Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.4.2015

“Nə ölüm təzədir qoca dünyada,
Nə də ki yaşamaq təzə şey deyil”

Dəyərli insan, yorulmaz alim dostum Muxtar Kazımoğluna

Əziz və dəyərli qardaşım Muxtar!
Səni ürəkdən istəyən, uğurlarına sevinib xoşhal olan dostların, həmkarların, xarakterinə, xasiyyətinə, açıqlığına, rəvanlığına, təvazökarlığına, səmimiyyətinə inananlar, sənə qəlbinin mübhəm guşəsində yer verənlər 60 ilinə çələng bağlamağa, səninlə sevinclərini paylaşmağa hazırlaşdığı bir vaxtda sanki qeybdən gələn vahiməli səs-səda hər yerə ildırım sürətilə yayıldı. Qolum qırıldı, yanıma düşdü, yer ayağımın altından qaçdı. Bu xəbərə çoxları özünü inandıra bilməsə də, artıq xəyalımıza belə gəlməyən baş vermişdi. Qoşa qanadının biri qırıldı sən göydə vurulmuş quş kimi yerə çırpıldın.
Özünə yer tapa bilmədin. Sənə təsəlli vermək mümkün olmadı. Çərxi-fələk gül balan Toğrula vaxtsız qıydı. Niyə belə oldu? Aradan nə keçdi? Onu belə gənc yaşında nə üçün həyatdan apardı? Axı təzə-təzə qönçələnirdi, çiçək açacaqdı, bar-bəhər verəcəkdi. Səni, anasını, əzizlərini sevindirəcəkdi, yaşadacaqdı. Vətəninə, xalqına gərəkli övlad kimi yaddaşlara həkk olacaqdı. Böyük uğurlar qazanacaqdı... Nə qədər qəlbi sevindirən, istədiklərini şahvallandıran işlərə imza atacaqdı... Heyif...
Vallah, qardaşım! Nitqim kilidlənib, gözümü sıxıram, içimdə ağlayıram. Özümü ovundura bilmirəm. Ölümün üzü qara olsun. Çox tez qıydı sənin və səni istəyənlərin Toğruluna. Heyif Toğruldan, heyif onun yaşaya bilmədiyi, ömür sürmədiyi həyatından. Sənin kimi gözəl atanın elə də layiqli Toğrul kimi övladı vardı. O, sənin güvənc yerin, ürək təpərin idi. Görən niyə belə oldu?!. Amma bunu da bilirəm ki, yaxşılar çox yaşamırlar. Torpaq onlara qarşı daha qəddardır, onlara tərəf daha çox dartınır, can atır, onları tez öz soyuq, səssiz-səmirsiz, hissiz qaranlıq ağuşuna alır. Alır və sevinir. Sevinir ki, sənin kimi ədəbi, ləyaqəti, insani hiss və duyğuları yalnız humanizm və sevgi ilə həmahəng olan bəşər övladının gözünü yaşlı, qulağını səksəkəli qoymaqla, içini oyum-oyum oysun. Neynəyək?!
Ölüm təzə şey deyil ki, qardaş!.. Bu tək sənin bacandan çıxan tüstü deyil ki? Amma bu bacadan çıxan tüstü çox acıdı. Bu acıya tablanmaq da asan deyil. Allah sənə dünya qədər səbir versin, qardaş. Çünki Toğrul çox az yaşadı. Mixail Lermontov, Çokan Valixanov, Qabdulla Tukay, Sergey Yesenin, Mikayıl Müşfiq və başqa dəyərli vətən övladları kimi az ömür sürdü. Sənə təsəlli verməyi də qarşıma məqsəd qoymuram. Amma bunu yadına salmaq istəyirəm ki, ölümündən bir neçə gün qabaq böyük rus şairi Sergey Yesenin dostu V.Erlixə həsr etdiyi “Salamat qal, dostum mənim, salamat” şerini

“Nə ölüm təzədir qoca dünyada,
Nə də ki yaşamaq təzə şey deyil”
– misraları ilə sona çatdırmışdı.

Ölümün insafı, mürvəti yoxdur, qardaş! Heç nəyə baxmır, onun atı həyat atından daha yüyrəkdir. Öz atını dördnala çapdı. Toğrulu pis yerdə yaxaladı. Onu yarımçıq yolda, səni, anasını, əzizlərini gözüyaşlı qoydu. Amma mən istəyirəm ki, səni Toğrulunun ölümü sındırmasın. Çünki sən yaxşı insansan, təfəkkürün, elmin, mühakimələrin sağlam, ədəb-ərkanın, mənəviyyatın dəyişkən küləklərin fitvasına getməyəndir. Mən səni səbrli, dözümlü görmək istəyirəm. Bu, təkcə mənim yox, səni sevən bütün dostlarının arzusudur. Çünki sən o, balanı böyütməkçün kirpiklərinlə od götürmüşdün, nə qədər əzab-əziyyətlərə qatlaşmışdın.
Hələ Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alarkən zəhmətinlə, idrakınla, öz təfəkkürünün və əməyinin gücü ilə gələcək ömrünün günlərini, aylarını, illərini sıra-sıra kərpic kimi gələcəyinin yoluna hörürdün. Şərəflə, ləyaqətlə ömür yollarında addımlayırdın. Ən kiçik uğuruna uşaq kimi sevinmişdin. Sevinə-sevinə elmin dərinliyinə baş vururdun.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura keçib dəyərli tədqiqat işi ortaya qoyub, elminə, erudisiyana qiymət veriləndə də çox sevinmişdin. Uşaq kimi atılıb-düşmüşdün. Çünki sənin zahirin kimi batinin də təmizdir, katarzislə yoğrulmuşdur. İçi katarzislilər belə təvazökar, açıq, hamıya yaxın olurlar. Sən əvvəlki qiyafəni namizəd də olanda, doktor da olanda, institut direktoru da olanda, AMEA-nın müxbir üzvi seçiləndə də dəyişmədin, qardaş. Elə dəyişməmiş də qalmısan. Neçə-neçə ədəbiyyatşünaslığımız üçün, folklorşünaslığımız üçün dəyərli monoqrafiyalar “Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011), “Epos, nəsr, problemlər” (2011) və s. kimi monoqrafiyalar, materiallar məruzələr hazırlayıb işlər görəndə də, çoxsaylı konfranslar, simpoziumlar təşkil edəndə də, institutda folklor problemlərinin müxtəlif rakurslardan həllinə can atanda da, müasir folklor nümunələrini, bölgə folklorunu, xalqımızın mifoloji-etnoqrafik təfəkkürünü ipə-sapa düzüb yeni-yeni, qalaq-qalaq kitablar araya-ərsəyə gətirəndə də, sən elə özün olaraq qaldın, dəyişmədin, çoxları üçün səciyyəvi olan təkəbbürdən kənar durdun. Hamı sənin belə davranışına heyran oldu. Və, elə düşünürəm ki, bundan sonra da belə olacaq. Çünkü sən xalqımız üçün, elimiz üçün, mənəviyyatımız üçün örnək kimi gərəklisən. Sənə bunu içimdən gələn səs kimi çatdırmaq istəyirəm. Sən özün də bunu bilməlisən. Sənin özünçün belə davranış adi olduğu halda, o davranış həm də insanlığın yüksək mərtəbəsidir. Amma həmin yüksəklik sənin davranışında olduqca adi görünür. Çünki sən adiliyinlə adilsən və alisən. Sənin 60-na özünə layiq sözlər deyəcək, fikirlər söyləyəcəkdim. Toğrulunun ayrılığı sözümü kəsdi, fikirlərimi laməkan etdi...
Əziz qardaşım Muxtar! Həyat sənin 60-ında üstünə qart dişlərini yamanca qıcadı. Amma bu da bir sınaqdır, imtahandır. Axı sən həyatın çoxsaylı sınaqlarından, imtahanlarından alnıaçıq, üzüağ çıxmısan. Sən bu üzüağlığını davam etdirməlisən! Ayağa qalxmalısan, ətrafına göz gəzdirməlisən, səni istəyənlərə görə həyata daha böyük ümidlə baxmalısan. Hələ qabaqda sənin institut üçün, elmimiz, folklorşünaslığımız, xalqımız və vətənimiz üçün əhəmiyyətli görəcəyin işlərin, həyata keçiriləsi planların var.
Səni hər şeyin fövqündə görmək istəyi mənim nəsibim, sənin fəaliyyətin həyatının, ömrünün gün üzü olsun. Heç zaman sarsılma, əziz qardaşım. Sən həyata, yaşamağa, yaratmağa layiq insansan. Adında, soyadında ləyaqətin, imanın və inamın yatıb. Tanrı səni qorusun!

Nizami Tağısoy

"Ədə
biyyat qəzeti", 18 aprel 2015-ci il.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.