AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib
07 fevral 2023-cü il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə qardaş ölkə – Türkiyə Cümhuriyyətində baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclasın gündəliyindəki birinci məsələ – Folklor İnstitutunda struktur dəyişikliyi haqqında məlumat verib. Akademik bildirib ki, AMEA üzrə elmi-tədqiqat strukturlarında paralelliklərin aradan qaldırılması, Folklor İnstitutunun fəaliyyətinin elmi tədqiqata daha artıq yönəldilməsi, İnstitutun strukturunun və işçilərinin sayının optimallaşdırılması zəruriliyi ilə əlaqədar bəzi struktur dəyişikliklərinin aparılması vacibdir. AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli 2/5 saylı qərarı ilə elmi-tədqiqat strukturlarında paralelliklərin aradan qaldırılması məqsədilə Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv olunub, oxşar şöbələrin bazasında AMEA Memarlıq və İncəsənət İnstitutunun daxilində müvafiq elmi şöbə yaradılıb. Musiqi folkloru şöbəsinin ləğvi ilə əlaqədar “Qorqud” ansamblının Folklor İnstitutu nəzdində fəaliyyəti elmi əhəmiyyətini itirib. Akademik vurğulayıb ki, 1994-cü ildən AMEA-nın Folklor Sarayı Elmi-Mədəni Mərkəzinin nəzdində fəaliyyət göstərmiş “İrs” folklor ansamblı 2003-cü ildən həmin mərkəzin bazasında yaradılan Folklor İnstitutunun struktur vahidinə çevrilib.

2017-ci ildə ansamblın adı dəyişdirilərək “Qorqud” ansamblı adlandırılıb. Ansambl unudulmuş xalq mahnılarının rekonstruksiyası, lentə alınması və təbliği sahəsində əhəmiyyətli işlər görüb, klassik ifaçılıq ənənələrinin qorunması ilə məşğul olub. Ansambl İnstitutun Musiqi folkloru şöbəsi ilə birbaşa bağlı olub və şöbədə aparılan elmi-tədqiqat işlərinə praktiki yardım göstərib.
Elmi Şura üzvləri məsələyə münasibət bildirərək, “Qorqud” folklor ansamblının fəaliyyətinə xitam verilməsini məqsədəuyğun hesab ediblər.
Sonra Elmi Şurada Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Dini folklor anlayışı: sosial funksiyası, mövzu dairəsi” mövzusunda məruzəsi dinlənilib. Professor Füzuli Bayat bildirib ki, dini folklor ümumilikdə dinin antropologiyası, sosiologiyası, din fəlsəfəsi kimi gənc sayıla biləcək müasir tədqiqat istiqamətlərindən biridir. Lakin dini folklor bu elmlərdən fərqli olaraq müqəddəs dini kitablardan çıxış etmir, dinin içində olanları öyrənmir. Professor məruzəsində din və mifologiya mövzusuna geniş yer ayırıb. Alim, vurğulayıb ki, son dövrlərdə belə bir fikir formalaşıb ki, nə mifologiya din üçün qaynaq olub, nə də din profanlaşaq miflərin, əfsanələrin yaranmasına səbəb olub. Bunlar ilahi bilginin müxtəlif səviyyələrdə paylaşılmasıdır, yəni hər ikisi ilahi mənşəlidir, hər ikisi eyni zamanda ortaya çıxmışdır. Prof. Füzuli Bayatın məruzəsində qissələrin anlamı, tarixi haqqında da ətraflı məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.


|