Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
10.11.2020

AMEA Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru”
şöbəsinin aparıcı elmi işçisi
fil.ü.f.d., dos.Ləman Vaqifqızı (Süleymanova)

İşğal dönəmində Dağlıq Qarabağda türk əhalinin sayı niyə az olub?

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ata-baba torpaqlarımıza ermənilər köçürülməyə başlandı. Hətta tarixi torpaqlarımızda Ermənistan adlı “dövlətin” qurulmasına qədər irəli gedildi. Bu da yetməzmiş kimi Dağlıq Qarabağ və ətraf rayonlar da işğal olundu. Acı da olsa, işğal dönəmində Dağlıq Qarabağ ərazisində türk əhalinin sayı ermənilərlə müqayisədə az olub. Təbii ki, bu tarixən belə olmayıb. Bu məsələnin izahı ilə bağlı həm Azərbaycan arxivlərində, həm Rusiya, həm də digər ölkələrin arxivlərində xeyli sənəd mövcuddur. Biz bu yazıda folklor toplamaları zamanı Dağlıq Qarabağın Xocavənd rayon sakinlərinin dilindən eşitdiklərimizi vermək istədik. Yazıda həmçinin SMOMPK məcmuəsində bu məsələ ilə bağlı çap edilən bəzi materiallara toxunmuşuq.
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII saylı Qanununa əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunaraq Hadrut və Martuni rayonlarının bazasında Xocavənd rayonu yaradılıb. Ərazisi 1458 km2 idi, 1 şəhər (Xocavənd şəhəri – rayon mərkəzi), 2 qəsəbə və 82 kəndi var idi. Əhalisinin sayı işğaladək 39,600 nəfər təşkil edirdi, hal-hazırda isə 42,7 min nəfərdir. Ərazinin işğalına qədər Azərbaycan türklərinin sayı 7,400 nəfər idi, 2014-cü ildə isə 11,814 nəfər olmuşdur. Yəqin ki, 2014-cü ildən sonra da əhalinin sayında artım olub.
Bəs nə üçün ərazidə ermənilərlə müqayisədə Azərbaycan türklərinin sayı bu qədər azdır? Bu sualın cavabını Xocavənd rayonundan didərgin düşmüş yaşlı əhali ilə söhbətlərimizdə tapdıq. Onlar Çar Rusiyası dövründə və sonrakı illərdə ermənilərin dəfələrlə Azərbaycan türklərinin yaşayış məskənlərinə soxulması, əliyalın əhalini kütləvi şəkildə qətlə yetirməsi, onlara ağılagəlməz işgəncələr verməsi haqqında xatirələri kövrələ-kövrələ danışırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, rayonun Qaradağlı kəndi ötən əsrdə 3-4 dəfə yandırılıb, sağ qalan kənd sakinləri öz el-obasından didərgin düşüb, sonralar həmin insanların bir qismi yenidən Qaradağlıya qayıdaraq bu kəndi yenidən salmağa müvəffəq olublar. Yaxud Ağcabədi rayonunun Xocavənd kəndinin sakinləri məhz Martuni rayonunun Xocavənd kəndindən erməni basqınları zamanı köçən əhalinin törəmələridirlər. Axullu kəndinin sakinlərinin dediyinə görə, bu kənd də 1918-ci ildə yandırıldıqdan sonra əvvəlki yerində deyil, bir az aşağıda salınıb. Dağlıq Qarabağdan vaxtilə didərgin düşmüş əhalinin böyük bir qismi də Beyləqan, İmişli və s. rayonlarda kütləvi şəkildə məskən salıblar. Həmin rayonların yaşayış yeri kimi seçilməsinin əsas səbəbi bu rayonların ərazisinin Dağlıq Qarabağ əhalisinin qışlaq yeri olmasıdır. Yaylaq yerləri əllərindən çıxan, var-dövlətləri talanan camaat bu gün də orada yaşayanlar tərəfindən “İsti Sibir” adlandırılan Haramı düzündə məskunlaşmağa məcbur olub. Yerli özünümüdafiə dəstələrinin həm ötən əsrin əvvəllərində, həm də sonlarında erməni quldurlarına qarşı mübarizəsi də bu gün əhali arasında ağrılı-acılı xatirələr kimi yaşamaqdadır.
Kolxozlaşma başlayanda kolxozlar yaratmaq adı ilə bölgənin kəndləri bir-biri ilə birləşdirilmiş, birləşdirilən kəndin əhalisi oradan digər kəndə köçürülmüş, ərazisi isə erməni kəndlərinə verilmişdi. Bəhrəmli kəndi bu dövrdə Əmirallara, Vərəndəli kəndi isə Qaradağlı kəndinə birləşdirilmişdir.
1988-ci ildə Xankəndində ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək tələbi ilə separatçı mitinqlərə başlayandan bu bölgənin əhalisinin də qara günləri yenidən başlayıb. Əhali həmin dövrü “daşlaşma”, “ağaclaşma” dövrü kimi xatırlayır. Nisbətən yüksəkdə yerləşən erməni kəndlərindən, demək olar ki, hər gün Azərbaycan kəndlərinə daş yağdırılır, od vurulmuş təkərlər ot tayalarına, tövlələrə doğru yuvarladılır, yolla gedən dinc sakinlər təklikdə ələ keçən kimi ağacla döyülürdülər. Az bir müddət içində “daşlaşma”, “ağaclaşma” dövrü ən müasir silahlar vasitəsilə edi-lən gülləbaranlarla əvəzləndi.
Xocavənd rayonunun işğalı 1991-ci ilin 30 oktyabrında Tuğ kəndinin didərgin düşməsi ilə başlayır və 1993-cü ilin 23 avqustunda Günəşli kəndinin işğalı ilə başa çatır. İşğaldan sonra bütövlükdə Dağlıq Qarabağdan əlimizdə kiçik bir ərazi – yalnız Nərgiztəpə abidəsi qalmışdı.
Rayon 13-ü qadın, 13-ü uşaq olmaqla, ümumilikdə 145 nəfər şəhid verib. Qaradağlı müsibəti Xocavənd rayon sakinlərinin məruz qaldığı dəhşətli faciələrdən biridir. Hər tərəfdən vaxtilə ermənilərin zəbt edərək yaşadıqları kəndlərlə əhatə olunan Qaradağlı camaatı, demək olar ki, hər gün gülləbaran altında qalsa da, təslim olmaq istəmirdi. Odur ki, arvad-uşağı kənddən çıxarıb əli silah tutan kişilər və onların qulluğunda duran qadınlar kənddə qalırlar. Ancaq 1992-ci ilin 17 fevralı onların kənddə keçirdikləri son gün olur. Kəndi hər tərəfdən mühasirəyə alan ermənilər 118 nəfəri əsir alırlar. Onlardan 10 nəfəri də qadın idi. Əsirlərdən 66 nəfər cavan seçilərək güllələnir və ölülərlə birlikdə yaralılar da silos quyusuna gömülür. Sağ qalanların az bir qismi sonradan geri qaytarılsa da, bir qismindən bu gün də xəbər yoxdur.
SMOMPK jurnalında isə ermənilərin tarixi Azərbaycan ərazilərinə qaçqın kimi gəlmələri elə onların öz dilindən verilmişdir. Qısaca olaraq qeyd edək ki, Qarabağ folklorunun toplanmasına hələ Çar Rusiyasının dövründən başlanıb. Ruslar işğal etdikləri əraziləri daha yaxşı idarə edə bilmək üçün əvvəlcə həmin əraziləri və oraların əhalisini öyrənirdilər. Onlar bu məqsədlə SMOMPK adlı məcmuə nəşr etdirirdilər ki, burada da bütün Qafqaz xalqlarından toplanmış etnoqrafik materiallar və folklor mətnləri çap olunmuşdur. Bu məcmuənin müxtəlif buraxılışlarında digər bölgələrimizlə yanaşı, Qarabağ ərazisindən (həmin dövrdə Qarabağ inzibati baxımdan Yelizavetpol (Gəncəyə rusların verdiyi ad idi) quberniyasına daxil olduğu üçün bu materiallar quberniyanın digər ərazilərindən toplanmış materialların tərkibində verilmişdir) də qeydə alınmış xeyli material nəşr olunmuşdur. Onların arasında bölgənin coğrafiyası, əhalisi, əhalinin məşğuliyyəti, adət-ənənəsi, mərasimləri və s. etnoqrafik materiallar da xeyli yer tutur. Onu da qeyd etmək maraqlı olar ki, bu materiallar arasında Qarabağda yerləşdirilmiş ermənilərdən toplanmış mətnlər də var. Həmin materialların toplayıcıları da erməni millətinin nümayəndələridir. Bu mətnlərdə ermənilər özləri də əraziyə gəlmə olduqlarını etiraf edirlər. Məsələn, SMOMPK-in 25-ci buraxılışının II şöbəsində Şuşa qəzasının Daşaltı kəndindən toplanmış materiallarda göstərilir ki, qaçqın ermənilər XIX əsrin əvvələrindən bu kənddə yerləşiblər (9, səh. 101-136). Və yaxud Çaykənddən toplanmış mətndə əvvəlcə kəndin adının izahı verilir, sonra kəndin 90 yaşlı yaşlı qocası Petros Ter Akopovun Çaykəndi necə ələ keçirmələri haqqında söhbəti verilir. O deyir ki, Sisianov Gəncəni ələ keçirəndə onlara bu əraziləri işğal etməyə kömək etdik. Onlar da bizə çoxlu müsəlman (Azərbaycan – L.V.) torpağı, həm də Çaykəndi bağışladılar (9, səh.59-100).
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın Rusiya tərəfindən işğalına qədər bu ərazidə erməni yaşamayıb, onlar həm Qarabağ, həm də indi Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarına ruslar tərəfindən köçürülüblər.
Axır ki, bu tarixi ədalətsizliyə son qoyulmaq üzrədir. Şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızın xeyli hissəsini azad edib ki, bunun da bir qismini Dağlıq Qarabağ, o cümlədən Xocavənd rayonunun əraziləri təşkil edir. Ürəkdən inanırıq ki, noyabr ayı tam qələbəni qeyd etdiyimiz ay olacaq.

 

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.