Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.12.2012

“Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirildi



AMEA Folklor İnstitutu bir tərəfdən folklor örnəklərini toplayır, digər tərəfdən isə onları xalq ruhunun əvəzolunmaz nümunəsi kimi tədqiqatlara cəlb edir. Bunun əsasında duran ən mühüm səbəblərdən biri isə qloballaşan cəmiyyətdə folklorun oynadığı vacib roldur. Belə ki, bir dünyagörüşü olaraq folklorun özünün prinsipləri olmaqla yanaşı, həm də fəlsəfi dəyəri və dəyərləndirmə sistemi vardır. Folklorun müasir fəlsəfəsi etnokulturoloji dəyərləri vahid bir mərkəzdə cəmləməsi, kənar, yad təsirlərə qarşı qoruyucu sistem kimi çıxış etməsidir. Heç təsadüfi deyildir ki, müasir araşdırmalarda folklor keçmişin eksponatı olmaqla qalmır, xalqın gələcəkdə özünü ifadəetmə arzusunun əks olunduğu potensiya kimi götürülür. Yəni folklorda keçmiş, bu gün və gələcək qovuşmuş şəkildə yaşayır.

Bu konfrans il uzunu həyata keçirilən “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihənin tərkib hissəsidir. Aparılan elmi araşdırmalar, toplama və sistemləşdirmə işləri konfransın keçirilməsi üçün zəmin yaratmışdır. Konfransı giriş sözü ilə AMEA-nın müxbir üzvü, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdulla açıq elan etdi və konfransın elmi-praktiki istiqamətindən, onun respublikanın ictimai-mədəni həyatındakı rolundan bəhs etdi. Alim hər şeydən əvvəl onu dedi ki, bu tədbir də Qarabağla bağlı mücadiləmizin tərkib hissəsidir. Qeyd etdi ki, konfransın problemi elmi baxımdan aktual, praktiki baxımdan isə əhəmiyyətlidir. Giriş sözündən sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı Folklor İnstitutunun həyata keçirdiyi bu layihənin Qarabağla bağlı olmasını yüksək dəyrələndirdi. Tarixçi alimin fikrinə görə, belə araşdırmalar Qarabağın tarixini, etnoqrafiyasını, Azərbaycanın ictimai-siyasi həyatındakı yerini öyrənmək baxımından da vaciblik təşkil edir.

Daha sonra çıxış edən AMEA Folklor İnstitutun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu əvvəlcə layihə barədə konfrans iştirakçılarına məlumat verdi, Qarabağ folkloru, onun toplanılması və bu sahədəki çətinlikllərdən, elcəcə də görülən bu işlərin ictimai-siyasi və mədəni əhəmiyyətindən bəhs etdi. Çıxış zamanı alim bildirdi ki, Qarabağ regionuna ezamiyyələr nəticəsində hər biri 500 səhifə həcmində olmaqla 3 kitab hazırlanmışdır. Bu kitabları o, belə dəyərləndirdi: “Qarabağ toplularında 125 mifoloji mətn, 346 əfsanə və rəvayət, 180-dən çox nağıl, 170 lətifə, 400-dən artıq atalar sözü, 1000-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar (nazlamalar), düzgülər və xalq lirikasına aid bir çox digər nümunələr çap olunub oxucuların ixtiyarına verilibdir. Toplama işi nəticəsində indiyə qədər Azərbaycanda qeydə alınmamış 20-yə yaxın nağıl süjeti aşkar edilib. Hacı Qaraman, Hacı Qasım Çələbi, Alı Çələbi, Seyid Nigari, Seyid Həsən ağa, Seyid Füqəra, Seyid Məhəmməd ağa və b. şəxsiyyətlər haqqında, eləcə də Qarabağdakı müxtəlif yer adları barədə onlarla rəvayət və əfsanə də ilk dəfə işıq üzü görən nümunələrdir.

Toplama işi nəticəsində Molla Lətif, Soltan bəy, Bic Qənbər kimi yeni-yeni personajlar aşkar edilib. Bu layihə çərçivəsində Bəhlul Danəndə haqqında 24, Abdal Qasım haqqında 18, Kəlniyyət haqqında 1 mətn tədqiqatçılara təqdim olunur ki, bir çox digər nümunələr kimi, bu mətnlərin də bir qismi yeni süjetlərdir. Yeni mətnlər Bəhlul Danəndə, Kəlniyyət, Abdal Qasım haqqında təsəvvürümüzü dolğunlaşdırmaqla yanaşı, həmin personajların daha ətraflı öyrənilməsinə yaxından kömək edir”. Məruzəçi çıxış zamanı bu günə qədər toplanılmış folkor nümunələrinin toplanılması zamanı yol verilmiş qüsur və təhriflərə də nəzər salaraq toplama işinin vəzifələri, məqsədi, bu sahədəki problemlərə də diqqəti yönəltdi. Xüsusilə alim Qarabağ folklor mühitinin, lokal mənada desək, auditoriyasının məlum səbəblərdən pərən-pərən düşməsinin folklorun saxlanılması, yaşadılması və ötürülmə mexanizminə vurduğu zərbəni nəzərə çatdırmaqla folklor materiallarının toplanılması işində tələb olunan peşəkarlığın vacibliyini qeyd etdi.

Bildirdi ki, AMEA Folklor İnstitutu sözügedən layihəni növbəti ildə bu konfransın elmi-praktiki nəticələri də nəzərə alınmaqla daha təkmil və səmərəli şəkildə davam etdirməyi nəzərdə tutur. AMEA-nın müxbir üzvü Tofiq Hacıyev tədbirin dövlətçilik və siyasi baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini dedi. Qeyd etdi ki, Folklor İnstitutu bu qəbildən olan tədbirlərə həmişə xüsusi önəm vermiş və milli-mənəvi dəyərlərimizin keşiyində durmuşdur. İclasda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə də çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Alim bildirdi ki, istər tarixi hadisə və faktlar, istərsə də folklorda yaşayan adət və ənənələr birbaşa olaraq fəlsəfənin də predmetinə daxildir. Bu mənada qarşılıqlı elmi təhlillərin aparılması bütövlükdə humanitar sahə üçün perspektivlər vəd edir. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, professor Zümrüd Quluzadə Qarabağla bağlı keçirilən bu konfrans və görülmüş işlərlə bağlı öz təşəkkürünü bildirdi.

Alim folklorda yaşayan tarixə xüsusi nəzər salmağın vacib olduğunu qeyd etdi. Onun fikrinə görə, folklorumuzu, tariximizi, adət-ənənələrimizi öyrənməklə bizə məxsus olanlara sahibliyimizi bir daha təsdiq edə bilərik. Konfransın keçirildiyi bölmələr də simvolik olaraq Qarabağın müxtəlif regionlarının adlarını daşıyırdı: “Şuşa”, “Xocalı” və “Laçın”. Konfransın “Şuşa” bölməsindəki toplantıya AMEA-nın müxbir üzvü Tofiq Hacıyev sədrlik edirdi. Bu bölmədə tanınmış folklorşünas fil.ü.e.d. Füzuli Bayat “Qarabağın tərəkəmə folkloru” adlı məruzə ilə çıxış etdi. Alim Qarabağın elat həyatı, tərəkəmə folkloru barədə çıxış edərkən bildirdi ki, onların özünəməxsus təhkiyə (söyləmə) tərzi, deyimləri, başqa bölgələrdən fərqli folklor janrları vardır. Məruzəçi bu nümunələri təhlil etdikdən sonra Qarabağ folkloru barədə düşüncələrini yekunlaşdırdı: “Qarabağ folklor nümunələri işğal olunub talanmış, ərazilərimiz məhv edilmiş, maddi-mənəvi abidələrimiz psixoloji və mənəvi depressiyaya məruz qalmış insanların özlərinin özləri haqqında danışdıqları canlı tarixidir”.

Bölmədə eyni zamanda İslam Sadıq, Tahir Orucov, Ləman Süleymanova, Sönməz Abbaslı, Zümrüd Səmədova və Hİkmət Quliyevin məruzələri də maraqla qarşılandı. “Xocalı” bölməsindəki toplantının sədri isə professor Kamran Əliyev oldu. Qarabağ folklor nümunələrinin toplanılmasında yaxından iştirak edən İlkin Rüstəmzadə “Yuxarı Qarabağ folklorunun toplanılması problemləri” adlı məruzəsində ezamiyyət zamanı müşahidə etdiyi müxtəlif problemlərdən danışaraq ezamiyyə nəticəsində gəldiyi qənaətləri belə ümumiləşdirdi: 1. Şifahi ənənəni gözəl bilən, zəngin repertuara malik insanlara az-az da olsa, bu gün də rast gəlinir. Belə insanlar çox vaxt ibtidai təhsili belə olamayan sıravi insanlardır. Sadəcə, onlar şifahi ədəbiyyata böyük maraqları və güclü hafizələri sayəsində eşitdikləri folklor örnəklərini hafizələrində saxlamışlar. Belə insanlar şifahi ənənəni özündə yaşatmaqla yanaşı, həm də onun gənc nəslə ötürülməsində də fəal iştirak edirlər.

2. Aparılan müşahidələrə əsasən deyə bilərik ki, bir çox janrların, xüsusən də sehrli nağılların ifası xeyli zəifləmiş, onun əvəzinə dini və novellavari nağıllar daha aktivlik qazanmışdır. Bölmədə maraq və müzakirəyə səbəb olan məruzələrdən biri də fil.ü.e.d. Mahmud Allahamanlının “Qarabağ ədəbi mühitində xalq şeir ənənəsi” məruzəsi oldu. Məruzəçi Qarabağ ədəbi mühitində formalaşan şeir ənənəsinin xalq ruhu ilə çox sıx şəkildə bağlı olduğunu və nümunələrin məzmun və formaca bir-birinə yaxınlaşdığını xüsusi vurğuladı. Bölmədə tarixçi Xəlyəddin Xəlil “Qarabağ folklorunda Qarabağ mənəvi dünyası” mövzusunda çıxış edərək diqqəti Qarabağ folklorunda əks olunan xalq ruhuna yönəltdi. Bölmənin digər məruzəçiləri - Səbinə İsayeva, Almaz Həsənqızı, Mətanət Abbasova və Səfa Qarayevin də çıxışları iştirakçılar tərəfindən çox maraqla dinlənildi. Konfransın “Laçın” bölməsində isə prof. Füzuli Bayat toplantıya sədrlik etdi.

Bölmənin maraqla izlənilən məruzələrindən biri də Adil Cəmilin “Çağdaş bayatılarımızda yurd həsrətinin poetikası” barədə məruzəsi oldu. Kəlbəcər sakinlərindən toplanılmış nümunələr əsasında problemi diqqət mərkəzinə gətirən alim bildirdi ki, bayatı janrının poetikasındakı daxili çeviklik Qarabağ həsrətini, yurd-yuva nisgilini ifadə etmək baxımından xüsusi rola malikdir. Bu bayatılarda Qarabağ dərdi folklor dilində xüsusi ifadə qazanmışdır. Bölmənin digər məruzəçisi Şakir Albalıyev “Qarabağ folklorunda təbii-coğrafi-sosial amillərin vəhdəti” mövzusunda maraqlı çıxış təqdim etdi. Məruzədən belə bir nəticə hasil oldu ki, Qarabağın təbii-coğrafi şəraiti və mənəvi dünyası vahid bir mərkəzdə çulğalaşaraq bəşəri harmoniya yaratmışdır: təbiət sanki insanın, insan isə təbiətin dilində danışır. Bölmədə Nübar Həkimova, Aynur Əliyeva, Şəfəq Əliyeva, Əsmər Bəşirova, Şəbnəm Hüseynova kimi tədqiqatçıların Qarabağ folklorunun müxtəlif problemlərinə həsr olunmuş məruzələri də yadda qalan oldu. Bütün bunlar onu göstərdi ki, Qarabağ Azərbaycan üçün yalnız bir coğrafi məkan, maddi-fiziki ölçü deyil, yüksək dəyərlərin fiziki ölüçülərdə təqdim edildiyi milli-mənəvi “abidə”dir. Bu baxımdan Qarabağın mənəvi mahiyyətini heç bir elm sahəsi folkorşünaslıq qədər dəyərləndirə bilməz. O sakral məkan arxetipinin təzahürüdür.

Hikmət Quliyev
Səfa Qarayev

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.