Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
08.12.2020

Səadət Mustafayeva
AMEA Folklor İnstitutunun böyük elmi işçisi

Zəngilan folklor mühitində bayatılar

Xülasə
Azərbaycan folkloru coğrafiyasını bir xalçaya bənzətsək onun ən əlvan naxışı bəlkə də Zəngilan olar. Çünki bu bölgə başdan-ayağa ənənəvi mədəniyyət ocaqları ilə zəngindir. Digər zəngin folklor mühitləri kimi Zəngilan folklorunda da bayatı janrı aparıcı mövqeyə malikdır.
Açar sözlər: Zəngilan, bayatılar, folklor, Sarı Aşıq

BAYATIS (QUATRAINS) IN ZANGILAN FOLKLORE SPHERE

Summary

If we imitate Azerbaijan folklore geography to a carpet of course Zangilan will be the best colourful pattern in it. Because this region is rich with the fires of traditional culture in all. As the other rich folklore sphere in Zangilan folklore the quatrain genres are in the leading position.
Key words: Zangilan, bayati (quatrains), folklore, Sari Ashig

БАЯТЫ В ЗАНГИЛАНСКОЙ ФОЛЬКЛОРНОЙ СРЕДЕ

Резюме
Если сравнить азербайджанскую фольклорную географию с ковром, то самым красочным его узором стал бы Зангиланский регион. Потому, что этот регион повсеместно богат очагами национальной культуры. Как и в других фольклорных средах, так и в Зангеланской среде жанр баяты является ведущим звеном.
Ключевые слова: Зангилан, баяты, фольклор, Сары Ашыг

Məsələnin qoyuluşu. Bayatılar xalqın kədərini, sevincini, hiss və həyəcanlarını poetik formada əks etdirir. Azərbaycanın bütün bölgələrində ağbirçək analarımız, nənələrimiz uşaqlarımızı bayatı ilə oxşamış, igidlərini bayatı ilə öymüş, hətta ən kədərli anlarında qəlblərini boşaltmaq üçün bayatı çağırmışlar. Bayatı xalqımızın toyunda da, yasında da ifa olunan ən zəngin fonopoetikadır.
Xalq içərisində ən geniş yayılmış folklor janrlarından biri olan bayatılar Azərbaycan xalq ədəbiyyatında öz fəlsəfi məzmunu ilə əsas yerlərdən birini tutur. Xalq şerinin başqa növlərindən formaca fərqlənən bayatılar bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Hər bir xalqın tarixini, mədəniyyətini öyrənmək üçün o xalqın folklor incilərini öyrənmək çox vacibdir. Xalqın ağıl süzgəcindən keçirdiyi folklor nümunələrinə isə hər bir oxucunun ehtiyacı vardır.
Bayatı və müxtəlif lirik əsərlər onların əbədiləşmiş ifadəsi tək bu gündə orijinallığı ilə diqqəti cəlb edir.
Bayatılar şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata keçərək bu günümüzə qədər gəlib çatmışdır. Bayatılar xalqımıza məxsus olan həm ülvi, həm də bəşəri duyumları özündə toplamışdır. Bayatılar xalqımızın keçmişi, eynilə də dünəni və bu günüdür.
Zəngilan bölgəsinin folklor mühiti bayatılarla zəngindir. Ötən əsrin ortalarında Zəngilanda çıxmış qəzetlər üzərində apardığımız tədqiqatlar bayatı janrının bu bölgədə əhəmiyyətli mövqeyinin olduğunu göstərir.
Bu bölgənin “Kənd həyatı” qəzetində uzun illər Zəngilandan toplanmış bayatılar bir yerə yığılmışdır. Onları araşdıraraq Zəngilan folkor xəritəsində bu lirik janrın mövqeyini müəyyənləşdirmək mümkündür.
1990-cu il sentyabrın 8-də Azad Qaradərəlinin qələmə aldığı “Sinədəftər” məqaləsində qeyd olunur: “Tarix xalqımızı çox-çox sınaqlara çəkib. Hər belə sınaqdan alnıaçıq çıxan xalqımız tarixin daş yaddaşına bu sınaqlardan nümunələr həkk edib. Bəzən isə xalqımız imkan tapıb daşlara, kitabələrə həkk edə bilmədiyi sözlərini öz yaddaşına yazıb – daha etibarlı, mötəbər “kitabayə”. 1929-cu il təvəllüdlü, Şərifan kəndində, qədim Şəhri-Şərifanın qonşuluğunda yaşayan Fatma nənənin söylədikləri bayatılara nəzər salaq:
Fələkdən ərzəçiyəm,
Xəbər al gör nəçiyəm?
İgidlərim itəndən
Yollarda gözətçiyəm.

Qarabağda bağ sallam,
Dibində bir bağ sallam,
Ya axtarram taparam,
Ya gözümə ağ sallam,

Qarabağın söyüdü.
Mən gələndə göyüdü.
Oğlanda nə təqsir var,
Qıza verin öyüdü.

Gedərəm ölkə səndən,
Qorxuram yol kəsəndən,
Ölürəm, halallaşaq,
Ayrıldım bəlkə səndən” (2, 4).

Zəngilanın “Kənd həyatı” qəzetinin 1976-cı ilin oktyabrın 23-də çıxan buraxılışında “Rəvayətlər dəftərindən” yazısında qeyd edilir: “Bir dəstə qız-gəlin bulaq başında kuzələrə su doldurub söhbət edirmiş. Bu zaman bir dəstə cavanın da yolu buradan düşür. Oğlanlar kənardan durub qızlara tamaşa edirlər. Dəstə başçısının qızlardan birinə gözü düşür və ona söz atıb deyir:
Mən aşiq o baxanı,
El xanı, oba xanı,
Ya aparın yanına məni,
Ya gətirin o baxanı,

Qız oğlana belə cavab qaytarır:
Mən aşıq o baxanı
El xanı, oba xanı,
Öz baxanım sağ olsun,
Neynirəm sən baxanı” ( 3, 4).
Sarı Aşığın həyatı və ölümü haqqında rəvayətlər folklorda geniş yayılıb. Folklorun əsas göstəricilərindən birinin variantlılıq olduğunu nəzərə alaraq 1976-cı il fevralın 22-də “Bir deyişmə haqqında” adı ilə “Kənd həyatı” qəzetində çap olunmuş maraqlı rəvayəti təqdim edirik:
“Azərbaycan ədəbiyyatının görkəmli söz ustalarından biri də XII əsrdə Laçın rayonun Güləbird kəndində yaşayıb yaratmış Sarı Aşıqdır. Sarı Aşıq Güləbird kəndinin qədim qəbirstanlığında dağın döşündə dəfn edilmişdir. Qəbrin ətrafına XII əsrin memarlıq ansamblına uyğun olaraq, qranit qayadan yonulmuş bir hasar çəkilmişdir. Hasarın içərisində səliqə ilə yonulmuş daşın üstə saz şəkli həkk olunmuşdur. Həkəri çayının sağ sahilində isə onun sevgilisi Yaxşının məzarı durur. Bu iki qəbir üz-üzədir. Deyilənə görə bunu Sarı Aşıq özü vəsiyyət etmişdir:
Mən aşıq tərsinə qoy,
Tər-təni tərsinə qoy,
Yaxşını qibləsinə,
Aşağı tərsinə qoy.
Güləbird kəndinin camaatı bu nakam aşiqləri belə də dəfn etmişlər. Əsrlər boyu bu məzarlar ziyarətgaha çevrilmişdir.
Sarı Aşığın zəngin ədəbi irsi qalmışdır. Bu ədəbi irs sonralar toplanılaraq, dəfələrlə kitab şəklində dərc olunmuşdur. Lakin hələ də Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər rayonlarında yaşayan müdrik qocaların cib dəftərçələrində, arxiv gündəliyində Sarı Aşığın toplanılmamış yüzlərlə əsərləri qalmaqdadır.
Sarı Aşığın adı bayatı aləmində ən böyük ustad kimi tanınmışdır. Ümumiyyətlə, klassik ədəbiyyatımızda epik, lirik, fəlsəfi, mənsəvi-poema Nizaminin, rübai Məhsətinin, qəzəl Füzulinin, qoşma Vaqifin adı ilə bağlı olduğu kimi bayatı da Sarı Aşığın adı ilə bağlıdır.
Sarı Aşığın yaradıcılığında bayatı ilə deyişmə xüsusi yer tutur. Əldə olunan əsərlərdən görünür ki, o, deyişmə zamanı onlarla aşığı, şairi bağlamış, öz məntiqi kəlamları, fəlsəfi fikirləri ilə üstünlük qazanmışdır. Maraqlı deyişmələrdən biri ilə oxucuları tanış edirik. Kürdüstan qocaları nağıl edirlər ki, bir gün Təbrizdən istedadlı bir aşıq Araz çayı sahilində olan Məmmədbəyli kəndinə gəlir (bu kənd indiki Zəngilan rayonun ərazisindədir) və Sarı Aşığa belə bir sifariş göndərir: “Səninlə deyişəcəm. Mənə qalib gəlsən, məclis qarşısında sazımı sənə verib gedəcəyəm, qalib gəlsəm, sazını alıb aparacağam”.
Bu xəbəri eşidən Sarı Aşıq Məmmədbəyli kəndinə gəlir, aşığın hansı evdə olmasını eşidib onunla görüşür. İlk danışıqdan sonra məclis qurulur. Təbrizdən gələn aşıq aşağıdakı məzmunda bayatı ilə Sarı Aşığa sual verir:
Aşıq, bənəy-bənəydir,
Xalın bənəy-bənəydir,
Səndən soruram, aşıq
Araz neçə sənəkdir?
Məclis qarşısında belə mürəkkəb bir bağlamaya az vaxt ərzində cavab vermək sənətkərdan böyük məharət və istedad tələb edirdi. Sarı Aşığın bədahətən şeir demək qabiliyyəti, fəlsəfi ümumiləşdirmə bacarığı, sözü aydın, həm də yerində işlətmək xüsusiyyəti onu dardan qurtarır. Sarı Aşıq təbrizli aşığın öz bayatısında işlətdiyi qafiyələrlə ona belə cavab verir:
Aşıq, bənəy-bənəydir,
Xalın bənəy-bənəydir,
Gəl sən saxla Arazı,
Deyim neçə sənəkdir.
Sarı Aşığın verdiyi bu cavab rəqib aşığı və məclisdəkiləri heyrətdə qoyur. Çünki verilən sualın cavabı ancaq və ancaq belə ola bilərdi. Təbrizdən gələn aşıq Sarı Aşığa ikinci bir bağlamada deyir:

Dağlar başı dik olar,
Qaya dağa yük olar,
Səndən soruram aşıq,
Başda neçə tük olar.

Sarı Aşıq belə cavab verir:

Hər bir dağın diki var.
Dərəsi var, diki var,
Kəs başını ver mənə,
Deyim neçə tükü var.

Sarı Aşığın verdiyi bu cavab da məclisdəkilərin xoşuna gəlir. Hamı Sarı Aşığı alqışlayır. Bağlama demək növbəsi Sarı Aşığa çatır. Sarı Aşıq aşağıdakı məzmunda təbrizli aşığa bağlamalar deyir. Təbrizli aşıq cavab verə bilmədiyi üçün uduzduğunu bildirərək məclis qarşısında sazını Sarı Aşığa verir:
Mən aşıq buz dağlar,
Qışda çalar buz bağlar,
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.

Aşıq deyər haraylar,
Hər həftələr hər aylar,
Dəryada bir gül bitib,
Yandım deyim haraylar.

Mən aşiq xıra-xıra,
Su gəlir, xıra-xıra,
Bir cansız bir canlını,
Salıbdır xıra-xıra.

Ədəbi söz xəzinəmizin bu günkü qədər saflaşıb büllurlaşmasında, zənginləşməsində Sarı Aşığın xidməti misilsizdir” (4, 4).
Zəngilanın “Kənd həyatı” qəzetinin 1971-ci il 19 sentyabr buraxılışında görkəmli folklorşünas alimimiz Sədnik Paşayevin topladığı əfsanələr silsiləsindən olan “Qanlı da ağlar...” yazısında da çoxlu bayatılar vardır:
“İki gənc bir-biri ilə dost olur. Bunlardan biri özünə toy edib evlənir. Toydan bir neçə gün sonra oğlan sevgilisini də özü ilə götürüb yaylağa köçür, bir bulağın başında alaçıq qurur. Oğlan bir gün sevgilisindən ayrılıb qışlağa gəlir, elə həmin günün axşamı da yaylağa qayıdır. Oğlan alaçığın qapılığını qaldırıb açanda gözlərinə inanmır. Görür ki, alaçıqda tanımadığı yad bir oğlan yatır. Oğlan səssiz-küysüz geri dönür. Axtarıb dostunu tapır. Onlar görüşəndə oğlan bir bayatı çəkir:

Əzizim ovum qanlı,
Getdim gördüm ovum qanlı.
Kəkliyimi tərlan alıb,
Ovçu qanlı, ovum qanlı.

Dostu da ona bayatı ilə cavab verir:

Əzizim ovun qanlı,
Ovçu sənsən ovun qanlı.
Kəs başını, axsın qanı,
Görən desin: ovun qanlı.

Oğlan dinməz-söyləməz yaylağa qayıdır. Sevgilisini və yatmış yad oğlanı oxa tutur, hər ikisini qanına qəltan edir. Sonra da kor-peşiman dostunun yanına gəlir. Öz həyacanını bir ilə ifadə edir:
Əzizim yara qanlı,
Sızıldayır, yara qanlı.
Qəza-qədər üz verəndə,
Yar da çıxar yara qanlı.

Səhər hər tərəfə xəbər yayılır ki, təzə toy olmuş gəlini və dustaqlıqdan gəlmiş cavan qardaşını kimsə alaçıqda oxa tutub, hər ikisi ölümcül yaralıdır. Obalardan adamlar axın-axın bura gəlir, qardaşla-bacının halına yanır, göz yaşı tökürlər. İşdən xəbardar olub, oğlan da camaata qarışıb zülüm-zülüm ağlayır. Qardaşı tanımasa da qız tanımışdı ki, onları oxa tutan öz sevgilisidir. Odur ki, qız oğlanın ağladığını görəndə dözmür, yanıqlı bir bayatı çəkir:

Əzizim qanlı dağlar,
Qovğalı, qanlı dağlar.
Yar ağlar, bəlkə yalandı,
Bəs nə üçün qanlı da ağlar?

Öz səhvini, peşimançılığını bildirmək üçün oğlan da bayatıya bayatı ilə cavab verir:

Əzizim xaban dağlar,
Qovğalı, xəban dağlar.
Qəza-qədər eyləndə,
Evləri yıxan da ağlar.

Bundan sonra məsələ aydınlaşır. Qardaşla bacını dava-dərmanla müalicə edib sağaldırlar. Oğlan üzr istəyir, sevgililər barışırlar. Həyatları yenidən başlayır. Bu münasibətlə şadlıq məclisi qururlar” (1, 4).
Elmi nəticə. Tədqiqatlarımız nəticəsində bəlli oldu ki, folklorun lirik janrlarına aid ən çox nümunələr məhz Zəngilandan toplanmışdır. Xüsusilə də bayatılar bu bölgədə çox yayılmışdır.

ƏDƏBİYYAT
1. Qanlı da ağlar / toplayanı S. Paşayev // “Kənd Həyatı” qəzeti (Zəngilan), 19 sentyabr, 1976
2. Qaradərəli A. Sinədəftər // “Kənd Həyatı” qəzeti (Zəngilan), 8 sentyabr, 1990
3. Rəvayətlər dəftərindən // “Kənd Həyatı” qəzeti (Zəngilan), 23 oktyabr, 1976
4. Rüstəmov S. Bir deyişmə haqqında // “Kənd Həyatı” qəzeti (Zəngilan), 22 fevral, 1976

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.