Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.5.2015

Alim ömrünün fəsilləri

Ədəbiyyatşünaslığın keçdiyi yolda onun ağırlığını çəkən, ona bir dinamika gətirən şəxsiyyətlər olur ki, belələrinin böyük istedad və zəhmət bahasına yazılmış əsərləri yeni-yeni tədqiqatlara rəvac verir, onların tərcümeyi-halları elmi, ədəbi mühitdə sanbal və nüfuz göstəricisinə çevrilir. Siyasi proseslərin ədəbi, elmi mühitə ciddi təsir göstərdiyi, ictimai formasiyaların dəyişdiyi zaman və məkanda elmi yaradıcılıq yolunu ləyaqətlə davam etdirmək və məşğul olduğu işin hər cür əzabına qatlaşmaq alimdən böyük mətanət tələb edir. Elmin ilk pillələrində addımlarını cəsarətlə atan və məşğul olduğu sahənin inkişafında böyük qatqıları olan Muxtar Kazımoğlu (İmanov) məhz belə bir həyat – əsl alim tərcümeyi-halı yaşayıb. İstər-istəməz ötən yüzilliyin 80-ci ilini xatırlamalı oluram. Həmin il eyni vaxtda ikimiz də Nizami adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun sədr olduğu komissiya qarşısında fərqli ixtisaslara imtahan verib aspirant adını qazanmışdıq. O zaman Muxtar İmanovun (Kazımoğlu) seçdiyi ədəbiyyat nəzəriyyəsi ixtisası onun elmi uğurunun ilk zəmanəti oldu. Bundan sonra səksəninci illərin elmə bağlı gəncinin yuxusuz gecələri başladı. O yorulmadan araşdırmalar apardı, məqalələr yazdı, əvvəlcə "Müasir Azərbaycan nəsrində psixologizm" mövzusunda namizədlik (1984), sonra isə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq (2007) dissertasiyasını uğurla müdafiə etdi.

Muxtar Kazımoğlu - 60

Azərbaycan Yazıçılar Birliyi görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlunu (İmanovu) anadan olmasının 60 illiyi münasibətilə təbrik edir. M.Kazımoğlunun "Müasir Azərbaycan nəsrində psixologizm", "Gülüşün arxaik kökləri", "Xalq gülüşünün poetikası", "Folklorda obrazın ikiləşməsi", "Folklor həm keçmiş, həm də bu gündür" və s. kimi fundamental monoqrafiyaları ədəbiyyatşünaslıq və folklorşünaslıq elmimizə dəyərli töhfədir. Zəhmətkeş alimin təşkilatçılıq bacarığı və tədqiqatçılıq səriştəsi sayəsində rəhbərlik etdiyi Folklor İnstitutu təkcə Azərbaycan çevrəsində deyil, ümumtürk arealında da yeni-yeni uğurlara sahib çıxmaqdadır.
"Ədəbiyyat qəzeti"nin kollektivi də bu təbrikə qoşularaq M.Kazımoğluna əngin yaradıcılıq üfüqləri və möhkəm cansağlığı arzulayır.

Elm yolunda atdığı ilk addımlarının şahidlərindən biri kimi Muxtar Kazımoğlunun otuz illik elmi fəaliyyətinin yüksəlişinə sevinmişəm. Bu yüksəliş nəhayət, ötən il onu AMEA-nın müxbir üzvü adını qazanmağa gətirib çıxardı... Zatən, belə də olmalı idi. Çoxsaylı fundamental tədqiqatları, apardığı ciddi elmi-nəzəri araşdırmalar ona bu adı çoxdan yaraşdırmışdı, indi qalırdı rəsmiləşdirmək. Ancaq yaş da yerində dayanmır, artıq altmışdır. Ədəbi, elmi mühitdəki davranışında, yaradıcılığında sabitliyi qoruyub saxlayan dostumuzun çoxcəhətli fəaliyyəti haqqında bir məqalə belə yazmamağım özümə də təəccüblü gəlir... Aspirantlıq müddətindən – onu tanıdığım ilk vaxtlardan bəri bir tədqiqatçı-alim, redaktor və nəhayət, elm təşkilatçısı kimi uğurlarının altında gizlənən sadəlik, təvazökarlıq, özünü gözə soxmamaq, necə deyərlər, reklam olunmamaq xarakteri, görünür, mənə də öz təsirini göstərib...
Muxtar Kazımoğlunun çoxşaxəli elmi yaradıcılığının iki istiqamətini xüsusi qeyd etmək istəyirəm: a) bədii psixologizm problemi və folklorşünaslığın nəzəri problemlərilə bağlı sanballı tədqiqatları; b) Folklor İnstitutunun direktoru olduqdan bu yana folklorşünaslıq elminin yeni inkişaf mərhələsində folklor siyasətini uğurla həyata keçirməsi. Bu iki istiqamət zahirən, olsun ki, müxtəlif istiqamətlər kimi nəzərə çarpsın, lakin Muxtar Kazımoğlunun alim ömründə bu istiqamətlərin uğurlu qovuşuğu çağdaş ədəbiyyatşünaslıq elmimizin ən yaxşı bir nümunəsi kimi diqqəti cəlb edir.
Muxtar Kazımoğlu ədəbiyyatşünaslıq elminə ötən yüzilliyin 80-ci illərində gəldi. Bu zaman elmə yeni gələn gənclər arasında ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin rəqabəti kontekstində gizli bir marafonda kimin irəliyə çıxacağı ilə bağlı söhbətlər gedirdi. Muxtar Kazımoğlu illərdən bəri formalaşmış hər iki yolun nümayəndələrinin yaradıcılıq istiqamətlərini qovuşdurmağın daha səmərəli olduğunu dərk etdi. Əlbəttə, bu işdə böyük təcrübəsi olan akademik İsa Həbibbəyli nümunəsinin də rolu az olmamışdı. O zaman İsa müəllim "Romantik lirikanın imkanları" adlı namizədlik dissertasiyasını yenicə müdafiə etmiş, elmi yaradıcılığında ədəbiyyat tarixçiliyi ilə nəzəriyyənin vəhdətini yarada bilmişdi. Ümumən ədəbiyyatşünaslıq elminin qarşısında duran çağdaş tələblər də bunu şərtləndirirdi. Ədəbiyyatşünaslığımızın M.Arif, M.C.Cəfərov, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev, M.Seyidov səviyyəsini yalnız bu iki istiqamətin bərabər şəkildə qovuşuğu fonunda qoruyub saxlamaq mümkün idi...
Muxtar Kazımoğlunun ilk tədqiqat işində məhz bu iki amil nəzərə alınmışdı: 60-cı illər Azərbaycan nəsri faktoloji materiallar əsasında sosioloji cəhətdən deyil, məhz nəzəri problem – psixologizm problemi baxımından araşdırılırdı. Gənc ədəbiyyatşünasın ilk tədqiqatının çox az işlənmiş problemə həsr edilməsi onun sonrakı yaradıcılıq istiqamətini də müəyyənləşdirmiş oldu. Altmışıncı illər nəsrinin görkəmli nümayəndələri İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Ç.Hüseynov, Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadə və başqalarının nəsrini psixologizmin təzahürü, ümumi səciyyəsi və bədii funksiyası kontekstində araşdırmaq ədəbi prosesdə ədəbiyyatşünaslığın rolunu və varlığını bir daha təsdiq etdi. Muxtar Kazımoğluna qədər ədəbi prosesdə altmışıncıların yaradıcılıq keyfiyyətləri ilə bağlı bir sıra əsərlər yazılmışdısa da, altmışıncılar nəsri üçün səciyyəvi olan psixologizmin elmi-nəzəri əsasları sistemli və əhatəli şəkildə işlənməmişdi. Gənc tədqiqatçının altmışıncılar nəsrini nəzəri istiqamətdə araşdırması problemin mahiyyətini açmağa yaxından kömək etdi. Tezliklə bu tədqiqatın akademik M.C.Cəfərovun redaktorluğu ilə nəşr edilməsi (Muxtar İmanov. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, "Yazıçı", 1991) elmi mühitdə mövcud olan böyük bir boşluğu aradan qaldırmış oldu. Tədqiqatçının 80-ci illərin ortalarında gerçəkləşdirdiyi, bir qədər sonra monoqrafiya şəklində çap etdirdiyi bu araşdırması bu gün də öz elmi dəyərini qoruyub saxlayır.
"Müasir Azərbaycan nəsrində psixologizm" araşdırması ilə bir tədqiqatçı kimi formalaşan Muxtar Kazımoğlunun bu monoqrafiyası yalnız onun fərdi uğuru deyil, həm də ümumən 80-ci illər tənqidçi və ədəbiyyatşünas nəslinin uğurudur.
Maraqlıdır ki, Muxtar Kazımoğlunun bu monoqrafiyasının sonuncu fəsli "Psixoloji nəsr və folklor" adlanırdı. Xalq ədəbiyyatı ilə bağlılığı, fantasmaqoriya və mifologizmə müraciəti bədii nəsrin səciyyəvi bir cəhəti hesab edən tədqiqatçı bununla həm də gələcək elmi istiqamətini müəyyənləşdirmiş oldu. Filologiya elmləri doktoru Arif Abdullazadənin rəhbərliyi ilə Nizami adına Ədəbiyyat İnstitutunun kollektiv şəkildə hazırladığı "Ədəbiyyatda şəxsiyyət konsepsiyası" (Bakı, "Elm", 2000) kitabında da Muxtar Kazımoğlu 60-cı illər bədii nəsrində folklor modellərini araşdırmaqla özünün ədəbiyyatşünaslıq fəaliyyətinin xalq ədəbiyyatı ilə bağlı ağırlığını ortaya qoymuş oldu. Bütün bunlar Muxtar Kazımoğlunun gələcək tədqiqat istiqamətinin xalq yaradıcılığının nəzəri kontekstdə araşdırılmasına yönəldiyini göstərdi.
Muxtar Kazımoğlunun onlarla məqaləsində və fundamental tədqiqatlarında Azərbaycan folkloru elmi-nəzəri araşdırma obyektidir. "Gülüşün arxaik kökləri" (Bakı, "Elm", 2005), "Xalq gülüşünün poetikası" (Bakı, "Elm", 2006), "Folklorda obrazın ikiləşməsi" (Bakı, "Elm", 2011), "Folklor həm keçmiş, həm də bu gündür" (Bakı, "Elm və təhsil", 2014) və s. monoqrafiyaları folklorşünaslığın milli zəmində inkişafı üçün konseptual nəzəri mənbə kimi diqqəti cəlb edir.
Muxtar Kazımoğlunun nəzəri tədqiqatları və Folklor institutuna rəhbərliyi sayəsində folklorşünaslıq elmi yeni inkişaf mərhələsini yaşayır. Onun çoxsaylı məqalələri, monoqrafiya və digər kitabları ədəbi, elmi cameədə nüfuz göstəricisi olmaqla yanaşı, son illərdə Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru kimi elmi-təşkilati işlərə rəhbərlik etməsi də yaradıcılıq fəaliyyətinin çoxyönlülüyünü müəyyənləşdirmiş olur. Çox az bir müddətdə institut əməkdaşlarının geniş miqyasda xalq ədəbiyyatı nümunələrini toplaması və nəşr etdirməsi işi məhz onun rəhbərliyilə həyata keçib. Onun rəhbərliyilə institutda yaradılan "Folklorun toplanması və sistemləşdirilməsi" şöbəsi ölkədə və ölkədən kənarda böyük həcmli toplama-tərtib işləri görüb. Qarabağ, Naxçıvan, Lənkəran-Masallı, Muğan, Gəncəbasar, eləcə də Borçalı, Dərbənd və s. bölgələrdə toplanan folklor örnəkləri 20-30-cu illərdən sonra mənəvi sərvətimizə edilən ikinci müraciət dalğasıdır. Bu işlərin bəhrəsi olaraq "Borçalı folklor örnəkləri" (2 cilddə), "Şəki folklor örnəkləri" (2 cilddə), "Masallı folklor örnəkləri" (2 cilddə), "Güney Azərbaycan folkloru" (3 cilddə) kitablarının nəşr olunması başlanmış geniş miqyaslı toplama-tərtib işinin göstəriciləridir. Muxtar Kazımoğlunun rəhbərliyilə "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihə həyata keçirilib və 9 cilddən ibarət "Qarabağ: folklor da bir tarixdir" kitabı çap olunub.
Muxtar Kazımoğlunun çoxcəhətli ədəbi fəaliyyətində tənqidçilik də mühüm yer tutur. Yeri gəlmişkən xatırladım ki, son illər bizim ədəbi tənqidimizdə akademizmin çatışmaması məhz tənqidin mövqeyinin bir qədər zəifləməsinə səbəb olub. Bu mənada Muxtar Kazımoğlunu sözün əsl mənasında akademik ədəbiyyatşünaslığın və akademik ədəbi tənqidin görkəmli nümayəndəsi hesab etmək olar.
Muxtar Kazımoğlu ömrünün və yaradıcılığının məsuliyyətli bir mərhələsini yaşayır. Altmış yaşlı alim ömrünün məhsuldarlığı, sistemliliyi və canlılığı elmi cameədə onun obrazını yaradıb. Bu obrazı o, elmi potensialına, təvazökarlığına, tədqiqatçı zəhmətinə, yaradıcılıq çoxşaxəliliyinə görə qazanıb. Ona yeni-yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıram.

Bədirxan ƏhmƏdov
filologiya üzrə elmlər doktoru,
professor

"Ədəbiyyat qəzeti", 16 - 23 may 2015

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.