Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.09.2022

Yolumuz Cəbrayıla düşmüşdü…

Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun
“Türk xalqları folkloru”
şöbəsinin böyük elmi işçis
i

Sentyabrın 11-i yolumuz Qarabağa düşmüşdü, Cəbrayıla...
Yaşılıqlar içərisində qoyub gəldiyimiz o zəngin, o çinarlar məskəni indi bizi cəhənnəmin isti bucağı kimi qarşıladı. İlahi, Vətənimin bağrı necə yaralı idi... Necə o yaralardan axan qanla boğulurdu torpağımın hər daşı, kəsəyi... Bəlkə inandırıcı deyil, amma gəzdikcə mənə elə gəlirdi ki, daşlar dil açıb danışmaq istəyir. Onların danışa bilməməyinə sevinirdim, çünki edəcəkləri şikayəti, deyəcəkləri sözləri bilirdim. Mənim ruhumun, mənəviyyatımın, vicdanımın o sözləri eşidəndən sonra danışıb-gülməyə, ümumiyyətlə, yaşamağa gücü çatmazdı.
Cəbrayıla getmək xəyalımdakı kimi olmadı. 30 ildi xəyalımda o yerlərə gedəndə şəhərin girəcəyində diz çöküb torpağı öpürdüm. Evimizə gedib həyətimizi gəzirdim, çox böyük, qoca bir tut ağacı var idi, ağaca çıxıb ətrafa baxırdım... Ən başlıcası da atamla gedəcəkdim o yerlərə, çünki onda atam yanımdaydı deyə 30 illik ayrılığın vüsalı asan olacaqdı. Amma belə olmadı...
Cəbrayıla öz maşınımla getdim (bunu mən heç xəyal da edə bilməzdim). Əvvəlcə bir tədbir çərçivəsində Diri dağı ziyarət etdik. Rayonun kəndlərini bir-bir ötdükcə şok keçirirdim. Elə bil cəhənnəmlə bağlı filmin dekorasiyasının arasından keçirdik. Orada xarabalıq hökmdarı bayquş belə yox idi. Darmadağın, uçuq-sökük, ağacsız-susuz... Sözlər gördüklərimi ifadə edə bilmir.
Diri dağına çıxdıq. Dağın ətəyində, sən demə, Xələfli kəndi yerləşirmiş. Kənddəki evlərin bünövrəsi də yox idi, düzənlik idi hər yer. Üstəlik hər yer minalı olduğundan göstərilən cığırdan kənara da çıxa bilmirdik.
Araz da lil ilə axırdı. Salmışdılar xan taxtından Arazı... Bir zamanlar Zəngilandan ailələrimiz qaçqın düşəndə Arazın suyunda nə qədər can qaldı... İndi o da suyu çəkilmiş dəyirman kimiydi. Suyu həm azalmışdı, həm lilli idi, həm də daha dəli kimi axmırdı...
Tədbir bitəndə artıq bir qədər gec idi. Öz evimizə gedib oranı ziyarət edə bilməmə qorxusu bizi həyəcanlandırırdı. Amma heç nəyə baxmadan (hətta o anda mina təhlükəsi də məni qorxutmurdu) sürətlə rayonun mərkəzinə yol aldıq. Yolda Vəlixanov bulağında dayandıq. Onun xatirəsi artıq bizi yandırmağa başladı... O bulağı atam tikmişdi. Üzərində, hər qarışında atamın əl izləri var idi. Bacım da, mən də üzümüzü o daşlara sürtdük... Xatirələr od olub köksümüzü yandırırdı...

Yol boyu göz yaşlarımıza hakim ola bilmədik. Evimiz rayonun mərkəzində yerləşirdi. Biz də mərkəzə gəldik. Yol bitdi, daha maşın yolu yox idi. Bir anlıq az qaldı ürəyim sinəmi yarıb çıxa. “Evimizi necə taparıq? Axı artıq o evi bizə göstərəcək atamız da yoxdu...” Qorxudan nə edəcəyimi bilmədim. Maşını ortalıqda tərk edib (açarı üstündə, pəncərələr də açıq) özümü evə tərəf cəngəlliyin arasına atdım. Qurumuş qanqallar, tikanlar əlimi-ayağımı cırmasına baxmayaraq, mina təhlükəsini bir an belə düşünmədən evə tərəf qaçmağa başladım. Bacım da arxamca qaçırdı. Qabaqda mən, arxamda isə bacım nəfəs almadan, səsimizi belə çıxarmadan, heç nə demədən irəliyə qaçırdıq. Qəfil ürəyim elə sancırdı ki, sanki bir əl məni tutub arxaya atırdı (iki dəfə bu hala düşdüm), amma bütün gücümü yığıb yenə də evimizə tərəf – irəliyə atılırdım. Heç bir halı ilə bizim küçəmizə oxşamayan bir yolla evimizə tərəf gəldik...
Bundan sonra mən nə yazsam, nə desəm, yaşadığımı, hiss etdiyimi ifadə edə bilməyəcəm...
Bacım qolumdan tutub məni yerdən qaldırmaq istəyəndə hiss etdim ki, dayanmadan tükürpədici səslə qışqırıram. Mən bağın ortasında idim. Həyətdən keçib bağa necə gəlmişəm, onu xatırlamıram...
Əlimi həyətimizdəki iri tut ağacının əvvəl kəsilmiş, sonra isə yandırılmış gövdəsinə sürtərək fəryad qoparırdım. Mənə elə gəlirdi ki, bütün uşaqlığımı, o illərlə bağlı xatirələrimi zorla çəkib sinəmin ortasından çıxardılar. Qopartdılar ürəyimin başını...
Uçuq-sökük pilləkənlərlə evə qalxdım. 13 yaşımda rayondan çıxanda evimizin qapısına sarılıb bərk ağlamışdım. O zaman evi tərk etmək istəmirdim. Aradan 30 il keçmişdi, mənim üçünsə heç nə dəyişməmişdi. Evimizin yandırılmış divarına sarılıb yenə də oranı tərk etmək istəmirdim.
Bacımla əl-ələ tutub evimizdən, küçəmizdən ayrılıb rayonda yol tapıb girə biləcəyimiz bütün evlərə, daha doğrusu, bütün xarabalıqlara girdik... Qupquru otlarla örtülən bir təpənin zirvəsinə çıxıb günəşin batmasını seyr etdik... Hətta ay işığında da gəzdik o xarabalıqları... Bilirəm, hamının ağlına bir sual gəlir: “Bəs minadan qorxmurdunuz?” Xeyr, orda olanda, uşaqlığının, yeniyetməliyinin keçdiyi, atanın ayaq izlərinin olduğu yerlərdə sən də gəzəndə minanı düşünə bilmirsən, ancaq dayanmadan ora-bura qaçırsan ki, yaddaşına daha çox şey həkk edəsən. Biz də yaddaşımıza çox şeylər həkk edə bildik, amma təəssüf ki, bütün gördüklərimizi, yaşadıqlarımızı, hiss etdiklərimizi ifadə edə biləcək sözlər yoxdur...
Gecə 12.30-da rayondan ayrıldıq. İçimdə qəribə bir hiss var idi... Əlil uşağını evin ortasına qoyub əbədi tərk edən bir ana kimi hiss edirdim özümü... Evimizin arxamızca bax o körpə kimi ağladığını duydum... Bütün yol boyu, hətta bu günə qədər evimizin göz yaşları köksümü, bağrımı yandırır...
Sonda kiçik bir haşiyə çıxmaq istərdim. Cəbrayıla getməzdən iki gün əvvəl Naxçıvanda Fəzlullah Nəiminin məzarını ziyarət etdik. Məzarın yerləşdiyi həyətin ortasında çox iri tək bir qoz ağacı var idi. Maşından düşən kimi həmin ağacın gövdəsinə sarılıb hönkürtü ilə ağladım. Ətrafımda hamı məni sakitləşdirməyə çalışdı. Mən isə Cəbrayılda həyətimizdəki tut ağacını xatırlayıb ağlayırdım. Sən demə, cəmi iki gündən sonra yolumuz Cəbrayıla düşəcəkmiş...

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.