Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.09.2022

Əziz Təbriz...

Prof. Əfzələddin Əsgər

Əziz Təbriz, sənin barəndə elmi düşüncənin qaydalarına uyğun cümlələrlə fikir yürüdə bilmirəm, çünki düşdüyün hal məntiqin kateqoriyalarından kənardadır. Adın Parisdən, Londondan, Moskvadan, Pekindən, Tehrandan çox böyükdür. Uzun əsrlər boyu dünyaya nizam verən və onu qoruyan məkan olduğunu unutmamışıq, əziz Təbriz. Nə həyat və ölüm fərmanlarının buradan verildiyi, nə də sənin xan şəhəri, şah şəhəri “şahistan” olmağın hafizəmizdən silinməyib, əziz Təbriz. Dövlət-el ruhumuzun mübarək məkanı olduğunu da bilirik. Bu mübarək məkanın adi bir şəhərə döndərildiyi də gözümüzün qabağındadır, əziz Təbriz. Sənin halın bizim halımızdır, mübarək şəhər. Hər şey hamıya məlumdur, əziz diyar.
Bu boydasını kimsə gözləmirdi. Dünya binnət olandan belə şey görünməmişdi: ərşə-kürşə meydan oxuyan, ucu-bucağı bilinməyən bir milləti yox eləmək, siyahıdan silmək olarmış, yurdunu-yuvasını dağıtmaq, mal-mülkünü paylamaq, paylaşdırmaq olarmış, elini-gününü pərən-pərən, qızını-gəlinini əsir-yesir, oğullarını qul eləmək olarmış, adını-soyadını azdırmaq, əslini-kökünü danmaq, ad qoymaq, nökəri ağa, ağanı nökər eləmək olarmış, ana şəhər.
Əsirliyin əsirliyimdir, qəmli şəhər. Sən əsirliyini də şərəflə yaşadın: zalımın əlin öpmədin, biət eləmədin, imdad diləmədin, xan babaların, şah dədələrin qüruru ilə oynamadın. Ruhları üstündə gəzir, comərd şəhər.
Od harada sönübsə, orada alışır, gözümüz yolundadır, ümid şəhəri.
Yaxşı ki düşmənin zalımdır, namərddir, hiyləgərdir, həyasızdır, acgözdür. Dişi tökülmüş canavar damaqla gəvələmək eşqindədir. Yaxşı ki cahildir, kimin qüruru ilə oynadığından xəbərsizdir. Nankordur, sənə aid olan mülkün üstündə oturub minnətdarlıq eləmədən. Səltənəti haramdır – haqq elədiyinin yox, oğurladığının üstündə oturub, halallıq şəhəri.
Ancaq sən arxayın ol, şanlı Təbriz, biz hesabı da bilirik, hesab istəməyi də, hesabın dağ boyda olduğunu da. Nənə-babalardan qalan “nə haqq-say qoyduq, əvəzini necə verdilər” qəlibi ölçü vahidimizdir, haqq şəhəri.
Cah-cəlalının qayıdacağı günə çox qalmır, şanlı Təbriz. Görüşünə gələnləri bilirsən, şöhrətli şəhər: başda Hülaki xan xanımı Doqquz xatunla, ardınca bütün Elxanlı xanları, bütün Baharlı-Qaraqoyunlu eli Cahan şah başda olmaqla, Ağqoyunlu sultanları başda Sara xatun, Şeyx Səfi soyu və Qızılbaş elləri: zülqədərlilər, ustaclılar, əfşarlar, qaramanlılarlar, qaradağlılar, təkəlilər, rumlular, şamlılar, saysız-hesabsız başqa ellər... Sinəsi büryan bəylərbəylilər xonça tutub, gözaydınlığına gələcəklər: İrəvandan Əmir Saad, Pir Hüseyn, Rəvanqulu xan, Əmirgünə xan, Hüseynqulu xan, Gəncə-Qarabağdan Uğurlu xan, sinəsi dağlı Cavad xan, Şirvan bəylərbəyliyindən Aras xan Rumlu, Xorasan, İraq, Şam, Gürcüstan, Dağıstan xanları...
Qardaş xanədan mənsubları da sənin şad gününə təşrif gətirəcəklər: Ali Osmandan Osman bəy və sülaləsi, Özbək elindən bütün sülalə mənsubları, Qızıl Ordadan Cuçi və ardınca gələnlər, Cığatay elindən Çingiz oğlu Cığatay və ardıcılları, Teymur elindən Teymur və soyu (Uluq bəy, Şahrux Mirzə, Babur şah)... Nə ellər saymaqla qurtarar, nə soylar... Amma inanmıram ki, Tuman oğlu Mete-Bahadır yenə həmin soydan Muncuq oğlu Atlı, tabğac, avar, göytürk, sabir, bulqar xanları sənin bu günündə gözaydınlığına gəlməsinlər.
Sənin bu günün Qaraxan oğlu Oğuz xansız olmaz ki... Meydanın lap başında dikilən ağban evdə qoyulan qızıl taxtda bardaş qurub – yanında Dədə Qorqud, sağ və sol əldən iyirmi dörd oğul Bozaq-Üçoq nizamı ilə düzülüb, bir yandan qürurla, o biri yandan məmnun-məmnun meydanı süzür.
Hələ söz əhli də var.. Şairlər, alp ərənlər şanına dastan qoşanlar, Tanrı hüsnünü vəsf edən aşiqlər-dərvişlər, Türküstan piri Xoca Əhməd, Yunus, Şəms, Nəsimi, Nəvai, Füzuli, Dirili Qurban, Qaracaoğlan, Tufarqanlı Abbas, Aşıq Ömər, Qayğısız Abdal, Pir Sultan Abdal, baxşılar, jıravlar, sesenlər, alp ozanlar... Kiminin əlində qələm, kiminin qopuz... Hüsnünə yaraşan söz məqamını gözləyəcəklər.
Bu əziz gündə özü üryan, sinəsi büryan dərvişlər hazır və nazir olacaqlar. Tarixin ən böyük irfan məclisi o gün olacaq, əziz Təbriz, ətrafını saran böyük cəm. O gün Xoca Əhməd özünün 99 min müridi, 12 min “kamil əhli-süffəsi” ilə böyük cəmə qatılacaqlar. O gün “Ulu Tanrı”, “Böyük Allah” sədası ərşə bülənd olacaq. O gün “ürəklər quvaq, gözlər bulaq olacaq”, əziz Təbriz.
O günün şamansız olmaz, əziz Təbriz, üstünə çökmüş yaman ruhlardan arındırmaq üçün. Böyük şamanlar əldə qaval yaman ruhları qovmaq üçün əl-ayaq eliyəcəklər, can şəhəri.
O gün bütün umu-küsülərin sonu olacaq: Teymurla Yıldırım, Toxtamışla Yedigey, Həsənlə Mehmet, İsmayılla Səlim göz yaşları içərisində bir-birinə sarılacaq. O gün türklüyün tövbə günü olacaq, tövbəli Təbriz.
Türklüyün var olduğu bütün bölgələrdən qonaqlar gələcək gözaydınlığı üçün. Onları ağırlamaq üçün əldən-ayaqdan gedəcək gənclər. “Qoyundan qoç, dəvədən buğralar kəsiləcək”, hər tərəfdə süfrələr açılacaq. Şadlıq şöləni belə olub axı... At yarışları, igidlərin qurşaq tutması olmadan türklüyün ulu toyu olmaz. Kəhər atlar yarış meydanına çıxacaq, belindən üzük keçən aslanlar qurşaq tutacaq o gün, əli xınalı qız-gəlinlər səf bağlayıb tamaşaya duracaqlar.
Bayram təntənəsinin başlaması üçün Oğuz xan Dədə Qorquddan rüsxət alıb buyruq verəcək: “gümbür-gümbür nəqqarələr”, “kös-davullar” vurulacaq, “burması altun tunc borular” çalınacaq... AĞ MEYDANDA iynə atsan, yerə düşməyəcək.
O gün can tənə qovuşacaq. O gün dirilmə günüdür, can Təbriz. Səni yaradan, sənə can verən xalqın qırışığının açıldığı gündür o gün. Sındırılmış və sınmış şaxın o gün bitişəcək. O gün elin və yurdun başına gələn müsibətin hər üzünə idrakı günüdür, aqillər şəhəri. O gün öz halından xəbərdar olduğun gündür, müdrik şəhər. O gün ilk dəfə öz simanı öz güzgündə görəcəksən, görəndə gözlərin böyüyəcək böyüklüyündən, yuxulu şəhər. O gün sənin günündür, şanlı şəhər. O gün düşmənin quyruğunu qısıb bir küncdə dayandığı gündür, heybətli şəhər.
O gün hesab-kitab, haqq-hesab günüdür, adil şəhər. Başımıza gələnlərin hesabı o gün gedəcək, yaralı şəhər.
O gün başı buludlara çatan, heybəti zəhr yaran Mübarək Qurdun İsrafil surundan betər ulartısı bütün məxluqun tüklərini ürpədəcək. O gün bütün məxluqa atalarımızın etdiyi kimi, açıq mətnlə bəyan ediləcək: Ehey, biz bir də tarix meydanına qayıtdıq. Bundan belə bu üzüqara dünyanın heç bir işi bizsiz yoluna düşməz və bizim razı olmadığımız nizam yaranmaz. İki yüz ildir, çıxartmadığınız oyun, qopartmağınız pəstah qalmadı. Qulaq asın, görün biz nə deyirik... O gün gələcək!
Amma o günü xonçaya qoyub bizə verməyəcəklər. Biz o günü görməyə haqq edəcəyik, minnətsiz-filansız. “Türk ucuz tapdığını murdar sanar”... O günü biz zorla alacağıq, düşməni diz üstə çökdürüb onun alçaq sifətinə ikrahla baxa-baxa, qəzəbli şəhər. Bax o gün sənin üzünə utanıb-qızarmadan baxmağa üzümüz olacaq, qarşında üzüqara olduğumuzu bilirik axı, incik şəhər.
Haqqın qarşısında nə Cənabi Əli, nə də imam Hüseyn dayanar. Hər ikisi də bizim sıralarımızdadır, mübarək məkan. İman saf sinəyə yapışır, napak sinədə iman qərar tutmaz, iman şəhəri. İmam Hüseyn aşiqləri ilə onun adından dəllallıq edənləri yaxşı tanıyır, aqil şəhər.
Ölülü-dirili bütün türkluyün görüş yeri AĞ MEYDANDIR. MÜBARƏK AĞ MEYDAN ERKENEQONDUR. ERKENEQONDAN ÇIXIŞ GÜNÜMÜZ O GÜNDÜR. YOLUMUZ AÇIQ OLSUN!

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.