Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
 
Füzuli BAYAT
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutu
[email protected]

Heyvan təqlidli oyundan heyvanla savaş oyununa

Xülasə

Oyun ətraf aləmlə, canlı və cansız varlıqlarla təmas olub milli düşüncə və ifadə forması-dır. Qonar-köçər maldar türklərin oyunları da onların psixologiyası, sosial yaşamları, tarixləri haqqında bilgi mənbəyidir. Ona görə də türklərin oyunları, əsasən də mövsümlük rituallarını simvollaşdıran oyunları heyvan üzərində qurulmuşdur. Sakral sayılan bu oyunların kökü şamanlıqla bağlı olub, heyvan obrazlarının təmsil edilməsi ilə müşahidə olunur. Şamanın kamlıq zamanı göstərdiyi bütün oyunlar heyvan dünyası ilə bağlıdır. Heyvanları simvolizə edən oyunların böyük bir qismi ovçuluq mədəniyyətinin payına düşür. Ovçuların ovdan öncə heyvan qoruyucusu iyənin könlünü almaq üçün keçirdikləri ayin-oyunlarda ovlanacaq heyvanlar canlandırılır, beləliklə, onların ovlanması üçün bir növ icazə alınırdı. Bu oyunlar əslində şaman qaynaqlı olub ov qaydalarına uyğunlaşdırılmışdı.
Heyvanlarla oyun və ya heyvan rolunda keçirilən oyunları daha çox uşaqların oynadı-ğını nəzərə alsaq, türk cəmiyyətində savaş qabiliyyətini inkişaf etdirmək üçün kiçik yaşlardan başlayaraq fiziki və psixoloji qabiliyyətin möhkəmləndirilməsinə başlandığını görmüş oluruq.
Məqalədə heyvan təqlidli oyundan heyvanla savaş oyununa qədər oyunun geniş mənzə-rəsi yaradılmağa çalışılmış, şamanlıqdan müasir dövrə qədər dəyişən oyun elementləri haqqında bilgi verilmişdir.
Açar sözlər: şamanlıq, heyvan oyunları, təqlid rolları

FROM THE GAME OF ANIMAL IMITATION TO THE FIGHT
GAME WITH ANIMALS

Summary

Game has been in contact with the living and inanimate creatures and a form of expres-sion of national thought. The games of nomadic cattle-breeder Turks are info source about their psychology, social livings, history. That’s why the games of Turks, especially the games which symbolize seasonal rituals are based on animals. The root of these sacred games deal with the shamanism and is observed with the representing images of animals. All games which shaman show deal with the animal world. A large part of games which symbolize animals is about hun-ting culture. In ritual games which hunters hold to comfort the animal protector before hunting the caught animals are visualized, the permission is asked for hunting. These games are shama-nic source and coordinated to the hunting rules.
If we take into consideration that the children perform the games with animals and playing the role of animals we can see the beginning of strengthen physical and psychological ability for developing fight ability in Turkic society.
In the article from the game of animal imitation to the fight game with animal the broad scenery of game is created, the information is given about the game elements which change from shamanism to a modern time.
Key words: shamanism, animal games, imitation roles

ОТ ИГР ИМИТИРУЮЩИХ ЖИВОТНЫХ К ИГРАМ ВОЮЮЩИХ С НИМИ

Резюме
В мире игр, соприкосновение живых и не живых существ является формой выражения национального мышления. Игры у тюрков-кочевников, занимающихся ското-водством, определяют их психологию, социальное существование и является источником их истории познания. Поэтому игры турков, а именно, календарно-ритуальные игры соз-даются на основе игр символизирующих животный мир. Эти игры считаются сакральны-ми и корнями они исходят к шаманизму, поэтому они и представлены образами живот-ных. Все игры при камлании (ритуале) Шамана связаны с изображением мира животных. Большинство игр символизирующих животных относится к охотничьей культуре. Перед охотой охотники задабривают покровителя животных обрядовыми играми, оживляя их, на которых будут охотиться, таким образом, как бы просят разрешение на их истребле-ние. На самом деле эти игры корнями уходят к шаманам и соответствуют правилам охоты.
Игры животных или играть роль животного в основном дают детям, и, принимая это во внимание, в тюркском обществе с малых лет развивают воинские и физические на-выки, укрепляют психологические способности.
В статье дается широкая панорама игр имитирующих животных к играм воюю-щих с ними. Познавателен тот факт, что начиная с шаманизма игры, меняют свои элемен-ты и обновленные доходят до наших дней.
Ключевые слова: шаманизм, игры животных, роли подражания

Giriş

Hər bir xalqın və millətin özünü ifadə forması olan oyun, insanın tarix bo-yunca ətraf aləmə təsir və əks təsirində əsaslı olduğu üçün tarixlə, onun sosiallaş-masında mühüm rol oynadığı üçün sosiologiya ilə, fərd kimi inkişafında önəmli yer tutduğu üçün psixologiya ilə, öyrətdiyi, tərbiyə etdiyi üçün təhsillə, fiziki və zehni cəhətdən yetişməsinə yardım etdiyi üçün tiblə, fiziki sağlamlığını qoruduğu üçün də idmanla bağlıdır. Oyun memarlıqla, incəsənətlə və müxtəlif elm sahələri ilə əlaqəlidir. Oyun, eyni zamanda cəmiyyətin var olmağını şərtləndirən mədəniy-yətin bütün atributlarını gələcək nəsillərə ötürən fəaliyyət növüdür.
Türk tarixi orta və əski çağlara getdikcə əkinçi yox, heyvan saxlayan – mal-dar bir təsərrüfat tipi olduğu üçündür ki, mövsümlük rituallar və onları simvol-laşdıran oyunlar daha çox bitki üzərində deyil, heyvan üzərində qurulmuşdur. Təbii ki, ritual qaynaqlı bütün oyunlar qutsal sayılmışdır. Çünki onu uğur, bərə-kət, bolluq yaratmaq üçün oynadıqları kimi, ondan xəstələri sağaltmaq, itən əşya-ları tapmaq, ədaləti bərpa etmək üçün də istifadə edirdilər. Belə oyunlardan biri də heyvan təqlidli oyunlardır. Ancaq bəzi oyunlar, özəlliklə qumar oyunları, stol-üstü oyunlar və s. bu kateqoriyaya daxil deyildir.
Bunları nəzərə alan J.Huizinga miflərin və ritualların da oyundan çıxdığını bildirir. Onun fikrincə, həm mifologiyanın, həm də ritualın kökündə oyun vardır (Huizinga: 9, 2013). Oyun, hər şeydən öncə könüllü bir fəaliyyətdir. Bu, oyunun müstəqilliyi ilə bağlı məsələdir. Belə ki, oyun gündəlik həyat fəaliyyətindən fərq-li olub, özünəməxsus dünyası olan, özünəməxsus qaydaları olan xüsusi bir hadisədir. Ona görə də hər bir oyun insanı özünə cəlb etməklə onu sehrləmiş olur. Hər bir oyunun qaydası mütləqdir və bu, oyunçuların oyunun bütün şərtlərini qəbul etmək anlamına gəlir. Oyun oyunçuların könüllü şəkildə razılaşdıqları və zövq almağa dayanan fəaliyyət növü olsa da, heç bir zaman bütöv bir yaşamı əvəz edə bilməz. İnsanın işləmək, yemək, yaşamaq kimi təbii təlabatları, bəlkə də, geniş mənada oyun olsa da, burada bəhs olunan oyunun dışındadır. Ancaq oyun səmimiyyət üzərində qurulduğundan birlikdə hərəkət etməkdən, yardımlaş-mağa, rəqib olmağa, yarışmağa qədər hər şey vardır. Xüsusən uşaq oyunları səmimi şəkildə qurulan və mənşəyi baxımından ritual-mifoloji çağla bağlantılı olandır. Burada qeyd olunması gərəkən əsas məsələ uşaq oyunlarının daha çox səmimiyyət üzərində qurulmasıdır.

1. Qutsal şaman oyununda heyvan təqlidi
Mif qutsalın sözə, ritualın göstəriyə dönüşməsi və ya funksionallaşmasıdır. Mif dünyasının bu özəlliyi konkretləşmiş formada həm səmavi, həm də fəlsəfi dinlərdə sözün duaya, ritualın da ibadətə çevrilməsinə bərabərdir. Ancaq bütün hallarda söz tamaşadan, göstəridən, dua da ibadətdən daha önəmlidir. Eyni ilə təsəvvüfdə bu, özünü zikr və səmah münasibətində göstərir. Zikr və səmah mü-nasibəti söz və oyun, mif və ritual əlaqənin başqa bir şəklidir. Həm də bu qar-şılıqlı əlaqə bütün hallarda həm ilkinlik, həm də törəmə halında qutsal şaman oyunundan çıxmışdır.
Bir çox araşdırmaçının da yazdığı kimi, oyunların kökünün bu və ya digər şəkildə şamanlığa bağlanması əslində şamanın kamlıq zamanı göstərdiyi ritual-mifoloji anlamlı oyunun transformasiyaya uğramış variantıdır. Şaman söyləməsi ilə kamlıq arasındakı əlaqə miflə ritual münasibətin başqa variantıdır. Ancaq ritualla mif arasında bəzi fərqli və oxşar cəhətlər də vardır. Ən fərqli cəhət ritualın qəlibləşmiş davranışlar və törələr sistemi olmasıdır. Mif isə ritualın sözə dönüşməsi, ritualla verilən bilgi və mesajın obrazlaşmasıdır. Ritualın bütün növləri (keçid ritualları, inisiasiya ritualları, mövsümlük rituallar və digərləri) oyun xarakterlidir. Burada oynayaraq öyrənmək, öyrənərək oynamaq prinsipi əsasdır.
Şamanın kamlıq mərasiminin bir gündən üç günə qədər sürməsi, şamanın bu müddət ərzində söylədiyi reçitativ formadakı şeir-alqışları və mifoloji bilgiləri təkbaşına göstərilən bir oyun olmaqdan daha çox tamaşaçıların da iştirak etdiyi oyundur. Bu isə çağdaş teatr anlayışının şaman oyunlarında çox əskilərdən var olduğunu isbatlayır. Kamlıq zamanı şamanın at kimi kişnəməsi, qaz kimi qaq-qıldaması, qartal kimi uçması, göy gurultusunu, şimşək çaxmasını, külək əsməsini təmsil etməsi onun bir neçə canlı və cansız varlığa çevrilməsinin təsdiqidir. Şamanın bu təqlid qabiliyyəti daha sonrakı meydan tamaşası aktyorlarının rol oynamalarına çevrilmişdir. Şaman oyun zamanı dünya modelində mərkəzi sim-volizə edən bir ox ətrafında dönür, müxtəlif heyvan və quşları, təbiət hadisələrini yamsılayır. Qutsal mərkəzə insan da, heyvan da, quş da, bizim cansız bildiyimiz əşyalar da toplanmış olur. Şamanın dünyagörüşündə heyvanla insan dünyası arasında fərq yoxdur və heyvan insanın sadəcə bu dünyada deyil, eyni zamanda o biri dünyada da ən yaxın köməkçisi və dostudur. Şaman yuxarıda sada-ladıqlarımızla bərabər həm də özündən keçməklə kainatın dönüşündən, onun mövcud olma mənasına qədər hər şeyi göstərmiş olur. Beləliklə, ən böyük təq-lidçi (vantriloq) olan şaman qutsal oyunu ilə özünü başqa bir dünyaya transfer edir. O, rəqsləri, söylədiyi reçitativ şeirləri ilə qutsal heyvanları, teatral göstəriləri ilə dünyaları, verdiyi kəhanət mahiyyətli bilgiləri ilə toplumun mifoloji dünya-görüşünü simvollaşdırır.
Ona görə də şamanın oyunu, əyləncə və istəyə bağlı adi oyunlardan struk-tur özəlliyi və funksiyasının rituala bağlı olması ilə fərqlilik göstərir. Şaman məlum bir zaman içində, məlum bir məkanda və məlum bir vəzifə yerinə ye-tirmək baxımından cəmiyyətin gizli bilgilərini oyuna dönüşdürərək insanlara çat-dırır. Şaman kamlıq zamanı verə bildiyi mesaja görə oyuna borcludur, çünki oyun şamanı başqa bir insana çevrilməyə məcbur edir (Bayat: 2006, 220).
Oyunun məğzində şamanın o biri dünyanın varlıqlarına bənzəməsi və bir teatr aktyoru kimi rola girməsi vardır. Şamanın quş donuna girməsi, ayıya çevril-məsi əslində rol oynamaqdan başqa bir şey deyildir. O halda şamanın oynaması sadəcə onun rəqs etməsi mənasında olmayıb, ruhlarla oynaması, ruhlarla əlaqə qurmasıdır. O, normal bir aktyordan başqa bir dünyanın oyunçusu olması və ən əsası da əcdadları ilə oynaması ilə seçilir. Əhli-təsəvvüf də mərasim zamanı səma/səmah deyilən oyun vasitəsilə Tanrı ilə rabitə halına keçir. Bu gün ritual anlamını itirmiş folklor oyunları, xalq teatrı da dəyişik dünyalar arasında qırılan və pozulan əlaqənin bərpasından başqa bir şey deyildir və qaynağını şaman-lıqdan, xalq sufizmindən alır.
Yakutların şamana oyun deməsi şamanla oyun əlaqəsini reallaşdırması və ya şamanın oynayan insan olduğunu ifadə etməsidir. Belə ki, şaman termini də oynayan, hoppanan, sıçrayan, rəqs edən adam mənasındadır. Bütün bu qənaətlər oyun kodunun şamanlıqda əsas olduğunu göstərir. Oyun şamanlıqda dış (xarici) aləmdən ayrılmanın, real dünyadan çıxmanın, başqa bir boyuta keçmənin tək yo-lu, şaman mərasiminin əsas ünsürüdür. Şaman rəqslərinə ümumi bir baxışdan şa-manın, əsasən, iki heyvanı simvollaşdırdığını görürük. Bunlardan birincisi at və at minişini simvollaşdırdığı halda, o biri quş uçuşunu simvollaşdırır. A.Saqalayev və İ.Oktyabrskaya (Sagalayev: 1994, 121-122) da şaman kamlığına əsaslanaraq oyunun təbiət kodunu ayğırın kişnəməsi ilə izah etməyə çalışırlar. O halda oyun, insanla təbiət arasında bir əlaqə vasitəsidir. Heyvan və quş kodunun köməyi ilə şamanın çıxardığı oyun, şaquli və üfüqi dünya modelini simvolik formada tamaşaçılara göstərməkdədir (Bayat: 2006, 219).
Heyvan dünyasını rəmzləşdirən şaman oyununa fərqli şəkildə baxsaq, onun başqa bir dünyanın dəyişən, pozulan mənəviyyatını simvollaşdırdığını görmüş olarıq. Başqa dünya varlıqlarının oynaması bu dünyanın normal davranış qay-dalarının çeynənməsi, pozulması kimi qiymətləndirilir. Etnoqrafik materiallardan bəlli olduğu kimi dağ ruhunun və ya tayga iyəsinin oynaması insan toplumunun etik qaydaları dışında tutulur. Belə ki, yeraltı dünyanın hakimi Erlikin qızları da şamanla oynayır və onların bu oyunu normal davranış baxımından tərbiyəsizlik, əxlaqsızlıq kimi anlaşılır. Burada şaman oyun vasitəsilə o biri aləmin qaydalarına müdaxilə etmiş olur.
Konkret formada oyun, təbiətlə cəmiyyət arasındakı fərqi ortadan qaldır-mış olur. Başqa şəkildə söyləmiş olursaq, şamanın oyunu müvəqqəti də olsa, o biri aləmlə gerçək dünya arasındakı fərqləri aradan qaldırmış olur (Bayat: 2006, 219-220). Bu isə bir növ maddi olanla ruhi olanın birləşməsi, bütünləşməsidir. Oyun həm şamanlıqda, həm də təsəvvüfdə qovuşmadır, Haqqa erişmədir və bu tərəfi ilə mistik səciyyə daşıyır. Mövləvi və ələvi-bəktaşi dərvişlərinin səma gös-tərməsi (oynaması) əslində şamanın kosmik oyununun mükəmməl formasıdır.
Xalq süfizmində səma/səmah sadəcə vəcdə gəlmək deyil, Haqqa ulaşmaq-dır, Haqq ilə xalq arasında vasitədir, rabitədir ki, bütün növləri özündən keç-məklə müşahidə olunur. Bir risalədə də yazıldığı kimi «Səmah, çağrıya vəsi-lədir... Səmaha girəndə başlarından sarıqlarını atıb qurşaqlarını açarlar, tərləyərlər və tərləri töküləndə bilgisizlikləri gedər, əl alar, ətək tutar, mürid olar, bel bağlar, beləliklə, topluluğa girərlər və çağırana uyarlar. Əgər səmah həvəsi olmazsa, çağrıya gəlməzlər; bundan məhrum qalarlar. Buna görədir ki, çağrı sahibinə səmah halaldır.
Üçüncüsü, «sahib-i vəcd» olandır. Çünki o, səmahda malını, mülkünü dü-şünməz, oğlunu, qızını anmaz. Dünyadan gözü yumular. Haqdan yana könül gö-zünün qaranlığı gedər könlünə aydınlıq dolar. Qayğı gedər, canından sevinc qo-par. Yetmədiyi işə yetər. İbadətdə tapmadığı halı tapar. Ağıl boynundan dünya yükünü düşürər. Gözü açılar, könlü cilalanar. Könlündəki sevgi artar. Dayandığı yer Tur (Musa Peyğəmbərin təcəlliyə məzhar olduğu dağ), baxdığı Didar (Alla-hın camalı) olar. İraq bildiyi yaxın görünər. Çöldə istədiyini evdə tapar. Canına Tanrı dolar, uzaqlıq gedər, yaxınlıq gələr. Hər səmahda bu halla hallanar. Bax bunlara səmah halaldır, haram deyildir» (Levend: 1955, 153-163).
Ələvi-bəktaşi fəlsəfəsinin təməl anlayışı olan səmah oynayan insanın özünə, iç dünyasına baxması, özünü tapması, Haqqı bilməsidir. Quş uçuşunu təqlid edən ələvi-bəktaşi səmahları dünyanın dönüşünü təqlid edir. Şaman kimi səmah dönən dərviş də Yaradanda özünü, özündə Yaradanı tapmaqla dünyanı anlamış olur. Bu, həm də cəmiyyətin yaşama fəlsəfəsidir.
Mövləvi dərvişlərinin səmahda öz ətrafında, Günəşin istiqamətində dairəvi şəkildə dönməsi şaman oyunundan qalmadır. Şaman kamlıq zamanı davul çala-raq dünyanın mərkəzi funksiyasını yerinə yetirən ocağın ətrafında dönür, şaman xəstəni sağaldarkən də onun ətrafında dönür, hökmdar seçəndə də gələcək hökmdarı yuxarı qaldıraraq Günəşin dönüşü istiqamətində dönürlər, ordu ölən hökmdarın cənazəsi ətrafında dönür, şaman da ölənin ruhunu o dünyaya yola sal-maq üçün dönərək rəqs edir. Bütün bu dönmələr kainatın (ulduzların, ayın, günəşin, planetlərin) hərəkətini, enerjinin çevrilməsini simvollaşdırmaq üçündür. Şaman oyunu, belə demək mümkünsə, kosmik mənşəli olub qutsal mərkəz ətrafında dönməkdir. Dərviş də səmahda qutsal mərkəzin, bu mərkəzdə yerləşən Tanrının ətrafında döndüyünü göstərmiş olur.
Şaman sadəcə olaraq heyvan və ya quş təqlidçisi deyil, eyni zamanda hey-vana və quşa çevrilə bilən oyunçudur. Belə ki, şaman ayıya dönüşmək üçün ayı dərisi geyirsə, quşa dönüşmək üçün də başına quş lələkləri taxmaqla bərabər, özünə quş qanadları da düzəldir. Bundan başqa, şamanın həm geyimində, həm də davulundakı rəsmlərdə, döymələrdə, qabartmalarda heyvan, quş, balıq, qur-bağa və digər fantastik heyvan təsvirlərinə rast gəlmək mümkündür. Bu da şa-manın daha öncədən var olan qoruyucu Heyvan Ana konsepsiyası ilə üst-üstə düşməsidir. Heyvanla şaman arasındakı əlaqə sadəcə təsvirlərdə, şamanın hey-vana çevrilməsində, şamanın heyvan rəqslərində deyil, eyni zamanda şamanın Heyvan Anasının ölümü ilə şamanın da eyni anda ölməsində qorunmuşdur.

2. Ov rəqsləri və heyvan dünyası
İnsanlıq tarixinin ən əski çağlarından biri olan ovçuluq, əsasən, Altay-Sayan dağlarındakı tayqada yaşayan türk xalqlarında geniş yayılmışdı. Yakutlarda isə meşə və balıq ovçuluğu əsas idi. Ov sadəcə iqtisadi bir məsələ olmayıb, eyni za-manda həyatın bir parçası və sosial-mədəni strukturun əsas ünsürüdür. O ba-xımdan ov cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olduğundan onun bir çox qaydaları və praktik tərəfləri vardır. Ovçuluq cəmiyyətlərində ov qutsal-dır. Qutsal ov zamanı ovçuların heyvanı yamsılayan oyunlar göstərmələri ovun uğurlu olmasını təmin etmək məqsədi daşıyır. Ovçular heyvan rəqsləri ilə heyvan-ların qoruyucusu olan hami ruhun könlünü qazanmaq, ov etmək üçün icazə almaq düşüncələrini həyata keçirmiş olurlar. Ov rəqsləri ovçuların heyvan dünyasına daxil olmaları üçün bir növ vizit kartı vəzifəsini yerinə yetirir.
İnsanlıq tarixində ovçuluq ən qədim zamanlardan mühüm rola malik olmuş-dur. Həyatın əsas ehtiyaclarını qarşıladığına görə insanlar ovun müvəffəqiyyətli keçməsi üçün hər vasitədən istifadə etmişlər. Bunlardan biri ritual məna daşıyan oyundursa, digəri də qutsal qəbul edilən ayinlərdir ki, ova getməzdən əvvəl ovçular heyvanın şəklini çəkib onu müəyyən yerlərindən yaralayırdılar. Bu ri-tualın özü də ritmik oyunla, hərəkətlə, mimika ilə müşahidə olunurdu. Bir çox ov piktoqramları və qayaüstü rəsmləri ritual ov oyunlarını təsvir etmişdir. Məsələn, Qobustanda aşkar edilmiş daşlar üzərindəki zədələnmiş heyvan fiqurları buna sübutdur.
Daha əski çağlarda ovun uğurlu olması, ov iyəsindən ov üçün icazə almaq məqsədilə ovçular özləri müəyyən ritmik hərəkətlərlə heyvanı təqlid edən oyun göstərirdilər. Ovçuların ovdan öncə heyvan qoruyucusu olan iyənin könlünü al-maq üçün keçirdikləri ayin-oyunlarda ovlanacaq heyvanlar canlandırılır, beləliklə, onların ovlanması üçün bir növ icazə alınırdı. Sonralar Altay-Sayan Türkləri və yakut ovçuları ov iyəsini razı salmaq üçün ova şaman dəvət edirdilər və şamanın oyunu da teatrlaşdırılmış şəkildə ovlanacaq heyvanları canlandırırdı. Ovla bağlı oyunların bir çoxunda daha çox təmsil obrazlarından istifadə olunur. Belə ki, heyvan maskalarının və heyvan obrazlarının geniş yayıldığı bu oyunlarda, eyni zamanda bir çox kuklalardan da istifadə olunduğu məlumdur. Hətta altaylı ovçular ova özlərilə bərabər emeget deyilən qoruyucu varlıqları təmsil edən kuklalar götürürdülər. Kuklalardan daha çox Orta Asiya şaman tipi olan bakşılar xəstələri sağaltma seanslarında yararlanırdılar. Altay və Orta Asiya kökənli kuklaların Qafqaz və Anadolu türklərində çeşidli oyunlara vəsilə olması daha sonrakı inkişafla və qismən də qarşılıqlı təsirlə bağlıdır. Kukla oyunlarının bu gün uşaqlar üçün yenidən düzənlənməsi də onun əski ritual mahiyyətini dəyişə bilməmişdir.
Ovun sadəcə olaraq sosial-iqtisadi tərəfləri deyil, həm də inanc tərəfləri vardır və bu iki aspekti işarələyən sözlü və vizual materiallar kifayət qədərdir. Belə ki, simvolik mənalı ritual formasında keçirilən ovun səhnələşdirilməsi, ovla bağlı gizli bilgilərin yalnız şifahi şəkildə deyil, eyni zamanda tamaşa formasında cəmiyyətə çatdırılmasıdır. Ov və ya ovçuluq mifi təsvir, söz və hərəkət dili ilə va-riantlaşır (Bayat: 2007, 211). Təsvir və hərəkət isə daha çox oyunda özünü gös-tərir.
Sosial-iqtisadi ovun əyləncə xarakterli sürək ovuna və ya fərdi ova çevril-məsi dini-mifoloji ünsürlərin zəifləməsinə, bununla da qutsal ov oyunlarının unu-dulmasına səbəb oldu. Sürək ovlarında əsas diqqət heyvanla insanın şərti olaraq adlandıra biləcəyimiz ölüm-qalım oyunudur ki, bu da orta çağ türklərinin savaşçı hazırlamaq üçün istifadə etdikləri ən böyük kütləvi məşq tədbiri idi. Sosial-iqtisadi ov oyunlarında heyvana baxış ov iyəsinin könlünü almaqdan keçirdisə və heyvana münasibət qida mənbəyi şəklindədisə, sürək ovlarında heyvan sa-vaşçının təmsili düşməni rolunda idi. Və beləliklə, oyunun qutsallığı, simvolikliyi oyunun reallığı ilə əvəzlənmiş oldu.
Heyvanla insanın oyunu dastanlarımızda sınaq motivində qorunmuş, savaş-çının fiziki və mənəvi hazırlığını yoxlamaq səviyyəsinə endirilmişdir. «Oğuz Kağan» dastanında Oğuzun Kıatla oyunu, Buğacın buğa, Qanturalının aslan, dəvə və buğa ilə oyunu formasında variasiya edilmişdir. Arxaik dastanlarda da qəhrəmanın fantastik heyvanlarla savaşı savaşçı-düşmən münasibəti üzərinə keçi-rilmişdir. Əslində şaman da Erlikin dünyasında yutpalarla, sarayı qoruyan itlərlə oynayır. Şamanın savaş oyunu epik qəhrəmanın oyununa çevrilmişdir.

3. Heyvanlarla uşaqların müştərək oyunu
Təbiətlə cəmiyyətin bir-birindən tam ayrılmadığı çağ uşaqlıq dönəmidir. Cəmiyyətin üzvü olan uşaqlar, eyni zamanda təbiətin də bir parçasıdırlar. Təbi-ətdən tam qopmayan, ancaq cəmiyyətin üzvü olan uşaqlar təbiətin bir parçası olan heyvanlarla müştərək oyun oynayırlar. Buraya böyüklərin də bəzi ev hey-vanları ilə oynadığını əlavə etsək, oyunun təbiətlə cəmiyyət arasında birləşdirici körpü rolunu oynadığını görərik. Heyvanlarla uşaqların oyunu 1) həm gerçək ev heyvanları ilə oynamaq, 2) həm də heyvan roluna girməklə oynanılır. Əski za-manlardan uşaqların itlərlə, xüsusən də küçüklərlə, pişiklərlə, bəzi quşlarla, xü-susən də cücələrlə, toyuqlarla oynadığı məlumdur. Bu, heyvanla insanın oyun va-sitəsi ilə qurduğu ən yaxın təmasdır, dialoqdur. Əslində körpələr və yaşları 2-3 arası olan uşaqlar heyvanlar kimi qeyri-şüuru bir oyun göstərirlər. Oyun 2-3 yaş-larında olan uşaqlarda fəaliyyətin bütünü deməkdir. Sonrakı yaş dövrlərində uşaqların dərslə, ev tapşırıqları etməklə, məktəblə əlaqədar fəaliyyətləri və s. hey-vanlarla müştərək oyun qavramının sərhədlərini xeyli daraltdı. Təbii ki, buna bax-mayaraq, bütün yaşlarda heyvanlar uşaqların yaxın oyun yoldaşları olmuş və olaraq da qalırlar.
Heyvanlarla canlı təmasın olmadığı yerlərdə uşaqların ya heyvan rolunu öz-lərinin oynaması, ya da heyvanı təmsil edən oyuncaqlarla oynaması vardır. Bu isə uşaqların heyvan dünyası ilə tanışlığında mühüm rol oynayır. Xüsusən kənd yer-lərində uşaqlar heyvan rollu oyunlara daha çox yer verdikləri halda, şəhərlərdə heyvan obrazının yerini oyuncaqlar almış olur. Belə ki, müasir çağda fantastik və bir qədər də qorxunc heyvan oyuncaqlarını nəzərə almasaq, heyvanları təmsil edən oyuncaqlar uşaqların ən sevimli oyun vasitəsi olaraq qalır.
Uşaq dünyası ilə heyvanlar aləmi bir baxıma həm məzmunu və mövzusu, həm də mündəricəsi və kompozisiyasına görə bir-birinə yaxındır. Oyunda sövqi-təbiilik, oyunun körpələr, azyaşlı uşaqlar və heyvanlar üçün bir tələbat olması, özünü ifadə, qismən də özünütəsdiq formasına çevrilməsi bu tip oyunlarda əylən-cənin və əylənərək öyrənməyin əsas olması, oyunun həyatın bir parçası olması, ətraf aləmi dərkin başlıca ünsürünə çevrilməsi və s. uşaq dünyasını oyunu oy-namaq xatirinə deyil, yaşamlarının bir parçasına çevrilmiş heyvanlarla eyni müstə-vi üzərinə gətirir. Ona görədir ki, azyaşlı uşaqların heyvanların «dilini anlaması», onlarla daha tez əlaqə qura bilməsi təbiidir. Heyvanlarla uşaqların müştərək oyununda sanki gizli bir əlaqə, rabitə bağı vardır ki, bu da oynayan tərəflərin bir-birini anlamasını saxlayır, oyunu daha da əyləncəli və anlamlı edir.
Konkret olaraq günlük əyləncələr içində heyvan obrazlarının canlandırıldığı uşaq oyunlarında uşaqların heyvan rolunu oynaması canlı heyvanla oyunun bir başqa formasıdır. Bu oyunlarda, əsasən, qurd və qoyun obrazlarının yer aldığı Azərbaycanda «Qurd baba», «Ana, məni qurda vermə», «Nənə, məni qurda ver-mə» oyunları ilə Anadoluda «Koyun kapmaca», «Kurt baba», «Ebe, beni kurda verme» oyunları daha fəaldır (Azərbaycan folkloru antologiyası: 2009, 408-410; Aslanov: 1984, 18; Təbriz folkloru örnəkləri: 2013, 59; Artun: 1983, 202; Başal: 2007, 253; Caferoğlu: 1994, 52; Türkiye`de Oynanan Geleneksel Çocuk Oyunları: 2011, 25). Bu oyunların hamısının mövzusu eyni olub qurdun qoyun-ları yemək istəməsi formasında variasiya edilir. Bəzən də «Qurd baba» oyununda olduğu kimi əsas iştirakçılar baş çoban, qurd, alabaş və qoyunlar olur. Bir sözlə, oyunda iştirakçılar dəyişsə də, məsələn, qurd, qoyunlar, başçı; əbə, qurd, dəvə; qurd, nənə, quzular anlam dəyişməz olaraq qalır: zəiflə güclünün və ya vəhşi heyvanla insanın oyunlaşdırılmış savaşı. Azərbaycanda «Qurd baba», «Ana, məni qurda vermə» oyunlarının bənzər şəkildə oynanılan bir az fərqli növü «Qaz-lar-qazlar», «Qazlar, ördəklər», «Cücələrim» (Azərbaycan folkloru antologiyası: 2012, 453) oyunlarıdır ki, Anadolu variantı «Kazlar içeriye», «Annem beni kaptırmaz» (Başal: 2007, 260) adı ilə bilinir. Oyunun əsas mövzusu qurdun qazları yemək istəməsidir. Yeniyetmə uşaqların oynadığı bu oyunlarda qurd, qoyun, quzu, qaz, ördək, cücə, tülkü, dəvə kimi heyvanların xarakterik cəhətləri göstərilməklə yanaşı, eyni zamanda uşaqlara həm nənəni, həm də qurdun yeyə biləcəyi heyvanları qoruması öyrədilir. Əslində bu heyvanla savaş oyununun uşaq psixologiyasına uyğunlaşdırılmış əyləncəli variantıdır. Oyunlarda uşaqların quzuları, cücələri, ananı, toyuğu, qazı və s. canlandırması, digər uşaqların və ya uşağın qurd rolunu oynaması ilə teatral bir səhnə qurulmuş olur.
Uşaqların «Siçan-pişik» oyunu da heyvan obrazına girmə ilə müşahidə edilir. İstər yuxarıda adını çəkdiyimiz oyunlar, istərsə də «Siçan-pişik» oyununda oyunun bütün qaydalarına əməl edilir. Təmsili bütün oyunlar heyvanlarla uşaq-ların daha əski əlaqəsinə və ritual köklərinə dayanır.

Son söz
Eramızdan əvvəl oynanılan ən əski oyunlardan (qurd oyunu, buğa güləşi, dəvə yarışı və s.) tutmuş müasir dövrdə oynanılan oyunlara qədər heyvan dün-yası heç bir şəkildə əks qütbdə yer almamış, əksinə dünyanın bütünlüyü, bu bü-tünlük içində bütün varlıqların yaşamı sərgilənmişdir. Şamanın heyvan təqlidi, ov oyunları və nəhayət, uşaqların heyvanlarla oynaması və heyvan rolunu oynaması oyunun daha barışcıl olduğunu göstərir. Ritual qutsallıq yerini savaş hazırlığının inkişafına, o da yerini əyləncəli uşaq oyunlarına buraxmışdır. Ov və kütləvi şən-liklərin böyük əksəriyyətinin qaynağında şaman oyunları və ya kamlamaları var-dır. Xüsusən dramatik məzmunlu meydan tamaşaları ünsürü daşıyan oyunlar şa-man oyunlarının transformasiya olunmuş şəklidir. Belə olduqda uşaq oyunlarını da böyük ölçüdə ritualla və xüsusən də, şamanlıqla bağlamaq mümkündür.

QAYNAQLAR

1. Artun E. (1983). Tekirdağ folklorundan örnekler. Tekirdağ, Taner Matbaası
2. Aslanov E. (1984). El-oba oyunu, xalq tamaşası. Bakı, İşıq
3. Azərbaycan folkloru antologiyası. (2009). IV kitab. Şəki folkloru. I cild / Tərtib edənlər: H.Əbdülhəlimov, R.Qafarlı, O.Əliyev, V.Aslan. Bakı, Səda
4. Azərbaycan folkloru antologiyası. (2012). Naxçıvan folkloru. III cild / Tərtib edənlər: M.Cəfərli, R.Babayev. Naxçıvan, Əcəmi
5. Başal H.A. (2007). «Geçmiş yıllarda Türkiye`de çocuklar tarafından oynanan çocuk oyunları», Uludağ Universitesi Eğitim Fakultesi Dergisi, XX (2)
6. Bayat F. (2006). Ana Hatlarıyla Türk Şamanlığı, İstanbul, Ötüken
7. Bayat F. (2007). Türk Mitolojik Sistemi. Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji, Cilt 2, İstanbul, Ötüken
8. Caferoğlu A. (1994). Anadolu Dialektolojisi Üzerine Malzeme. Ankara: TDK Yayınları
9. Huizinga J. (2013). Homo Ludens. Oyunun toplumsal işlevi üzerine bir deneme. Çeviren: M.A.Kılıçbay, İstanbul, Ayrıntı
10. Levend A.S. (1955). «Aşık Paşaya Atfedilen İki Risale». Türk Dili Araştırmaları Yıllığı. Belleten, Ankara
11. Сагалайев А.М. (1990). Октябрская И.В., Традиционное Мировозрение Тюрков Южной Сибири. Знак и Ритуал, Новосибирск, Наука
12. Təbriz folkloru örnəkləri. (2013). I kitab / Toplayıcılar: K.Abbasi, Ə.Fərəhmədi, Ə.Bərazəndə, M.Ə.Muqəddəm. Bakı, Nurlan
13. Türkiye`de oynanan geleneksel çocuk oyunları. (2011). Hazırlayanlar: M.Erçelik, N.Doğanoğlu, L.Koç, N.H.Köklüsoy, İ.Çetin, H.Sayın, A.Çağlar. Konya, Akif Paşa İlkokulu

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.