Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 

20.11.2012

"Folklor və tariximiz" mövzusunda Respublika Elmi Konfransı keçirildi

19 noyabr 2012-ci ildə AMEA Rəyasət Heyətinin binasında AMEA Folklor İnstitutu və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə «Folklor və tariximiz» mövzusunda Respublika Elmi Konfransı keçirildi. İki gün davam etməsi nəzərdə tutulan konfransda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik – katibi, müxbir üzv Kamal Abdulla, akademiklər – Nailə Vəlixanlı, Teymur Bünyadov, filologiya üzrə elmlər doktoru, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov), müxbir üzv, Tarix institutunun direktoru Yaqub Mahmudov, həmin institutun direktor müavinləri Cəbi Bəhramov, Tofiq Nəcəfli, filologiya üzrə elmlər doktorları – Kamran Əliyev, İsrafil Abbaslı, Füzuli Bayat, Gülbəniz Babaxanlı, Mahmud Allahmanlı, Qara Namazov, sənətşünas professor Rafiq İmrani və b. iştirak edirdilər.
Konfrans altı bölmədə təşkil olunmuşdu və hər bölməyə görkəmli tarixçi və folklorşünas alimlərin – Hənəfi Zeynallı, Əmin Abid, Vəli Xuluflu, Məmmədhüseyn Təhmasib, Əziz Ubaydillin və Bəhlul Behcətin adları verilmişdi.


Konfransı giriş sözü ilə m.ü. K.Abdulla açaraq iki institutun birlikdə Azərbaycanla bağlı dəyərlərini cəmiyyətin müzakirəsinə çıxarmaq səyini elmi nöqteyi-nəzərdən AMEA Humanitar və İctimai Elmlər Bölməsi qarşısında çox maraqlı, faydalı və perspektivli bir məsələ kimi vurğuladı. O, xalqımızın folklorda yaşayan tarixinin qarşılıqlı şəkildə öyrənilməsini, konkret problemlərin ortaq müstəvidə öz həllini tapmasını konfransın keçirilməsində əsas məqsəd olduğunu qeyd etdi. Alim bunu da əlavə etdi ki, Azərbaycan xalqı ən zəngin folklor xəzinəsinə sahib olan xalqlardan biridir. Hər bir xalqın folkloru müxtəlif dönəmlərdən keçir. Foklorla tarixin bir-birinə təsiri məsələlərini, inteqrasiya problemlərini Azərbaycan folklorşünas alimləri və tarixçilərinin birgə müzakirə etməsi baxımından bu konfrans mühüm əhəmiyyət kəsb edir. Çıxışının sonunda K.Abdulla folklorda tarixi məqamların araşdırılmasına xidmət edən bu tədbirin təşkilatçılarına – Folklor İnstitutunun direktoru M.İmanova və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Y.Mahmudova təşəkkür edərək konfransın işinə uğurlar arzuladı.


Tarix İnstitutunun direktoru Y.Mahmudov çıxış edərək bildirdi ki, folklor nümunələrinə istinad etməyin əhəmiyyəti böyükdür. Şifahi xalq ədəbiyyatına istinad etdikdə görürük ki, bizim xalqımız geniş coğrafiyada fəaliyyət göstərmiş xalqdır. Xalq ədəbiyyatımızdan bəlli olur ki, Çindən Firəngistana kimi böyük bir ərazidə milli-etnik izlərimiz vardır. Azərbaycan xalqının «qarı düşmənlə», «qara donlu kafirlərlə» mübarizə tarixi də məhz folklordadır. Bu baxımdan «Kitabi-Dədə Qorqud» dastanı dəyərli bir örnəkdir.
Y.Mahmudov folklor və tarix əlaqəsindən danışarkən sözünü belə tamamladı: «Folklor xalqın yaşatdığı tarixdir. Belə düşünənlər var ki, folklorda tarixi dəqiqlik yoxdur. Halbuki bizim real tariximiz xalqın yaşatdığı folklordadır. Tarix İnstitutu olaraq biz folklorun bir tarixi mənbə kimi öyrənilməsinə çoxdan başlamışıq».


Konfransda çıxış edən AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirdi ki, tarixi hadisələr və tarixi şəxsiyyətlər folklorda folklorun poetikasına uyğun şəkildə öz əksini tapır. Tarixi hadisələrin folklorda əks olunmasının öyrənilməsi həm də folklorun öz mahiyyətinin, ayrı-ayrı folklor janrlarının poetikasının öyrənilməsinə kömək edir. M.İmanov konfransda dinləniləcək məruzələrin əsas istiqamətlərini diqqətə çatdırdı: folklorşünaslıq elmi və tarix; tarixşünaslıq elmi və folklor; epos və tarix; folklorun digər janrları və tarix.


Milli və mənəvi dəyərlərimizin öyrənilməsində birinci yeri tutan folkloru «etnoqrafiyanın şah damarı» adlandıran akademik T.Bünyadov belə konfransların keçirilməsini ümumxalq əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirdi. O, əlavə etdi ki, xalqın folklorunu, etnoqrafiyasını öyrənmədən onun tarixini öyrənmək doğru olmazdı. Düz deyirlər ki, folklor həmişə tarixə yoldaşlıq edib.
Konfransın birinci günü – 19 noyabrda qısa fasilədən sonra məruzələr dinlənilməyə başladı. Professor Kamran Əliyevin sədrliyi altında dos. T.Nəcəfli «Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu», fil.ü.f.d. M.İsmayıl «Folklorda yaşayan tarixi həqiqət: «Sarı gəlin» xalq mahnısının etnik kökləri üzərində bir dəyərləndirmə», fil.ü.f.d. A.Cəmil «Manas: tarixi varislikdən ədəbi varisliyə», fil.ü.f.d. Ə.Ələkbərli «Kitabi-Dədə Qorqud»: dastanda gizlənən tarix», fil.ü.f.d. V.İbrahimova «Aşıq Qurbaninin şeirlərində Şah İsmayıl Xətai obrazı», G.Hasilova «Tarixi roman və folklor» mövzusunda məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, konfransda dinlənilən məruzələr iki istiqamətdə – Azərbaycan və ümumtürk arealında araşdırma örnəkləri kimi diqqətə çatdırıldı.


T.Nəcəflinin «Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu» məruzəsində dastanın baş qəhrəmanı Koroğlunu, həmçinin onun rəhbərliyi altında fəaliyyət göstərən Cəlali dəstə üzvlərinin tarixi şəxsiyyət olduqlarını isbatlayan faktlar diqqəti çəkdi. Məruzədə qeyd olundu ki, Koroğlunun yaxın silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanımaz tarixi qaynaqlarda Cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Məruzə müəllifi Koroğlu və onun yaxın silahdaşlarını Azərbaycanda və qonşu ölkələrdə baş verən tarixi hadisələrdə həqiqətən iştirak edən tarixi şəxsiyyətlər kimi səciyyələndirdi.
Son illərin mübahisə obyektinə çevrilmiş «Sarı Gəlin» xalq mahnısının Azərbaycan xalqına birbaşa mənsubluğu araşdırmaçı M.İsmayıl tərəfindən konkret arqumentlərlə isbata yetirildi. Məruzəçi Azərbaycan xalqına məxsus bu mahnının Türkiyə variantlarına da toxundu və vurğuladı ki, «Sarı Gəlin» Türkiyə ərazisində də ən çox Azərbaycan türklərinin yaşadığı Anadoluda geniş yayılmışdır. Müəllif folklorumuzda etnik köklər üzərində yaşayan tarixi həqiqətləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.


A.Cəmilin «Manas: tarixi varislikdən ədəbi varisliyə» məruzəsində ədəbi obraz Manasın tarixi şəxsiyyət olması ilə bağlı elmi mülahizələr ortaya qoyuldu, bu faktı təsdiqləyən ümumtürk qaynaqlarından, tarixi mənbələrdən dəlillər gətirildi. Məlum oldu ki, epos qəhrəmanı Manasın prototipi 840-cı ildə Uyğur xaqanının taxt-tacına sahib çıxan Ajo adlı bir qırğız sərkərdəsidir.
Yeri gəlmişkən qeyd edək ki, dinlənilən məruzələr sırasında Azərbaycan folklor örnəkləri ilə yanaşı ümumtürk şifahi nümunələrinin də tədqiqata cəlb edildməsi konfransın geniş bir arealı əhatə etməsindən xəbər verirdi. Bu cəhətdən A.Ülvinin «Özbək folklor biliciləri və abidələri Özbək və Azərbaycan folklorşünaslığında», B.Şahverdiyevin «Boz qurdla bağlı miflərdə verilən bəzi məlumatlara dair», Ş.Məmmədlinin «Tarixi fakt və hadisələr Qaraqalpaq eposu «Qırx qız»da mövzusunda olan məruzələri iştirakçıların xüsusi marağına və açıq diskussiyaya şərait yaratdı.


Konfransın ikinci günü (20 noyabr) AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanov «Eposda tarixilik» məruzəsində folklor və tarixilik məsələsinə yeni bir aspektdən yanaşdı. O, qeyd etdi ki, folklorda tarixilik məsələsindən danışarkən folklor janrlarının özünəməxsusluğunu hökmən nəzərə almaq lazımdır. Folklor tarixi heç də olduğu kimi əks etdirmir – tarixi hadisələri və tarixi şəxsiyyətləri daha çox xalq təsəvvüründəki arxetiplər əsasında əks etdirir. Bu xüsusiyyət folklorun ayrı-ayrı janrlarının, o cümlədən eposun daxili poetik sistemi çərçivəsində ortaya çıxır.
Konfransın ikinci günündə də iştirakçılar Q.Namazovun, F.Bayatın, V.İsgəndərovanın, İ.Sadığın, M.Abbasovanın, M.Allahmanlının, N.Muradoğlunun, S.Abbaslının, X.Xəlillinin və b. təqdiqatçı-alimlərin folklor və tarix probleminə aydınlıq gətirən maraqlı məruzələri ilə tanış oldular. Daha sonra Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu konfrans iştirakçılarına Təşəkkür bəlgəsi payladı. Beləliklə, noyabrın 20-də konfrans öz işini uğurla başa vurdu.

Hazırladı: Adil Cəmil

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.