olub, Qarabağda Novruz bayramı günlərində ifa edilərdi. Tamaşanın quruluşu və məzmunu belədir: Cavanlar yoldaşlarından birini kosa şəklində bəzəyirlər. Üzünə maska taxır, əyninə cındır paltar geydirir, belinə kəndir bağlayırlar. Kəndirin bir ucu başçının əlində olur. Kosanın üstbaşına zınqırov düzürlər. Qapıqapı gəzdirib oynadırlar, şey yığırlar. Cavanlardan biri qaval çalaçala oxuyur:
Qorxmayın, kosa gəldi,
Əlində hasa gəldi.
Kosa gedər Mərəndə,
Tamaşadan gələndə.
Kosam min oyun eylər,
Quzunu qoyun eylər.
Yığar talış düyüsün,
Mahmudun toyun eylər və s.
Sözlər qurtarandan sonra kosa daha tullanıb oyun çıxarmır və başçının əmri ilə “koskosa” dedikdə yerə yıxılıb küsür. Daha sonra başçı üzünü kosaya tutub ona suallar verir və cavab alır:
– Kosa, nə istəyirsən?
– Pissi (pul).
– Daha nə istəyirsən?
– Qaqqa.
– Daha nə istəyirsən?
– Billə (şirni).
Pul, şirni, yumurta və s. alıb, ev sahibinə dua eləyib gedirlər. Bəzi rayonlarda şeyləri bölüşür, bəzilərində isə yemək düzəldib şənlik keçirirlər.(9, 211212)
Bu tamaşalarının tarixi, onunu formalaşması orta əsrlərdən də çox əvvəllərə gedib çıxır. Xalq həyatının ayrıayrı cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən “Kilimarası” və “Maral oyunu” kimi əxlaqitərbiyəvi xalq tamaşaları Azərbaycan kukla tamaşalarının ilk nümunələri sayıla bilər. Yüksək humanist duyğular, şərin cəzalandırılması, ailənin, yaxın insanların qorunması, onlara həmişə dayaq durulması və sair bu kimi müsbət keyfiyyətlərin aşılandığı bu tamaşalar insanlarda daim böyük maraq oyatmışdır.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Üç əsrin 130 ili” kitabında bu mövzu ilə bağlı maraqlı fikirlər yer alıb. Müəllif qeyd edir ki, Azərbaycanda lap qədimlərdən xalq mərasimləri, el şənliklərində çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud olub. “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosakosa”, “Qaravəlli” və s. bu kimi xalq tamaşaları milli xalq teatrımızın inkişaf mərhələlərini təşkil edib. Bu tamaşaların zəminində xalq dramları yaranıb: “Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyirin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib.
Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub. Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl pəhləvan” kimi məşhur oyunları var . İlham Rəhimlinin adıçəkilən kitabında kukla oyunları kilimarası, kukla və kölgə oyunu olmaqla üç tipə bölünür. “Kilimarası” tipli kukla oyuntamaşalarının eyni kökdən olan bir neçə forması var. Bunlardan ən geniş yayılanı “Bəbək” oyunudur. Bu oyun, əsasən, kilim arasında göstərilib. Məşhur tamaşası "Keçəl pəhləvan"dır. El arasında "Keçəl pəlvan" deyimi də var.
Azərbaycan milli xalq tamaşalarında, başqa sözlə desək, meydan tamaşalarında müxtəlif maskalardan istifadə edilib. Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına “rejissoruna” şəbihgərdan deyilib. “Açıq havada oynanılan, eloba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi "meydan tamaşaları" da deyilir. Meydanxalq tamaşaları xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur.
Meydanxalq tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar:
1.Mərasim və əsatir şənlik oyuntamaşaları;
2.Kütləvi həyat və məişət etnomədəni oyuntamaşaları;
3.Əyləncəli səhnə oyunları;
4.Mistik xarakterli şəbih tamaşaları.
Azərbaycanda mərasim tamaşalarını ümumiləşdirib iki qismə bölmək olar: 1.mövsümi tamaşalar.
2.mərasimlər və məişət mərasimləri tamaşaları.
Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elinelatın yaylağa çıxması, qoyun qırxını ilə əlaqəlidir. Məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı çağırmaq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfihal oyunları aiddir.” (10, 9),(11, 1415)
M.Qorki uşaqlığında eşitdiyi folklor nümunələri haqqında məlumat verir. O, danışılan, söylənilən nəğmələrdən bir çoxunun yaddaşında möhkəm qalmasının səbəbini onda görürdü ki, «nənəm onu oxuduqda gülünc bir surətdə qulağını yerə döyər, tağalaqları məharətlə taqqıldadardı». (12, 14)
Xalq tamaşalarının, xalq teatrının Yunanıstanla bağlanması ilə əlaqəli elm aləmində ziddiyyətli, mübahisə doğuran fikirlər var. Xalq teatrının, dram sənətinin yaranması tarixini araşdıran Cüzeppe Metsini yunan mifologiyasının da bütünlüklə Şərq mənşəli olduğunu söyləmişdir. Teatrın inkişafında xalqların bir – birinə təsiri olsa da, hər xalqın özünəməxsus yaradıcılıq ənənəsinin olduğu inkaredilməzdir. O, «Şəbi oyunu» adlı teatra oxşayan, camaat arasında göstərilən tamaşanın qısa məzmununu əsərlərində verir. Tamaşanın qısa məzmunu belədir: “Tamaşada iştirak edənlər tənbəl Şəbi və onun atasından ibarət idi. Şəbi işləmək istəmir, atası onu danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib zəhmətə qatlansın. Şəbi isə evdə oturmaq üçün min cür bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur. Bu tamaşa çox qısadır, cəmisi 1015 dəqiqə çəkir. Nəsihət etməkdən cana gələn ata oğlunu küçə sözləri ilə söyərək döyməyə başlayır. Şəbi bağıra – bağıra yıxılaraq bir çox ədəbsiz hərəkətlər edir, camaat heyran qalır, tamaşa qurtarır”.(10;17)
Bu tamaşa xalqımızın yaratdığı “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasına oxşayır. Eyni zamanda, burada Anarın “Qaravəlli”sinin ideya – məzmunu ilə səsləşən motivlər çoxdur. Bu tamaşada insanı əməyə, zəhmətə alışdırmaq meyli güclüdür. Baxmayaraq ki, bu tamaşadasatira, yumor, məzhəkə və gülüş üstünlük təşkil edir.
Azərbaycanda xalq tamaşalarının kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən “Kosakosa” oyunu əsl xalq tamaşası örnəyidir. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xanxan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozanaşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də xalq tamaşalarının ünsürləri güclü olmuşdur.
Xalq tamaşalarının öyrənilməsi və onların millimənəvi dəyərlər sistemindəki rolunun tədqiqi isə həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrıayrı quruluşların ictimaisiyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimaisiyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvibədii dəyərlərinə öz möhürünü vurmuşdur. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, müxtəlif istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir folklorşünaslıq, eyni zamanda sənətşünaslıq elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır.

Ə D Ə B İ Y Y A T
1. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə: X cild. Bakı: 1987.
2. Ə. Sultanlı. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964.
3.Novruz bayramı ensklopediyası. Bakı: ŞərqQərb 2008.
4.Azərbaycan etnoqrafiyası. Üç cilddə, III cild. Bakı: ŞərqQərb, 2007.
5. V. Vəliyev. Azərbaycan folkloru.Bakı: Maarif, 1985.
6. P. Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981.
7. H. Sarabski. Köhnə Bakı. Bakı: 1958.
8. Ə. Haqverdiyev. Azərbaycanda teatr. Seçilmiş əsərləri, 2 cilddə, II cild. Bakı: 1957.
9. Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyunlar və xalq tamaşaları. /Tərtib edənləri H.İsmayılov, T.Orucov. Bakı: ŞərqQərb, 2005.
10. İ. Rəhimli. Azərbaycan teatr tarixi. Bakı: Çaşıoğlu, 2005.
11. İ. Rəhimli. Xalq oyun tamaşaları. Bakı: “QappPoliqraf”, 2002.
12. M.Qorki. Ədəbiyyat haqqında. Bakı: 1950.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.