Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.11.2020
Sərxan XAVƏRİ
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Elmlər Akademiyasının elmi katibi,
[email protected]

 

XX əsr Azərbaycan mədəniyyətində akkulturasiya və folklorun etnointeqrativ funksionallığı

Xülasə
Məqalədə XX əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətində özünü göstərən yeni akkultural situasiya və bu situasiyada folklorun iştirakı məsələlərindən bəhs edilir. Müəllif haq-qında söhbət gedən dövrdə beynəlxalq miqyasda baş verən mədəni prosesləri Qərb mədəniyyə-tinin donor, digər mədəniyyətlərin isə resipiyent statusa malik olması kimi ümumiləşdirir. Məqalədə XX əsrin 60-80-ci illəri Azərbaycan milli mədəniyyətinin etnomədəni sistem bütövlüyü baxımından milli mədəniyyətimizin ayrıca bir mərhələsi olması, bunun isə aşağıdakı amillərlə şərtlənməsi əsaslandırılmışdır:
– İkinci Dünya Müharibəsindən sonra dünya miqyasında gedən yeni sosial-mədəni pro-seslər (demokratikləşmə, sülh çağırışları, ümumdünya miqyasında sosial-fəlsəfi intibah dalğası və s.);
– SSRİ-də gedən yeni demokratikləşmə dalğası;
– Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən milli siyasət;
– Azərbaycan mədəniyyətinin süni şəkildə yaradılmış sovet mədəniyyəti standartlarından özünün ənənəvi təbii stixiyasına dönüşü;
– Milli mədəniyyətin əsasında dayanan mədəni stixiyanın dünyanın ən modern ideya-estetik axınları ilə uzlaşması;
– Mədəniyyət sisteminin alt sistemləri statusundakı subkulturaların vahid tənzimləyici mədəni paradiqma statusunda olan folklor əsasında mükəmməl təşkili;
– Fərqli mədəni istiqamətlər arasında qarşılıqlı əlaqələrin sistemin özünütəşkil prinsipi əsasında tənzimlənməsi və s.
Məqalədə həmçinin, XX əsrin 60-80-ci illərində Qərb mədəniyyəti ilə münasibətlər kon-tekstində yaranan yeni akkultural situasiyada Azərbaycan mədəniyyətinin strateji seçiminin in-teqrasiya olduğu, inteqrasiyanın reallaşmasını təmin edən başlıca amilin isə ənənəvi mədəniy-yətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı olduğu əsaslandırılmışdır.
Müəllif müxtəlif mədəni faktlar üzrə aparılan təhlillər əsasında belə bir nəticəyə gəlir ki, XX əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətində folklorun əsas tənzimləyici parametr funksiyası aşağıdakı mexanizm əsasında reallaşmışdır: əsas xüsusiyyəti etnointeqrativ funksi-onallıq olan folklor yeni akkultural situasiya yarandığı anda sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məqsədilə aktivləşmiş, onları sistemin özünün semantik strukturuna tabe etdirmiş, başqa sözlə ifadə etsək, etnodifferensial funksiyanı reqlamentləşdirmişdir.
Açar sözlər: akkulturasiya, inteqrasiya, separasiya, marginalizasiya, assimilyasiya, folk-lor, ənənəvi mədəniyyət, etnodifferensiasiya, etnointeqrasiya, milli mədəniyyət, XX əsr Azər-baycan mədəniyyəti

THE ACCULTURATION AND ETHNOINTEGRATIVE FUNCTIONALITY OF FOLKLORE IN THE AZERBAIJAN CULTURE OF THE 20TH CENTURY

Summary
In the article it is talked about the new accultural situation and the problems of folklore in this situation in 60-80-ies years of the 20th century in Azerbaijani culture. The author generalize the cultural processes taking place in an international scale as Western culture having donor, other cultures having recipient status. In the article Azerbaijan national culture of 60-80-ies years of the 20th century being the separate stage of our national culture from ethno-cultural system integrity and its conditioning with the following factors are grounded.
– The new social-cultural processes taking place in the world after the Second World War (democratization, calls for peace, social-philosophical renaissance wave in world-wide scale);
– The new democratization wave in the Soviet Union;
– The national policy implementing at state level in Azerbaijan;
– The returning of Azerbaijan culture from the Soviet culture standards creating artificially to its natural element;
– The coordination of cultural element standing on the base of national culture with the most modern idea-aesthetic flows;
– The perfect organization of the subcultures in lower system status of culture system on the folklore base being in the common regulating cultural paradigm status;
– The regulation mutual relations of selfforming among the various cultural directions and so on.
In the article in 60-80-ies years of the 20th century in a new accultural situation creating in the attitude context with the Western culture being the integration the strategic selection of Azerbaijan culture and the main factor in these processes being as a main regulatory parameter of traditional culture, folklore thinking are grounded.
On the base of various cultural facts the author comes to the conclusion that the main regulating parameter function of folklore in Azerbaijan culture in 60-80-ies years of the 20th century realized on the base of the following mechanism: folklore which main peculiarity is an ethno integrative functionality becomes active in the purpose of to guarantee the new style of the elements entering to the system in the moment when a new accultural situation form, followed them to the semantic structure of the system, in other word regulates the ethno differential function.
Key words: acculturation, integration, separation, marganization, assimilation, folklore, traditional culture, ethno differentation, ethno integration, national culture, Azerbaijan culture of the 20th century

АККУЛЬТУРАЦИЯ В АЗЕРБАЙДЖАНСКОЙ КУЛЬТУРЕ ХХ ВЕКА И ЭТНОИНТЕГРАТИВНАЯ ФУНКЦИОНАЛЬНОСТЬ ФОЛЬКЛОРА

Резюме
В статье рассказывается о новой аккультуральной ситуации в Азербайджанской культуре 60-80-х годах ХХ века и о вопросах участия фольклора в этой ситуации. Автор обобщает культурные процессы, происходящие в данный период на международном уровне как донорство Западной культуры и реципиентство иных культур. В статье были обоснованы мысли о том, что 60-80-ые годы ХХ века являются отдельной стадией в на-циональной культуре Азербайджана с точки зрения целостности этнокультурной системы и это обуславливается нижеуказанными факторами:
– новые социально-культурные процессы, происходящие на международном уровне после Второй мировой войны (демократизация, призывы о мире, социально-фило-софская волна ренессанса на международном уровне и т.д.);
– новая волна демократизации в СССР;
– национальная политика, осуществленная на государственном уровне в Азер-байджане;
– возврат Азербайджанской культуры в естественную традиционную стихию от искусственно созданных стандартов Советской культуры;
– согласование культурной стихии, стоящей на основе национальной культуры с самыми современными идейно-эстетическими течениями;
– совершенная организация субкультур, представленных в статусе подсистем культурной системы, на основе фольклора, представленного в статусе единой регули-рующей культурной парадигмы;
– регулирование взаимосвязей разных культурных направлений на основе прин-ципа саморегулирования системы и т.д.
В статье также были обоснованы вопросы стратегического выбора интеграции Азербайджанской культуры в новой аккультуральной ситуации, созданной в контексте отношений с западной культурой в 60-80-х годах ХХ века. А главным фактором обеспечивающим реализацию интеграции является традиционная культура, фольклорное мышление же участвует в этом процессе как основной регулирующий параметр.
Автор на основе анализа разных культурных фактов приходит к такому выводу, что в 60-80-х годах ХХ века функция регулирующего параметра реализуется на основе нижеуказанного механизма: фольклор, главная особенность которой является этноинтегративная функциональность, в момент создания новой аккультультуральной ситуации, активизируется для обеспечения новой организации элементов входящих в систему, их подчинение к семантической структуре системы, иными словами, регламентирует этнодифференциальную функцию.
Ключевые слова: аккультурация, интеграция, сепарация. марганизация, ассимиляция, фольклор, традиционная культура, этнодифференциация, этноинтеграция, национальная культура, Азербайджанская культура ХХ века

Giriş. Mürəkkəb bir təşəkkül və təkamül yolu keçmiş Azərbaycan milli mədəniyyəti tarixi inkişaf prosesi ərzində müxtəlif mədəni sistemlərlə qarşılıqlı əlaqədə olmuşdur. Mədəniyyətimizin açıq sistem xarakterinə malik olmasının nəticəsidir ki, onun tarixi qatlarında müxtəlif dünya sivilizasiyalarının bir sıra di-ni, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanlarının izləri, əlamətləri cəmlənmiş, lakin bu cür kulturopolifonik mənzərə heç bir halda eklektikaya çevrilməmiş, Azərbaycan milli mədəniyyəti müasir günümüzə müəyyənedici türk substratı əsasında vahid bir mədəni bütövlük kimi daxil olmuşdur.
Əgər biz Azərbaycan mədəniyyətinin etnik-mədəni sistem olaraq dəqiq modelini bütün parametrlər üzrə (geneoloji, tarixi, kulturoloji, sosioloji, ideoloji, hətta teoloji) müəyyənləşdirmək istəyiriksə, onda onun digər mədəni sistemlərlə kontakt məqamları üzərində xüsusilə dayanmalıyıq. Çünki istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər (mədəni sistemin müəyyənlik keyfiyyəti) adi halda olduğundan çox, yad mədəniyyətlə aktiv təmas məqamlarında daha qabarıq özünü göstərir. Bu məna-da Azərbaycanın görkəmli elm xadimi Xudu Məmmədovun “kənar təsirlərə ca-vab hər bir sistemin ən böyük xassəsidir” universal formulu təbii və bioloji sis-temlərlə yanaşı, sosial sistem olan mədəniyyətə də şamil edilərkən öz dürüstlü-yünü bir daha təsdiq etmiş olur.
Əsas mətn. Müasir kulturologiyada yad mədəniyyətlə fasiləsiz kontakt nə-ticəsində onun mənimsənilməsi prosesi akkulturasiya (latıncadan tərcümədə əmələgəlmə, inkişaf) termini ilə işarələnir. Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət digər mədəniyyətlərlə intensiv təmas situasiya-sında hansı sosial-mədəni və mənəvi-psixoloji təbəddülatları keçirir? Bu təbəd-dülatlar nəticəsində etnokulturoloji sistem hansı yeni keyfiyyətlər kəsb edir? Qa-zanılan yeni mədəni keyfiyyətlə milli mövcudluq arasındakı qarşılıqlı şərtlənmə nə səviyyədədir? Müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edən bu tipli suallara cavab axtarışları akkulturasiya prosesinin Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən də olduqca mürəkkəb akkultural situasiyalarla müşahidə olunan son onilliklər üzrə elmi baxımdan izlənilməsini tələb edir. Hesab edirik ki, milli mədəniyyətimizin müxtəlif tarixi mərhələlərinin akkultural situasiyalarda (həm də akkulturasiyanın müvafiq terminoloji anlayışları və nəzəri bazası əsasında) nəzərdən keçirilməsi Azərbaycan milli mədəniyyətinin digər mədəniyyətlərlə münasibətlərinin öyrənilməsi ilə yanaşı, ümummetodoloji olaraq milli mədəniyyət sisteminin mahiyyətinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli olardı.
Akkulturasiya prosesində qarşılıqlı münasibətdə olan mədəniyyətlərin sta-tusları haqqında müxtəlif yanaşmalar vardır (Dəmirbəyli: 2013, 30). Bu proses əksər hallarda təsir edən hakim donor mədəniyyətlə təsirə məruz qalan resipiyent (tibdə donordan qanı qəbul edən şəxs) mədəniyyət arasında baş verir və baş ver-diyi andan resipiyent mədəniyyəti fundamental dilemma qarşısında qoyur:
1. Öz mədəni identikliyini qoruyub saxlamaq;
2. Yad mədəniyyəti qəbul etmək.
Bu dilemmanın mümkün həlli kombinasiyaları birinin seçilməsi zəruri olan dörd strategiya meydana çıxarır:
– Assimilyasiya – mədəni identikliyin tam itirilməsi və yeni mədəni iden-tikliyin qazanılması;
– Separasiya – mədəni identikliyin tam qorunması və yad mədəniyyəti ta-mamilə inkar;
– Marginalizasiya – ənənəvi mədəni identikliyin itirilməsi və yeni mədəni identikliyin qəbul edilməməsi;
– İnteqrasiya – ənənəvi mədəni identikliyin qorunması şərtilə yeni mədə-niyyətlə zənginləşmə.
Akkulturasiya prosesi ilə bağlı “dördqatlı model” kulturologiyada o qədər geniş işlənmə arenasına malikdir ki, onun ilk dəfə kim tərəfindən formullaşdırıl-dığını müəyyənləşdirmək çətindir. Bunların işərisində Erik Kramer daha çox üstünlük təşkil edir (Kramer: 1992, 3). Biz isə artıq normativləşmiş və kütləviləş-miş bu bölgünü Drobxod Anastasiyanın “Mədəniyyətlərarası kommunikasiyada akkulturasiya” etnopsixoloji antropologiya üzrə tədqiqatından götürmüşük (Дробноход).
Tədqiqatın əsas hissəsinə keçməmişdən əvvəl onu qeyd edək ki, XX əsrin ikinci yarısından sonra planet miqyasında ənənəvi milli mədəniyyət tiplərinin qarşılıqlı münasibətləri və bununla bağlı akkulturasiya prosesləri bəşəriyyətin əv-vəlki sosial tərəqqi tarixində görünməmiş bir şəkildə sürətlənmişdir. Həm də İkinci Dünya Müharibəsindən sonrakı dövrlərdən başlayaraq bu proses Qərb mədəniyyətinin donor, digər mədəniyyətlərin isə resipiyent statusluluğu şərtilə baş vermiş, ötən əsrin 90-cı illərində SSRİ-nin süqutu və sovet mədəniyyətinin tənəzzülü ilə əlaqədar olaraq bütün planet miqyasında rəqabətsiz inkişaf magis-tralına daxil olmuşdur. Əslində ötən əsrin sonlarında SSRİ-nin süqutunu şərtlən-dirən amillərdən biri də 60-cı illərdən başlayaraq Qərb mədəniyyəti ilə münasi-bətdə SSRİ-də gedən akkulturasiya prosesləri idi. Bu, ayrıca bir araşdırmanın mövzusudur. Bizim də əsas məqsədimiz həmin tarixi mərhələdə 1960-cı ildən 1990-cı ilədək olan müddətdə Azərbaycan mədəniyyətini Qərb mədəniyyəti ilə akkultural situasiyada nəzərdən keçirməkdir. Niyə məhz həmin tarixi mərhələni? Ona görə ki, XX əsrdə Şimali Azərbaycanın dövlət müstəqilliyinə ikinci dəfə qovuşduğu tarixə qədərki üç on ili əhatə edən otuz il öz etnokulturoloji sistem bütövlüyü və yeni keyfiyyət göstəriciləri ilə müasir Azərbaycan milli mədəniyyə-tinin ayrıca bir mərhələsini təşkil edir. Bu mərhələdə Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri qarşılıqlı olaraq bir-birini elə mexanizmlər əsasında stimullaşdırmaq, bəhrələndirmək xüsusiyyətinə malik idi ki, bu, ilk növbədə bu otuz illik mərhələdə mədəniyyətin müstəqil milli etnomədəni sistem xarakteri kəsb etməsindən xəbər verir. Bu gündən, əsrin dörddə biri qədər zaman məsafəsinin uzaqlığından baxarkən həmin otuz ilin bütöv etnik-mədəni sistem xarakteri, bu sistemin alt sistemləri statusundakı subkulturalarının vahid tənzim-ləyici mədəni paradiqma ətrafında mükəmməl təşkili, fərqli mədəni istiqamətlər arasında qarşılıqlı etnokulturoloji əlaqələr, bu istiqamətləri şərtləndirən ideya-estetik mənbələr, onun təşəkkül və formalaşma meyilləri... bütün konturları və cazibədarlığı ilə aydın görünür. O da aydın görünür ki, içində yaşadığımız dövrdə müxtəlif səviyyəli tənqidlərin hədəfinə məruz qalan həmin dövrün mədəniyyət faktlarının estetik mükəmməlliyinə və semantik dərinliyinə biz bir sıra sahələrdə hələ də nail ola bilmirik. Heyrətamiz dərəcədə güclü etnokulturo-loji enerjiyə malik ötən əsrin 60-80-ci illərinin Azərbaycan milli mədəniyyəti bu günün özündə belə Azərbaycan mədəniyyətini impulslaşdırmaq gücündədir. Za-man həmin mərhələdən uzaqlaşdıqca o dövrün mədəniyyət panoramının cazibə-darlığı da artır. Burada “mədəniyyət” anlayışını kütləvi olaraq anlaşılan “incəsə-nət” mənasında yox, professional kulturologiyada kəsb etdiyi etnosun fəaliyyət metasistemi mənasında anlamaq lazımdır. Bu metasistem fəlsəfi baxımdan xalqın inkişaf sistemini, antropoloji baxımdan artefaktlar, biliklər və inamlar sistemini, sosioloji baxımdan isə dəyərlər və normalar sistemini özündə birləşdirir. Bunu müstəqil bir sosiomədəni sistem kimi də başa düşmək olar.
Mədəni səviyyədə baş verən bu dəyişiklikləri şərtləndirən ən mühüm amillərdən biri də həmin illərdə Azərbaycanda dövlət səviyyəsində həyata keçiri-lən milli siyasət idi. Xüsusən, 70-80-ci illərdə Azərbaycan milli varlığının, milli mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bütöv-lükdə isə milli ideologiyanın formalaşdırılması istiqamətində dövlət səviyyə-sində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dilinin, tarixinin, folkloru-nun, ümumən mədəniyyətinin tədqiqi istiqamətində araşdırmaların genişlən-dirilməsini, Azərbaycan dilinə dövlət dili statusunun verilməsini xüsusilə qeyd etmək lazımdır.
Məlum olduğu kimi, Azərbaycan milli mədəniyyəti ötən əsrin əvvəllərindən süni olaraq sovet mədəniyyəti sisteminə daxil edilmiş, xüsusən 30-50-ci illərdə onun milli məzmununun deqradasiya edilməsi, sovet mədəniyyətinin tərkib hissəsinə çevrilməsi istiqamətində çoxsaylı inzibati, hətta represiv dövlət tədbirləri həyata keçirilmişdir. Bütün bunlara baxmayaraq, elə 60-cı illərin özünə qədər qədim və zəngin ənənələrə əsaslanan Azərbaycan mədəniyyəti öz sistem bütövlüyünü qoruyub saxlamağa nail olmuşdur. Lakin 50-ci illərdən sonra SSRİ-də gedən demokratikləşmə prosesləri, Qərb mədəni dəyərləri ilə zənginləşməyə meylin artması, bu nəhəng məkanda olan bütün xalqlar üçün yeni akkultural situasiyanın yaranmasını şərtləndirən əsas amillərdən birinə çevrildi. Bunun nəticəsidir ki, 60-80-ci illər Azərbaycan mədəniyyətində gedən akkulturasiya prosesləri sovet mədəniyyəti kontekstində baş verməsinə baxmayaraq, bu, avtonom bir mədəni bütövlüyün Qərb mədəniyyəti ilə müstəqil münasibəti səviyyəsində reallaşır. Beləliklə, XX əsrin 60-80-ci illərində Azərbaycan mədə-niyyətində özünü göstərən ən mühüm kulturoloji təzahür bu mərhələdə mədə-niyyətimizin Qərb mədəniyyəti ilə kontaktlarının intensivləşməsi kontekstində onun özünü avtonom mədəni bütövlük kimi qoruyub saxlaya bilməsidir.
Burada digər bir məqamı da xüsusi vurğulamaq lazımdır. XX əsrin ikinci yarısından sonra Azərbaycanda Qərb mədəniyyətinə münasibətdə akkulturasiya prosesi eynizamanlılıq intervalında baş vermirdi. Azərbaycan mədəniyyəti Qərb mədəniyyətini müəyyən zaman geriliyi ilə təqib edirdi. Deyək ki, ekzistensional insan tənhalığı Azərbaycan mədəniyyətində, ədəbiyyatda, musiqidə, rəssamlıqda öz inkişafının apogeyinə qalxdığı ötən əsrin 60-70-ci illərində artıq Qərbi Avro-pada və Amerikada pop-art (kütləvi mədəniyyət) özünün bütün bayağılığı və kütləviliyi ilə ciddi mədəniyyətə meydan oxumaqda, ciddi mədəniyyətin, xüsu-sən abstrakt ekspressionizmin inkarı reaksiyası olaraq özünü bütün dünya miq-yasında kütləviləşdirməkdə idi. Elə pop-artın belə kütləviliyinin nəticəsi idi ki, amerikalı sosioloq Zbiqnev Bjezinski onu aşağıdakı kimi şərh etmişdir: “Əgər Roma dünyaya qanun, İngiltərə parlament, Fransa milli respublika bəxş edibsə, müasir Amerika Birləşmiş Ştatları dünyaya kütləvi mədəniyyət gətirmişdi!” (Кожинов).
Ötən əsrin 60-80-ci illərində müşahidə olunan yüksək inkişaf meyilləri ona şahidlik edir ki, Qərb mədəniyyətinə münasibətdə özünü göstərən yeni akkultural situasiyada Azərbaycan mədəniyyəti yuxarıda qeyd etdiyimiz dörd strateji is-tiqamətdən ən optimalı olan inteqrasiyanı seçmişdir. Bu, nəyin nəticəsində mümkün olmuşdur?
Bizim qəti qənaətimizə görə, həmin tarixi mərhələdə Azərbaycan mədəniy-yətinin yeni akkultural situasiyada inteqrasiya strategiyasını seçməsini təmin edən başlıca amil ənənəvi mədəniyyətin, folklor təfəkkürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı idi. Həmin tarixi mərhələdə Azərbaycan mədəniyyətinin Qərbin müxtəlif mənəvi-intellektual tendensiyalarına çevik reak-siyası, həm də bu reaksiyaların kifayət qədər professional səviyyədə olması onun-la şərtlənirdi ki, Azərbaycan bu proseslərə kifayət qədər dəqiq müəyyənləşmiş folklor təfəkkürü ilə daxil olur. Bu mərhələdə milli mədəniyyət folklor təfəkkürünü yeni məzmunda həzm edərək Avropa ədəbi ənənələri ilə sintez edir. Milli mədəniyyətdə folklor yaddaşına əsaslanan yaradıcılıq istiqamətləri bu illər-də mədəni hərəkat səviyyəsinə qalxır. Elə müstəqil milli dövlət ideyası, hakim ideologiyaya qarşı epizodik müxalifətçilik əhvali-ruhiyyəsi də həmin illərdə folklor təfəkkürünün iştirakı ilə yaranır. Doxsanıncı illərə doğru milli azadlıq hərəkatını da tədricən milli düşüncə sisteminin genetik əsasına dayanan folklor düşüncəsi hazırlayır. Beləliklə, həmin mərhələdə mədəniyyətin bütün sahələrində müşahidə olunan yeni keyfiyyət dəyişikliyinin əsasında ənənəvi mədəniyyətlə Avropa mədəniyyətinin sintezi dayanırdı.
Məsələn, məlumdur ki, ötən əsrin 60-cı illərində Amerikada hippi-bitnik hərəkatı başlanmışdı. Bu, ənənəvi mədəniyyət dəyərlərini qəbul etməyən gənclik hərəkatı idi. Onun nümayəndələri olan Amerika şairləri Lyusen Karrın, Allen Qinzberqin, Cek Keruakın, Uilyam Berrouzun əsərlərində sosial mühitə mənəvi oppozisiya meyilləri olduqca güclü olmuşdur. Həmin illərdə Azərbaycanda Əli Kərimin, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlının və başqala-rının yaradıcılığında bu ideyalar milli biçimdə rezonans verməyə başlayır. Ən maraqlısı odur ki, ideya-məzmun planında Qərbin ən modern ədəbi-estetik ideya-larından bədii-energetik stimulunu alan Azərbaycan poeziyasında bu proses milli folklor təfəkkürünün fəal iştirakı ilə baş verir. Həm də burada folklor yalnız formal poetik göstəriciləri (janr modelləri, vəzn, qafiyə, dil-üslub xüsusiyyətləri və s.) ilə iştirak etmir. Folklor bu prosesdə məhz milli təfəkkür hadisəsi kimi iştirak edir. Bu illərdə poeziyaya daxil olan folklor obrazları özləri ilə bərabər arxalarındakı mifik enerjiləri də ədəbiyyata gətirirlər. Məhz buna görə də folklor bu prosesdə məhz tənzimləyici parametr, milli meyar, yad elementlərin sistemə uyğunluğunu müəyyənləşdirən etnik-mənəvi prinsip kimi çıxış edir.
Yaxud həmin mərhələdə Azərbaycan nəsrində bilavasitə epos təfəkkürü ilə yeni roman ənənələrinin sintezi nəticəsində yeni keyfiyyətli nəsr əsərləri yaranmağa başlayır. İsa Hüseynovun, İsmayıl Şıxlının, Mövlud Süleymanlının, Əkrəm Əylislinin nəsrində bu tendensiya özünü olduqca qabarıq göstərir.
Azərbaycan ədəbiyyatşünaslığında bu mərhələdə yaşayıb-yaradan şair və yazıçıların yaradıcılığında folklorla bağlılıq olduqca geniş təhlil olunmuşdur. Hətta bu mərhələyə aid elə bir ədib tapmaq çətindir ki, onun yaradıcılığı bu aspektdən ayrıca olaraq araşdırılmamış olsun. Lakin ədəbiyyatşünas və folklor-şünas alimlərin tamamilə doğru olaraq müşahidə etdikləri və fokslaşdırdıqları bu tendensiyanın Qərb mədəniyyəti ilə təmasın doğurduğu yeni akkultural situasiyada funksiyası barədə demək olar ki, araşdırma aparılmamışdır.
Akkulturasiya situasiyasında milli mədəniyyət sisteminin marginalizasiya, separasiya və assimilyasiyaya məruz qalmaması mədəniyyətin etnodifferensial və etnointeqrativ funksiyaları arasında “qızıl orta”nın tapılmasından asılıdır. Bu funksiyalar arasında balansın hər iki istiqamətdə pozulması mədəni inkişaf üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Kulturogiyada belə bir sabitləşmiş qənaət vardır ki, ənənəvi mədəniyyət, folklor qapalılığa, etnointeqrativliyə meyillidir. Ona görə də milli mədəniyyətdə akkultural situasiya yarandığı andaca o, sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məqsədilə dərhal aktivləşir, onları sistemin özünün semantik strukturuna tabe etdirir. Başqa sözlə ifadə etsək, etnodifferensial funksiyanı reqlamentləşdirir. Nəticədə mədəniyyətin akkultural situasiyada inteqrasiya seçimini şərtləndirir. Bu prosesi ötən əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün istiqamətlərində müşahidə etmək mümkündür. Belə ki, həmin mərhələdə özünü yeni mədəni keyfiyyət kimi göstərən istənilən tendensiyada folklorun tənzimləyici parametr kimi iştirakını görürük.
Məlum olduğu kimi, zəngin milli musiqi ənənələrinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyovun timsalında professional Avropa musiqisinin milli musuqi ilə sintezi sahəsində bütün Şərq xalqları içərisində ilk dəfə olaraq son dərəcə yüksək nailiyyət əldə etmişdir. Maraqlıdır ki, folklor musiqisi ilə professional musiqinin sintezi ənənəsi XX əsrin 60-70-ci illərində yeni akkultural situasiyada yeni keyfiyyətdə davam edir. Ötən əsrin əvvəllərində olduğu kimi, əsrin ikinci yarısında da Azərbaycan musiqisi ənənəvi (folklor) potensialına əsaslanaraq Qərb musiqi mədəniyyətinə ən çevik reaksiya verən incəsənət sahələrindən birinə çevrilir. Heç də təsadüfi deyildir ki, həmin illərdə SSRİ-də məşhur olan bəstəkarlardan ən modernisti və "demokratiki" Qara Qarayev idi və onun yaradıcılığında bu tendensiya olduqca qabarıq özünü göstərirdi. Məsələn, həmin illərdə rəsmi ideologiyanın rədd etdiyi Qərb mədəniy-yətinə məxsus eyni tonların təkrarlanmasını nəzərdə tutan musiqi janrı kimi dodekofoniyanı (yunanca on iki səs) rəsmi səhnədə ilk dəfə Qara Qarayev səsləndirmişdi. Bu, həmin illər idi ki, İngiltərənin Liverpul şəhərində “Bitlz” vokal qrupunun səsi bütün sivil dünyada rezonans doğurmuşdu. Bu dalğanın Rusiyadakı əks-sədasına ən yaxşı nümunə isə Vladimir Vısotski idi.
Heç şübhəsiz, ənənəvi musiqi ilə Avropa musiqisi sintezindən danışarkən caz üzərində xüsusilə dayanmaq lazımdır. Ötən əsrin ikinci yarısında onun bir musiqi janrı kimi populyarlığı elə bir səviyyəyə çatmışdır ki, onu “dünyanın xalq musiqisi” adlandırırdılar. Amerikanın Nyu-Orlean şəhərindən pərvazlanan, öz ruhunda mədəni bir oppozitivlik daşıyan cazın Azərbaycanda əsası hələ 1941-ci ildə Niyazi və Tofiq Quliyevin rəhbərliyi ilə qoyulmuşdur. Onun inkişafında Rafiq Babayevin, Tofiq Sadıxovun xüsusi xüdmətləri olmuşdur.
Vaqif Mustafazadə isə Azərbaycan cazının bütün dövrlər üçün əvəzedil-məz zirvəsidir. Onun muğam-caz sintezinə əsaslanan musiqi əsərləri, yalnız Azər-baycanın deyil, bütün dünyanın heyrətamiz sənət fenomenləri idi. Heç şübhəsiz, həmin illərdə Azərbaycanda caz yalnız təqlid olunsaydı, onda heç bir yeni keyfiyyət hadisəsi olan musiqidən söhbət belə gedə bilməzdi. Azərbaycan cazını dünya caz musiqisinin sərvətinə çevirən başlıca cəhət orada ənənəvi musiqinin, muğamın iştirakıdır. Bütün bu deyilənləri 1961-ci ildə yaradılmış, bütün SSRİ miqyasında məşhur olan “Qaya” caz kvartetinə da aid etmək mümkündür.
Musiqi mədəniyyəti sahəsində ənənəvi folklor musiqisi və Avropa musiqisi sintezinə ən bariz nümunələrdən biri kimi Azərbaycanda simfonik muğamın da adını xüsusi qeyd etmək lazımdır. Fikrət Əmirovun “Şur”, “Kürd ovşarı”, Niyazinin “Rast” əsərləri simfonik orkestrdə ilk dəfə həmin illərdə səslənmişdir.
1966-cı ildə Rəşid Behbudovun rəhbərliyi ilə yaradılan Azərbaycan Dövlət Mahnı Teatrı estradanın müxtəlif janrlarını özündə birləşdirir. Əslində bu, xalq mədəniyyətində mövcud olan xalq oyunları ilə xalq musiqisi vəhdətinin yeni keyfiyyətdə sintezi idi.
Həmin illərdə bəstəkarlardan Tofiq Quliyev, Emin Sabitoğlu, Xəyyam Mir-zəzadə, Əziz Əzizov, Telman Hacıyev, Oqtay Kazımi, Rafiq Babayev və başqa-ları məhz folklor musiqisi ilə, xalq mahnıları ilə müasir Avropa musiqisinin sintezinə əsaslanan orijinal musiqi əsərləri yaratmağa nail olurlar (Эфендиева: 1974).
1971-ci ildə yaradılan “Aşıqlar” qrupu da Qərb musiqi ənənələri ilə xalq mahnılarının uğurlu sintezinə ən parlaq nümunələrdən biri idi. Sonralar Polad Bülbüloğlunun rəhbərliyi ilə keçmiş SSRİ-də məşhurlaşan qrupun əsas yaradıcılıq texnologiyası xalq mahnılarının müasir üslubda aranjemanı, onların solo və caz-rok stilində ifadəsi idi. Milli folklor mədəniyyətinin ən mühüm institutlarından birinin adı olan “aşıq” sözünün müasir musiqi qrupunun embleminə və brendinə çevrilməsi təbii ki, heç də təsadüfi deyildir.
XX əsrin 60-cı illərində yeni akkultural situasiyada yeni mədəni keyfiyyət mərhələsinə qədəm qoyan incəsənət sahələrindən biri də təsviri sənət idi. Bu illərdə təsviri sənət birdən-birə qədim miniatür elementləri ilə zənginləşməyə başladı, xalının, kilimin, palazın ornamentləri təsviri sənətə gəldi. Qobustandakı qaya rəsmlərindən bəhrələnmə xüsusi bir tendensiyaya çevrildi. C.Mircavadov, N.Rəhmanov, K.Əhmədov, Q.Yunusov, S.Veysov, A.İbrahimov, İ.Məmmədov, S.Mirzəzadə, F.Haşımov, F.Qulamov, A.Səmədov və başqalarının əsərlərində milli mifoloji təsəvvürləri əks etdirən obrazlar müasir boyakarlıq axtarışları ilə uğurlu bir şəkildə uzlaşdırılmağa başlandı (Əfəndiyev: 2001). Həmin tarixi mər-hələdə təsviri sənətdə ideya-estetik baxımdan fərqli kulturoloji qütblər arasında sintez elə mexanizmlərlə baş verirdi ki, onların nəticəsi yalnız kəmiyyət birləş-mələrinin mozaikasından ibarət olmurdu. Bu sintez bütün hallarda yeni keyfiy-yətli mədəniyyətin göstəricisi və faktı olan əsl sənət nümunələri verirdi. Həm də sintez olunan mədəni müxtəlifliklər əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan, gözlənilməz, yalnız mədəniyyətin öz daxilində gedən proseslərin nəti-cəsi olaraq meydana gəlirdi. Məsələn, Mircavadın rəsmlərində milli folklor təfək-küründən qaynaqlanan, milli mifoloji obrazları özündə əks etdirən istiqamət kul-turologiyada daha çox Cənub mədəniyyəti adı ilə məşhur Afrika rəngkarlığı ilə sintez olunurdu. Bu halda hətta Avropa incəsənətinin Antik dövrdən İntibah mərhələsinə və ordan da müasir günümüzə qədərki bütün tarixi təcrübəsi oyundankənar vəziyyətə qoyulmaqla ona qarşı üsyan qaldırılırdı. Heç şübhəsiz, bu, Azərbaycan mədəniyyətinin donor statuslu Qərb mədəniyyətinin özünə bərabər statusluluq iddiasının və imkanının göstəricisi idi (Hacıyeva: 2013).
Ötən əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətinin ən inkişaf edən sahələrindən biri də kino sənəti olur. Ümumən bu dövr dünya kino sənətinin tarixində yeni bir dövr başlanır. Həmin illərdə İtaliyada Fellini və Antonioni, İsveçdə dahi Berqman, Fransada “Yeni dalğa” kino sənətinin yeni mərhələsindən xəbər verir. Bu istiqamət Azərbaycan kinosuna da olduqca güclü təsir edir. Kino sənəti ayrılıqda ədəbiyyatda, rəssamlıqda, musiqi sənətində baş verən yeni keyfiyyət dəyişikliklərini sinkretik şəkildə özündə birləşdirən bir sənət fenome-ninə çevrilir. Bu mərhələdə ssenaristlərdən Rüstəm və Maqsud İbrahimbəyov qardaşları, Anar, Alla Axundova, İsa Hüseynov, Elçin, Ramiz Rövşən, rejissor-lardan Arif Babayev, Eldar Quliyev, Oqtay Mirqasımov, Yalçın Əfəndiyev, To-fiq İsmayılov, aktyorlardan Həsən Məmmədov, Rasim Balayev, Şahmar Ələkbə-rov, Həsən Turabov Azərbaycan kinosuna tamamilə yeni bir dalğa gətirirlər (Очерки истории азербайджанского кино: 2001). Azərbaycanda tamamilə yeni keyfiyyət hadisəsi olan Ruslan Şahmalıyev və Oqtay Mirqasımovun sənədli filmləri meydana gəlməyə başlayır. Milli Azərbaycan kinosu və folklor ayrıca bir araşdırma mövzusudur. Burada kinonun folklor mövzularına müraciətinin inten-sivləşməsindən tutmuş, dil-üslub xüsusiyyətlərinə qədər hər şey folklor mə-dəniyyətinə əsaslanır.
Həmin dövrdə son dərəcə nəzərə çarpan cəhətlərdən biri mədəniyyətdə güclü bir professionalizmin mövcudluğu idi. Şübhəsiz ki, milli mədəniyyəti son dərəcə güclü milli ziyalı elitası, milli mədəni elita yaradır. Məhz həmin dövrdə Azərbaycanın son dərəcə zəngin mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı olan, peşə qabiliyyətləri baxımından yüksək professionallığı ilə seçilən güclü milli mədəni elitası formalaşmışdı.
Ötən əsrin 60-cı illərində nə baş verir ki, qədim və zəngin ənənələrə malik Azərbaycan xalqının yaradıcılıq enerjisi elmi fəaliyyət sahəsində, musiqidə, rəssamlıqda, poeziyada, nəsrdə, kinoda, teatrda, baletdə, arxitekturada, heykəl-təraşlıqda ... yaradıcılıq texnologiyası baxımından dünya mədəniyyətinin kul-turoloji standartları səviyyəsinə qalxır?
Milli mədəniyyətimizin bu mərhələsinin gücü onda idi ki, o milli ənənənin təbii stixiyasının nəticəsi kimi meydana gəlmişdir. Bu təbii mədəni stixiya həmin dövrdəki alimlərin, şairlərin, nasirlərin, bəstəkarların, rejissorların, hətta aktyor-ların yaradıcılıq texnologiyaları timsalında müasir dünyanın ən modern ideya-estetik axınları ilə səsləşir, bəzən isə onu stimullaşdırırdı. Bu mərhələdə Azər-baycan xalqı özünü kosmopolit qeyri-müəyyən fəzada deyil, məhz mənsub olduğu mədəniyyət müstəvisində dərk edir, nə qədər paradoksal səslənsə də et-nos, region, millət anlayışından bəşəriyyət, planet, kosmos anlayışına doğru uca-lır. Bu, elə bir mədəni ucalıq idi ki, bu ucalıqdan istənilən sosial-mədəni, siyasi, etnik, mənəvi-əxlaqi fərqliliklər bütöv bir tamın ayrı-ayrı fraqmentləri kimi qavranılırdı.

Nəticə
Məqalədə aşağıdakı elmi nəticələrə gəlinmişdir:
1. XX əsrin 60-80-ci illərində beynəlxalq miqyasda ənənəvi milli mədə-niyyət tiplərinin qarşılıqlı münasibətləri istiqamətində əsas dəyişiklik və bununla bağlı akkulturasiya proseslərində özünü göstərən başlıca xüsusiyyət Qərb mədə-niyyətinin donor, digər mədəniyyətlərin isə resipiyent statusa malik olmasıdır.
2. XX əsrin 60-80-ci illəri Azərbaycan milli mədəniyyəti etnomədəni sistem bütövlüyü baxımından milli mədəniyyətimizin ayrıca bir mərhələsini təşkil edir.
3. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətini ayrıca mərhələ kimi şərtləndirən amillər aşağıdakılar olmuşdur:
– İkinci Dünya Müharibəsindən sonra dünya miqyasında gedən yeni sosial-mədəni proseslər (demokratikləşmə, sülh çağırışları, ümumdünya miqyasında sosial fəlsəfi intibah dalğası və s.);
– SSRİ-də gedən yeni demokratikləşmə dalğası;
– Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən milli siyasət;
– Azərbaycan mədəniyyətinin süni şəkildə yaradılmış sovet mədəniyyəti standartlarından özünün ənənəvi təbii stixiyasına dönüşü;
– Milli mədəniyyətin əsasında dayanan mədəni stixiya dünyanın ən modern ideya-estetik axınları ilə uzlaşması;
– Mədəniyyət sisteminin alt sistemləri statusundakı subkulturaların vahid tənzimləyici mədəni paradiqma statusunda olan folklor əsasında mükəmməl təşkili;
– Fərqli mədəni istiqamətlər arasında qarşılıqlı əlaqələrin sistemin özü-nütəşkil prinsipi əsasında tənzimlənməsi və s.
4. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyətində yeni akkultural situasiya Azərbaycan mədəniyyətinin avtonom milli mədəniyyət sistemi kimi Qərb mədəniyyətinə professional marağı şərtlənir.
5. XX əsrin 60-80-ci illərində Qərb mədəniyyəti ilə münasibətlər konteks-tində yaranan yeni akkultural situasiyada Azərbaycan mədəniyyətinin strateji seçimi inteqrasiya olmuşdur.
6. XX əsrin 60-80-ci illərində yeni akkultural situasiyada strateji seçim olaraq assimilyasiya, separasiya və marginalizasiyanın önlənməsini və inteqrasi-yanın reallaşmasını təmin edən başlıca amil ənənəvi mədəniyyətin, folklor təfək-kürünün bu proseslərdə əsas tənzimləyici parametr kimi iştirakı idi.
7. XX əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətində folklorun əsas tənzimləyici parametr funksiyası aşağıdakı mexanizm əsasında reallaşmışdır: əsas xüsusiyyəti etnointeqrativ funksionallıq olan folklor yeni akkultural situasiya yarandığı anda sistemə daxil olan elementlərin yeni düzümünü təmin etmək məq-sədilə aktivləşmiş, onları sistemin özünün semantik strukturuna tabe etdirmiş, başqa sözlə ifadə etsək, etnodifferensial funksiyanı reqlamentləşdirmişdir.
8. XX əsrin 60-80-ci illərində Azərbaycan mədəniyyətində folklor yalnız formal göstəriciləri (janr modelləri, vəzn, qafiyə, dil-üslub xüsusiyyətləri, zahiri dekorasiyası və s.) ilə deyil, milli düşüncə texnologiyası olaraq iştirak etmişdir.
9. Folklorun tənzimləyici parametr funksiyası XX əsrin 60-80-ci illəri Azər-baycan mədəniyyətinin bütün sahələrində, ədəbiyyatda, təsviri və dekorativ-tətbiqi sənətdə, musiqidə, teatr və kino sənətində xüsusi olaraq özünü göstərir.
10. XX əsrin 60-80-ci illərində milli mədəniyyət zəngin mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan, yaradıcılıq texnologiyası baxımından yüksək professio-nallığı ilə seçilən milli mədəni elita formalaşdırmışdır.

QAYNAQLAR

1. Dəmirbəyli T. (2013). Akkulturasiya, N-Printstudio
2. Дробноход А. «Аккультурация в межкультурной коммуникации» Рефераты –Психологическая антропология. Этнопсихология brunner.kgu.edu. ua/index.php?option=com_content&view=article&id...
3. Эфендиева И. (1974). Новое в Азербайджанской песне. Баку
4. Əfəndiyev R. (2001). Azərbaycan incəsənəti, Bakı
5. Hacıyeva N. (2013). Cavad Mircavadov. Həyat və yaradıcılığı. Sərvət, rəngkarlıq, qrafika. Bakı, Şərq-Qərb
6. Kramer. E. M. (1992).Consciousness and culture. In E.M.Kramer(Ed.) Consciousness and Culture: An Introduction to the Thought of Jean Gebser.(pp.1-60).Wesport. CT:Greenwood
7. Kramer. E. M.(2000). Cultural fusion and the defense of difference. In M.K. Asante & J.E.Min(Eds.) Cocio-cultural Confict between African and Korean Americans (pp.182-223). New York: University Press of America
8. Кожинов В.В. Россия как уникальная цивилизация и культура. http://www.usinfo.ru/oniimy39.htm
9. Очерки истории азербайджанского кино. (2001). Баку

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.