Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.10.2021

Sənsiz gələn yaz

(Nizami Məmmədov-Muradoğlu)
(1955-2021)

Bu il-2021-ci il oktyabr ayının 24-də tanınmış şair-publisist, yazıçı-dramaturq və folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Muradoğlu dünyasını dəyişdi. Amansız ölüm onu yaradıcılığının çiçəkləndiyi bir dövrdə- 66 yaşında aramızdan apardı. Dəyərli və əziz dostlarımdan birini itirdim... Ancaq nəsə adamın inanmağı gəlmir... Mənə elə gəlir ki, işə gələndə yenə Nizami müəllimlə qarşılaşacaq, onun nurlu çöhrəsini görəcək, hal-əhval tutacağam... Ancaq "Gəlimli-gedimli" dünyanın "son ucu"nun nə olduğunu düşünəndə isə bu acı reallığı qəbul etməli olursan... Qəbul edirsən ki, ”Ölüm Allah əmridir” və ona görə də- “Ölüm Haqqdır, çıxmaq olmaz əmrdən”-deyə düşünürsən...
Nizami müəllim ülvi, insani keyfiyyətləri özündə cəmləşdirən, bu qoca dünyanın hər bir guşəsində heç bir vaxt dəyişməyən xeyirxah və alicənab bir insan idi. Məhz bu insani keyfiyyətləri onu yaşından, vəzifəsindən və peşəsindən asılı olmayaraq bütün müasirlərinin əziz dostuna, sirdaşına çevirmişdi. Qədim Şərq ölkələrində nə zamansa belə bir inanc mövcud olub. Bu inanca görə hər bir insan öz həyatı boyu Tanrıdan üç şey diləyir: güc, səbr və müdriklik. Gücü insan Tanrıdan ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi isə insan ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, onları bir-birindən ayıra bilsin… Ancaq Ulu Tanrı bu üç əlaməti- güc, səbr və müdrikliyi hər insana nəsib etmir. Lakin mənə elə gəlir ki, dostum, keçmiş məmur, tanınmış şair-publisist, yazıçı-dramaturq və istedadlı alim Nizami Muradoğluya Tanrı bu üç əlamətin üçünü də bəxş etmişdi...
Düşünürəm ki, Tanrı gücü Nizami Muradoğluna ona görə bəxş etmişdi ki, iyirmi ilə yaxın məmur işlədiyi Ordubad kimi böyük bir bölgənin dərdlərini, ağrı-acılarını ürəyində çəksin. Bu rayonun bütün inzibati məsuliyyətini, çətinliklərini öz çiyinlərində daşısın və eyni zamanda orada, özünün dəyişdirməyə gücü, qüvvəsi çatanları dəyişdirə bilsin. Səbri Tanrı Nizami müəllimə ona görə bəxş etmişdi ki, o, milli hissli vətənpərvər bir vətəndaş kimi nəinki Ordubadda, eləcə də Vətəninin hər yerində-Qarabağda, Şirvanda, Mildə, Muğanda da dəyişmək istədiyi, ancaq dəyişməyə gücü çatmadığı haqsızlıqlara, ədalətsizliklərə dözə bilsin...
Mənə elə gəlib ki, Nizami Məmmədova Tanrı müdrikliyi ona görə rəva bilib ki, Azərbaycanın hər bir qarış torpağını elə öz Ordubadı, Əylisi kimi sevən əsl bir zyalı kimi hər zaman güc ilə səbri böyük anlamda bir-birindən fərqləndirməyi bacarsın. Başqa sözlə, haqlı ilə haqsızı, zəiflə güclünü, pislə yaxşını həmişə bir-birindən ayırıb, seçə bilsin. Bu mənada Nizami müəllim müdrik bir ziyalı idi. O, Azərbaycan ziyalılarının bir çoxunun malik olmadğı və ya itirdiyi milli-mənəvi, əxlaqi-bəşəri dəyərləri: təmiz vicdan, Vətən, xalq, millət üçün məsuliyyət hissi, həqiqətpərəstlik və haqq-ədalət hisslərini özündə qoruyub saxlaya bilən azsaylı ziyalılarımızdan idi. Məhz bunların nəticəsində mənim tanıdığm N. Muradoğlu əsl ziyalı kimi şərəf və ləyaqət bütövlüyünü məmur işlədiyi ən mürəkkəb, ən ziddiyyətli zamanlarda belə qoruyub saxlaya bilmişdi. Nizami Məmmədov karyerist, daim “yuxarı”ların diqtəsi ilə oturub-duran, təşəbbüskarlıqdan və sərbəst mühakimə qabiliyyətindən məhrum bir çox Azərbaycan “ziyalılar”ından və məmurlarından fərqli idi. Nizami müəllimin yaşadığı 66 ildə daxili və mənəvi azadlığı, ədalətliliyi, haqqı nahaqqa verməməsi, bir ruh adamı, yaradıcı adam olması Azərbaycan reallığında nadir sayıla biləcək hadisələrdən idi...
O, hamı ilə tez ünsiyyət yaratmağı, onlarla səmimi, isti münasibət qurmağı çox gözəl bacarırdı. Bu, bir tərəfdən, Nizami Muradoğlunun özünün səmimi, istiqanlı olmasından irəli gəlirdisə, digər tərəfdən, fikrimcə, bu, onun alicənablığı, yüksək mədəniyyəti və nəhayət, sadəliyi ilə bağlı idi...
Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962-ci ilin sentyabr ayında Əylis kənd orta məktəbinin birinci sinfinə getmiş, 1972-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. N.Məmmədov 1972-ci ildə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsinin Azərbay-can dili və ədəbiyyatı ixtisası üzrə birinci kursuna qəbul olmuşdur. 1976-cı ildə institutu bitirib, həmin ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmudur. O, 1978-1986-cı illərdə Naxçıvan MR-də komsomol təşkilatlarında müxtəlif vəzifələrdə çalışmış,1987-1994–cü illərdə təhsil sahəsində fəaliyyət göstərmişdir.
N.Məmmədov 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Ordubad Rayon İcra Hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək həmin rayonun icra başçısı vəzifəsində işləmişdir. 2010-cu ilin noyabr ayından bu günə kimi AMEA Folklor İnstitutunda elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri, baş elmi işçi kimi çalışmışdır. Nizami Muradoğlu 2013-cü aprel ayının 17-də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında ”Məmməd Araz yaradıcılığında folklor motivləri” movzusunda dissertasiya müdafiə edərək Fillogiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
AMEA Folklor İnstitutu Elmi Şurasının 17 Oktyabr 2014-cü il tarixli 6 saylı qərarı ilə Nizami Məmmədov elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul edilmişdir. Dissertasiya mövzusu “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” adı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-ın 16 iyun 2016-cı il tarixli qərarı ilə ona folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir. Ali Attestasiya Komissiyasının 02 iyul 2019 - cu il tarixli qərarı ilə Nizami Murad oğlu Məmmədova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
N.Məmmədov tanınmış şair, yazıçı-dramaturq, publisist, folklorşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Vətən mediya», «Həsənbəy Zərdabi» və «Qızıl qələm» mükafatları laureatı idi. İndiyə qədər Nizami Muradoğlunun 15 bədii-publistik kitabı, 3 monoqrafiyası, 100-dən çox elmi məqaləsi nəşr olunmuşdur: Qayıda bilmirəm, Bakı: Yazıçı, 1989; Dayan, əsən külək, Bakı: Sabah, 2002; Vətən dərdi, Bakı: Nurlar, 2005; Sabaha açılan qapılar, Bakı: Şirvannəşr, 2009; Bu dünyanın məzarları ağlamaz, Bakı: 2010; Yaşayan Cavidlər, Elm və təhsil, Bakı: 2012; Sözün Məmməd Araz zirvəsi, Bakı: Elm və təhsil, 2013; Baba ocağı, Bakı: Elm və təhsil; 2014, Seçilmiş əsərləri, Bakı: Elm və təhsil, 2015; "Kitabi-Dədə Qorqud” və müasir Azərbaycan poeziyası; Bakı: 2016, Hüseyn Cavid, Bakı, 2016; Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri, Bakı: 2017; Zülmətdə nur, Bakı: 2018; Qədim türk yurdu Naxçıvan, Bakı: 2019; Kanlı taş, Türkiye, 2019; Qılınc oğlu, Bakı: 2020; Eşq bir sirdir, Bakı: 2020; Çağdaş poeziya və folklor, Bakı: 2021 və s.
Görkəmli ingilis şairi Corc Bayronun məşhur bir sözü var. O yazır ki, “İnsanlar sonradan şair olmur, onlar elə anadan şair doğulurlar.” N.Məmmədov Bayronun təbirinsə desək, sonradan şair olanlardan yox, elə anadan şair doğulanlardan idi. Çünki o, hər adilikdə bir qeyri-adilik görən, onu mənalandıran yaradıcı bir söz adamı idi. Ötən əsrin yetmişimci illərində ədəbiyyata şair kimi gələn Nizami Muradoğlunun poeziya aləmində deməyə öz sözü, özünəməxsus deyim tərzi və bəhs etdiyi hər bir mövzuya spesifik yanaşma mövqeyi var idi.
Nizami Muradoğlunun “Kəhrizin suyu” və “Duman” adlı ilk şeirləri 1971-ci ildə tanınmış ədəbiyyatşünas və tənqidçi, filologiya elmləri doktoru Məsud Əlioğlunun “Uğurlu yolu” ilə o dövrün ən populyar mətbu orqanlarından biri olan “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdu. On altı yaşı hələ yeni tamam olan bir gənc haqqında Məsud Əlioğlu kimi nüfuzlu bir ədəbiyyatşünas-tənqidçi-nin söz deməsi, ona uğurlu yol arzulaması özlüyündə sıradan bir hadisə deyildi. Deməli, bu nüfuzlu ədəbiyyat adamı hələ xeyli gənc olan Nizami Muradoğlunun şeirlərində hansısa bir qeyri-adiliyi, istedad və qabiliyyəti duyub sezə bilmişdi...
O vaxtdan etibarən N.Məmmədov respublika mətbuatında – müxtəlif qəzet, jurnal və almanaxlarda vaxtaşırı çıxış etməyə başladı. Müəllifin ilk şeirlər kitabı – “Qayıda bilmirəm” 1989-cu ildə işıq üzü gördü. Nizami Muradoğlunun şeirlərinin bəzilərinə isə mahnılar bəstələnib və onlar tanınmış müğənnilər tərəfindən ifa olunub. Nizami Muradoğlunun bir çox kitabları- “Dayan, əsən külək”, “Sabaha açılan qapılar”, ”Bu dünyanın məzarları ağlamaz” və ”Baba ocağı” ədəbi mühitdə əks-səda yaratmışdı. Bunun nəticəsi olaraq Kamran Əliyev, Vaqif Yusifli, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil, Kamil Allahyarov, Tahir Orucov, Şakir Albalıyev, İsmayıl Həkimov, Qənimət Səfərli və başqa söz adamlarının Nizami Muradoğlunun yaradıcılığına həsr etdikləri resenziya, rəy və məqalələri müxtəlif mətbuat orqanlarında çap olundu. Bu yazılarda Nizami Muradoğlunun yaradıcılığı müxtəlif aspektlərdən təhlilə cəlb edildi, onun şeirlərinə xalq ruhunun, Qarabağ, Vətən həsrətinin hakim olduğu, şeirlərinin özünəməxsusluğu, heç kəsi təkrarlamadığı, bu əsərlərə o taylı-bu taylı Azərbaycanın ağrı-acılarının hopduğu, döğma yurda bağlılıq hisslərinin dönməzliyi vurğulandı.
Ədəbi aləmdə hаnsı mövqеdə dаyаnmаsındаn, hansı yazı üslubuna, hansı ədəbi növə, hansı janra üstünlük verməsindən аsılı оlmаyаrаq hər bir bədii düşüncə sаhibinin, şair və ya yazıçının Vətənə, əbədi və əzəli hiss olan Məhəbbətə, təbiət və cəmiyyət hadsələrinə özünəməхsus yаnаşmа tərzi və daha çox üstünlük verdiyi, sеvdiyi mövzulаrı оlur. Bu mеyаrlа N.Məmmədovun yaradıcılığına yаnаşılаrsа, onun ən çох sеvdiyi mövzulardan biri Vətən mövzusu olmuşdur. Bu mövzulu şeirlərində Nizami Muradoğlu illərlə ürəyində yaşatdğı, sinəsində qövr etdiyi hissləri şeirə çevirib. Onun Vətən mövzusundа yаzılmış şеrlərinin ümumi mənzərəsinə diqqət yetirsək, burаdа bütöv Аzərbаycаnın bənzərsiz gözəlliklərindən, yurdumuzun igid, qəhrəmаn övlаdlаrındаn, tаriхimizin şərəfli səhifələrindən və s. mövzulardan pоеtik bir dillə bəhs оlunur. Bu şeirlərdə o taylı-bu taylı Bütöv Azərbaycanını sevən, vətənpərvər bir şair qəlbinin kövrək pıçıltıları, eyni zamanda Ana Vətənin ikiyə bölünməsindən irəli gələn nisgilli yaşantıları hiss edilir. Onun “Vətən” şeirində belə yazırdı:

Haqqa yol gedirəm, yolum uzaqdı,
Qarşımda Arazdı, arxamda dağdı.
İkiyə bölünən ana torpaqdı,
Bizmi günahkarıq, ya sənmi, Vətən?

*****
Haqqa yol gedirəm, yolum gen düşür,
Təbrizdən, Kərkükdən, Göyçədən düşür.
Gedə bilmədiyim Vətəndən düşür,
Gedə bilmədiyim Vətənmi,-Vətən?

Nizami Muradoğlunun Vətən mövzulu şeirlərində Vətənə, el-obaya qırılmaz tellərlə bağlılığı təsirli bədii təsvir və ifadə vasitələri ilə tərənnüm edilir. Nizami Muradoğlunun bu qəbil şeirlərində eyni zamanda Vətənin, tаriхimizin mübarizələrlə dolu olan şanlı səhifələri və s.də geniş şəkildə təsvir və tərənnüm olunur.
Orijinal düşüncə sаhibi olan Nizami Muradoğlunun yaradıcılığında, eyni zamanda əbədi və əzəli hiss olan məhəbbətə, təbiət və cəmiyyət hadsələrinə də özünəməхsus yаnаşmа tərzi hiss olunur. O, şeirlərində öz lirik qəhrəmanının daxili aləmini şirin bir dillə “şərh” etmək qabiliyyətinə malikdir. N. Muradoğlunun məhəbbət mövzusunda qələmə aldığı şeirlərin həcmindən asılı olmayaraq, demək olar ki, hamısında təsvir və tərənnüm edilən bədii material, süjet real həyatdan götürülmüşdür:
Əllərin soyuqdur, soyuq qar kimi,
O vaxtın istisi, odu qalmayıb.
Öpüb oxşasan da ağ saçlarımı,
Bir ürkək baxışın dadı qalmayıb.
Və ya:

Yenə bahar gəldi ellərimizə,
Çiçəklər içində çiçək, gözəlim.
Bir çiçək dəstəsi göndərdim sizə,
Üstündə bir duyğu-ürək, gözəlim.
*****
Heyranam Tanrının qurduğu işə,
Dodaqlar lalədir, gözlər bənövşə.
Nola qismətimiz bir yerə düşə,
Eşqin badəsini içək, gözəlim.

Nizami Muradoğlu şeirlərində zəhmət adamlarının fədakarlığına, xalqımızın milli-mənəvi dəyərlərinə həmişə sadiq qalır. O, yaradıcılığında müasir həyatla səsləşən mövzulara da çox müraciət edir. Mövzu və janr etibarılə zəngin və rəngarəng olan Nizami Muradoğlu yaradıcılığını nəzərdən keçirdikdə daha iki aspekt diqqəti cəlb edir. Birinci cəhət xalqımızın sadə, zəhmətkeş təbəqəsinin, eləcə də ulularımızın müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə,ikinci aspekt insani duyğulardan uzaq olan yaltaqlığın, paxıllığın, var-dövlətə, pula hərisliyin,
cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun və digər mənfi halların özünəməx-sus bir şəkildə tənqididir:

Şil görüm, nəfsinə qul olanları,
Məramı, məqsədi pul olanları.
Alçaltdı ətəkdə dolananları,
Çox şükür, yetirir çörək, bəsimdi.

N.Muradoğlu yaratdığı əsərlərində eyni zamanda klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ən yaxşı ənənələrinə söykənir. Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla, lirik vüsət aşılamaq və müasirlik Nizami Muradoğlu yaradıcılığının mühüm cəhətləridir. Onun yaradıcılığında bəşəri mövzular, xalqımızın son onilliklərdə həm mədəni, həm siyasi, həm də ictimai sahədə əldə etdiyi möhtəşəm yeniliklər, insanın mənəvi-psixoloji aləmi, Azərbaycan dilinə, mədəniyyətinə, mentalitetinə, əxlaq kodeksinə, onun milli-mənəvi dəyərlərinə hörmət əsas mövzulardandır. İstər lirik, istər epik, istərsə də dramatik əsərlərində Nizami Muradoğlu Azərbaycan dilinin sadiq keşikçisinə bənzəyir.O, yaradıcılığında dil məsələlərini, Azərbaycançılıq prinsiplərini daima diqqət mərkəzində saxlayan, yazdığı əsərlərdə dilimizin saflığı uğrunda mübarizə aparan azsaylı qələm sahiblərimizdəndir. Nizami Muradoğlunun əsərlərinin dili sadə, canlı və təbiidir. Bu baxımdan onun “Qıyma”, “Gedərəm”, ”Dünyanın”,”Ola bilməz”,”Dünya belə dünyadı”, “Azadlıq eşqinə”, “Ana torpaq”, “Turan dünyası” və s. şeirləri maraqla qarşılanır.O, bəzən yer gələndə poetik ovqatını qafiyə və vəznlə ölçmür, öz fikirlərini sərbəst şeirlər vasitəsi ilə də ifadə edir. Bu cəhətdən Nizami Muradoğlunun bütün növlərdə və janrlarda yaratdığı əsərlərdə ümumiləşdirmələr, bədii təsvir və ifadə vasitələri güclü təsir bağşlayır, tez yadda qalır.
Nizami Muradoğlu xalq ədəbiyyatına, klassik ədəbiyyata, milli soy-kökümü-zə, mədəniyyətimizə, klassiklərimizə hörmətlə yanaşan bir sənətkardır. Bu cəhətdən onun böyük ədib Hüseyn Cavid ailəsinə, onun nakam taleli oğlu Ə.Cavidə həsr etdiyi “Bu dünyanın məzarları ağlamaz” poeması və “Hüseyn Cavid” mənzum dramı xüsusi maraq doğurur.
“Bu dünyanın məzarları ağlamaz” poeması bütün Türk dünyasının böyük yazarı Hüseyn Cavidin nakam taleli oğlu, qısa ömründə, şair, bəstəkar və rəsam kimi tanınan Ərtoğrul Cavidin unudulmaz xatirəsinə həsr edilmişdir. Janrına görə lirik poema olan bu əsərdə Nizami Muradoğlu Ərtoğrul Cavidin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablardan; o dövrün qəzet və jurnallarından, eləcə də ayrı-ayrı şəxslərin xatirələrindən oxuyub-bildiklərini öz şair təxəyyülünün və düşüncəsinin süzgəcindən keçirərək orijinal bir formada oxuculara çatdıra bilmişdir.
Ərtoğrul Cavidin həyat xronologiyasına əsaslanan – yəni onun anadan olmasından, qısa sürən həyat yoluna, yaradıcılığına və nəhayət, gözlərini əbədi yummasına qədər olan dövrü bədii lövhələrlə əks etdirən bu lirik poema 39 hissədən ibarətdir. Poemanın hissələri müxtəlif ovqatlı hadisələrə: Cavidlər ailəsində ilk övladın dünyaya gəlməsinə («İlk övlad»), Ərtoğrolun uşaqlıq illərinə («Cocuq»), rus ordusunun Azərbaycana gəlişinə («İşğal»), Cavidlər ailəsinin iki övladına («İki qönçə gül») represiya dövrünə («30-cu illər»), Hüseyn Cavidin Sibirə sürgününə və vəfatına («Sürgün», «Son nəfəs») Ərtoğrol Cavidin həyatının son günlərinə («Armud ağacı», «Əcəl», «Ağrı», «Yas») və s. həsr olunduğundan, burada müəllifin deyim tərzi, təhkiyəsi də müxtəlifdir.
Poemanın əsas surəti Ərtoğrul Caviddir. Əsərdə bu surətin həyatının, demək olar ki, bütün dövrünə: onun anadan olmasına, uşaqlıq illərinə, yeniyetməlik dövrünə, ilk məhəbbətinə, gənclik illərinə kifayət qədər yer ayırmışdır. Ərtoğrulun Azərbaycan Xalq Cumhuriyyəti dövründə anadan olmasını şair Nizami Muradoğlu sanki rəmzi şəkildə mənalandırır, onunla müqayisə edir. Belə ki, Yaxın Şərqdə ilk respublika olan Azərbaycan Cumhuriyyətinin ömrü 2 il olduğu kimi, nakam taleli Ərtoğrul da qısa ömür yaşadı- cəmi-cümlətanı 24 il.
Müəllif Ərtoğrolun Hüseyn Cavid həbs edilib sürgünə göndərildikdən sonrakı həyatını da bütün keşməkeşləri ilə təsvir etməklə yanaşı, onu elə bu cavan yaşında da tam yetkin bir insan və dolğun bir bədii obraz kimi oxuculara təqdim edir. Poemada Turan Cavid, Müskünaz xanım obrazlardan başqa, əsərin bütün hissələrində, hətta Ərtoğrol, Turan və Müskünaz xanıma təsvir edilən hissələrində belə baş verən hadisələrin mərkəzində dayanan əsas və başlıca bir obraz da var: əbədiyaşar ədib Hüseyn Cavid obrazı. Əsərdə adları çəkilən, təsvir edilən hər bir obrazda əslində elə faciəvi taleli bir Cavid ruhu hiss edilir… Poemanın «Yuxu», «Bir fincan qəhvə», «İftira», «Sürgün», «Son nəfəs», «Bəraət», «Yubiley» hissələri bilavasitə Hüseyn Cavidə həsr olunsa da əsrin, digər hissələrində də kədərli, nigaran bir Cavid ürəyi, Cavid nisgili duyulur.
Yaradıcılığı boyu H.Cavid şəxsiyyətinə olan dərin sevgi onu bu mövzuda başqa bir əsər- “Hüseyn Cavid” mənzum dramını yazmağa sövq edir. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən və zənginləşdirən qüdrətli söz ustasıdır. O, öz yaradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poeziyası, təkrarsız dram əsərləri ilə Azərbaycanda milli şüurun intibahına misilsiz xidmət göstərmişdir. H. Cavid mütəfəkkir şair, görkəmli dramaturq və Azərbaycan ədəbiyyatı tarixinin orijinal ədəbi simalardan biridir. Azərbaycan ədəbiyyatının əsas inkişaf mərhələlərindən sayılan XX əsr Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə bağlıdır. Müəllif Hüseyn Cavid və ailəsi, repressiya qurbanları, 30-cu illərin dəhşətləri haqqında oxuyub-öyrəndiklərini, eşidib-bildiklərini təxəyyülünün süzgəcindən keçirərək, «Hüseyn Cavid» mənzum dramında şairin bədii obrazını bütün incə çalarları ilə göstərməyə çalışmışdır. N.Muradoğlu ilk dəfə olaraq Hüseyn Cavidin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin maraqlı fraqmentlərini bədii şəkildə işıqlandırmış, şairin azad duyğularını poetik dillə ifadə etmişdir. Əsərdə repressiyaya uğramış digər şairlərin də -Əhməd Cavad, Mikayıl Müşfiq və onların xanımları Şükriyyə, Dilbər və b. bədii obrazları da yaradılmışdır. «Hüseyn Cavid» mənzum dramında dövrün təzadlı ictimai-siyasi mənzərəsi bədii boyalarla təsvir edilmiş, 37-ci ilin ədəbi mühitinin dəhşətli və qan saçan olayları real səhnələrlə təsvir edilmişdir.
Əsərdə H.Cavid əvəzsiz bir sənətkar, müdrik bir insan, bütün əzab-əziyyətlərə rəğmən yazıb-yaratmaqdan yorulmayan mətin bir türk oğlu kimi təsvir edilir. Bu obraz oxucunun yaddaşında elə beləcə olduğu kimi - mərd, cəfakeş, müdrik bir insan kimi qalır və əbədiyaşarlığın, ölməzliyin simvoluna çevrilir.
Nizami Muradoğlunun ədəbi aləmdə maraqla qarşılanan sonuncu əsəri “Baba ocağı” romanıdır. «Baba ocağı» janrına görə tarixi romandır. Əsərdə cərəyan edən hadisələr XX əsrin əvvəllərində, əsasən, Bakıda və Ordubadın Əylis kəndində real həyatda baş vermiş əhvalatların fonunda təsvir edilir. Belə bir ziddiyyətlərlə dolu olan tarixi dövrü-erməni-müsəlman münaqişəsinin əsl mahiyyətini, onun törətdiyi ağır, qanlı-qadalı fəsadlarını bədii əsərə gətirmək hər şeydən əvvəl, Nizami Muradoğlundan əsl vətəndaş yanğısı, sonsuz Vətən sevgisi tələb edirdi. Bu kitabın redaktoru mən olduğumdan romanı çox diqqətlə oxumuşam. Yeri gəlmişkən, romanın demək olar ki, bütün fəsillərinin də ilk oxucusu və kitabın redaktoru da mən olmuşam. Nizami müəllim “Baba ocağı” romanını yazanda onun hansı hisslər keçirdiyinin canlı şahidiyəm. Bəzən səhərlər işə gələndə, bəzən iş zamanı öz kompüterinin qarşısında oturub romanı yazanda onun solğun, bənzi qaçmış simasını görəndə hiss edirdim ki, o, romanda təsvir etdiyi qanlı-qadalı hadisələri bütün varlığı ilə duyur və onları yaşayır. Duyurdum ki, Nizami müəllim də bəhs etdiyi insanlarla-Rövşən, Selcan, Hacı Nəcəf, Hacı Qurbanəli, Bığ Abbas, Kəblə Əhməd, Aslan baba, Uzun Nəcəf, Dağ İbrahim, Bəyməmməd, Qafar kişi, Molla Nurməmməd, Alxan kişi, Məşədi Kazım, Mustafa kişi, Ması, Mirzə Tahir Əfəndi, Musa, Səlim, Qəssab Yaqub, Çayçı Pirverdi, Aşıq Məsum, Tağı, Mirzə Rahab və b. ilə sanki müəyyən məqamlarda xəyalən görüşüb yaşayır, onlarla birlikdə deyib-gülür, döyüşlərdə iştirak edir və ən nəhayət, onların ağrı-acılarını, əzablarını da sanki onlarla birlikdə çəkirdi...
Nizami Muradoğlu “Baba ocağı” romanında özünü həmişə “əzabkeş”, “yazıq”,”cəfakeş” kimi qələmə verən, əslində isə “vəhşilik”, ”nadanlıq” və “qəddarlıq” simvoluna çevrilmiş bir xalqın nümayəndələrinin-ermənilərin: Arakel, Qurd Ağamir, Hərtün, Sərkis, Mıkırtç, Keşiş Mikayıl, Telman, Sonya, Tamara, Haykanuş, Hayrik, Ayka və başqalarının da dolğun, eyni zamanda, qəddar, zalım,qaniçən və miskin obrazlarını da parlaq boyalarla, özlərinə məxsus erməni xisləti ilə, tipikləşdirərək yarada bilmişdir.
Romanı oxuduqca müəllifin təsvir etdiyi real insanlara, hadisələrə, məkanlara, yaşayış məskənlərinə yaxından bələdliyi açıq-aydın adamı heyrətləndirir. Bu mənada N.Muradoğlu XX əsrin əvvəllərində, əsasən, özünün ata-baba yurdu olan Ordubadın Əylis kəndi və onun ətraf ərazilərdə baş verən qanlı qırğınları – ermənilərin təcavüzkar əməllərini və onların bu zorakılığının qanlı nəticələrini reallığı ilə, detalları ilə, ürək ağrısı ilə canlandırmağa nail olmuşdur. Filologiya elmləri doktoru, S.Rzasoyun sözləri ilə desək, “çoxlu şeirlərin, poema və mənzun dramların müəllifi olan N.Muradoğlunun bu əsəri o birilərinə bənzəməz. “Baba ocağı” ürək ağrısı ilə yazıldı. Həm də bu ağrı təkcə yaddaş ağrısı deyildi. “Daş yuxular”ın gətirdiyi xəcalətin ağrısı idi... Sağ ol ki, vətən oğlu, “Baba ocağı”nı yaratdın və bizləri bu xəcalətdən qurtardın.”
Nizami Muradoğlunun milli təəssübkeşliyi, türkçülüyü və millətçiliyi ən yüksək həddə idi, bəlkə də qədərindən çox idi. Ona görə belə yazıram ki, bir sıra yazılarında o, Vahid Azərbaycan ideyasının labüdlüyünü, Nizami Gəncəvinin əsl türk oğlu türk olmasını, Səməd Vurğunun “Azərbaycan” şerinin son misralarından birinin- “Partiyanın eşqilə sən” yox, “Azadlığın eşqilə sən” olması fikrini və s. əsaslandırıb sübut etməyə çalışırdı... Onun bu fikirlərinə qarşı çıxanların çox olmasına rəğmən...
Bahar fəslini çox sevirdi. Bir çox şeirlərində baharı böyük şövqlə, sevgi ilə tərənnüm etmişdi. Özü baharda anadan olmuşdu, axı -aprelin 2-də. Gülüş günündən cəmi 1 gün sonra. Bəlkə də elə buna görə idi ki, çox zaman çöhrəsində nikbinlik, şən ovqat, təbəssüm, bir sözlə, bahar ovqatı olardı... O, öz şirin söbətləri, bahar ruhlu şeirləri ilə soyuq qış günlərini də bahara çevirməyi baçarırdı. Artıq Nizami Muradoğlu mənən bizimlə olsa da, cismən aramızda yoxdur. Deməli, baharı bütün ruhu sevən və tərənnüm edən şairlərin sayı da bir nəfər azaldı... Artıq bahar, ürəkdən sevdiyin yaz fəsli sənsiz gələcək, Nizami müəllim. Bəlkə də daha nə bahar əvvəki təravətlə gələcək, nə də onu sənin kimi şövqlə tərənnüm edən...
Rahat yat, gözəl insan, dəyərli dost. Sən mənim, eləcə də digər dostlarının yaddaşında əbədi olaraq qalacaqsan. Nikbin, həyatsevər və gülərüz görkəmdə... Allah sənə də, həyat yoldaşına da rəhmət eləsin. Qəbriniz nurla dolsun...

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.