Folklor İnstitutunun əməkdaşı İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində uşaq folklorundan danışıb
Fevralın 10-da AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişinin canlı yayımda qonağı olub. Əvvəlcə o, qardaş ölkə – Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı kədərini ifadə edib. Aparıcılar Aynur Fətullayeva və Azər Süleymanlının təqdimatında efirə gedən verilişdə qonaq uşaq folkloru örnəkləri, o cümlədən laylalar, oxşamalar, nazlamalar, ümumiyyətlə, oyunların uşaqların tərbiyəsi və mənəvi inkişafındakı rolundan danışıb.

Ayrıca olaraq laylalardan danışan E.Qaliboğlu vurğulayıb ki, bütün çağlarda, hətta bundan sonra ən yüksək texnoloji inkişaf dövründə belə bu, çox gərəkli olacaq. Laylalar mahiyyətcə uşaqların ilkin milli ruh tərbiyəsi sayıla bilər. Uşaqları düzgün tərbiyə etmək, onları cəmiyyətimiz üçün yararlı vətəndaşa çevirmək işində ilk növbədə anaların üzərinə böyük vəzifə düşür. Ulusal (milli) ruh, eləcə də hər bir nəsildən gələn gözəl keyfiyyətlər uşağa məhz ana laylası, səsi, doğmalığı ilə ötürülür. E.Qaliboğlu uşaq oyunlarının da əhəmiyyətindən danışarkən uşaqlarda birlik duyğusu yaratdığını, bir-biri ilə ünsiyyət qurmasına, şəxsiyyətin inkişaf etməsinə yardımçı olduğunu vurğulayıb.


|