Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri
doktoru, professor

İqtisadi potensialdan insan kapitalına


Bəşəriyyətin çoxəsrlik tarixi sübut edir ki, elm və təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli ilk növbədə bu sahələrin tərəqqisindən keçir. Azərbaycanın və ümumilikdə dünyanın indiyə qədər yetirdiyi ən böyük mütəfəkkirlər onları düşündürən mənəvi idealların təntənəsini məhz elm və təhsildə, insanların maariflənməsində axtararaq zəmanələrinin böyük maarifpərvərləri kimi tarixdə əbədilik qazanmışlar.
"İnformasiya əsri" adlandırdığımız XXI əsrin hər birimizi təəccübləndirən elmi-texniki "möcüzələri", muasir dünyada demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təminatı istiqamətində qazanılan nailiyyətlər elmi, təhsili vaxtilə bəşəriyyət üçün vacib sosial amilə çevirməyə müvəffəq olmuş fikir adamlarının bu gün gerçəkləşən arzularıdır. Bu sırada Azərbaycan maarifçilərinin xidmətlərini də xüsusi vurğulamaq lazım gəlir - ölkəmizdə maarifçilik ənənələrinin təşəkkülü XIX əsrin ortalarına təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq bu ənənələr daha da möhkəmləndirilmiş, ötən əsrin ortalarına doğru cəmiyyətimizdə elmin, təhsilin inkişafı sistemli və əhatəli şəkil almışdır. XX əsrin 50-ci illərinə qədər insanların maariflənməsinə yönələn böyük diqqət daha çox sovet ideologiyasını həyata keçirəcək savadlı vətəndaşların yetişdirilməsi məqsədi daşımışdır. Amma hansı xarakteri daşıyır-daşısın, 20-ci illərdən etibarən Azərbaycanda kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, vətəndaşlarımızın bir sıra hallarda təhsilə hətta məcburi cəlb edilməsi o dövrdə qazandığımız ciddi uğurlardan biridir. Çünki ideoloji məqsədlərlə aparılan bu iş ötən əsrin 60-ci illərindən etibarən öz xarakterini dəyişmiş və daha çox milli mahiyyət kəsb etməyə başlamışdır.
Elmin və təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı isə istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, ümumilikdə mədəniyyətinin inkişafında Heydər Əliyevin əməyi müqayisəolunmazdır. Ulu öndərimiz ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin, təhsilmizin himayədarı kimi çıxış etmişdir. Heydər Əliyev elmin, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşmış, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi nəzərdən keçirmişdir.
Böyük öndər məhz bu məqsədi əsas götürərək hələ ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni-intellektual resurslarının gücləndirilməsinə, bir neçə on ildən sonra dövlət müstəqilliyini elan edəcək Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz bu illərdə Azərbaycanda uşaq bağçalarının, məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu müasir standartlar çərçivəsində yenidən qurulmuşdur. Həmin dövrdə humanitar və fundamental elm sahələrində də böyük irəliləyişlər əldə edilmiş, elmdə-təhsildə qazanılan uğurların iqtisadiyyatın ən müxtəlif sferalarında tətbiqi böyük nəticələrə gətirmişdir. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni mərhələsinə qədəm qoymuş, Azərbaycanda ixtisaslı kadrlar hazırlayan yeni-yeni ali və orta ixtisas məktəbləri açılmışdır.
Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər arasında ulu öndərin təşəbbüsü ilə Azərbaycanın ən müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, bu ali məktəblərdə müxtəlif ixtisaslara yiyələnən tələbələrin sayı isə 70 mindən 100 minə qədər artmışdır. Bu illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə müxətəssis kontingentinin yaradılmasından ibarət idi. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoydu. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500-dən artıq azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün ölkəmizdən xaricə 800 tələbə yola salınırdı.
Hərbi təhsilin inkişafı da bu dövrdə xüsusi diqqətdə olan məsələlərdən idi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq hissi keçirən Heydər Əliyev Azərbaycan övladlarının ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Ulu öndərin təməlini qoyduğu Cəmşid Naxçıvanski adına hərbi məktəb isə Heydər Əliyevin milli təhsilimizin bütün sahələr üzrə inkişafına yüksək diqqət və qayğısının bariz təzahürüdür. Bu diqqət və qayğı təkcə maddi-texniki dəstəklə məhdudlaşmamış, Azərbaycan təhsilinin inkişafı üçün mənəvi-psixoloji amilləri də təmin edən ulu öndərimiz təhsil sahəsində islahatlar prosesini uğurla həyata keçirmişdir. Təhsil sistemində sosial ədalət prinsiplərinin qorunması, şəffaflığın təminatı, ali məktəblərə qəbul zamanı sosial təbəqə fərqinə yol verilməməsi Heydər Əliyevin xüsusi diqqət yetirdiyi əsas məsələlərdən idi. Məhz bu diqqət hesabına hələ o dövrdə ali məktəblərimizdə bilik həqiqi və yeganə meyara çevrildi. 50-ci illərin sonu, 60-cı illərin əvvələrindən etibarən dövlət idarəçiliyi sistemində özünü göstərən ziyanlı təzahürlərin tərkib hissəsi kimi elm-təhsil məbədlərimizə də yol tapmış rüşvətxorluq və korrupsiya hallarının qarşısı əsaslı şəkildə alındı. Heydər Əliyevin böyük qətiyyət və prinsipiallıqla yaratdığı şəffaflıq sayəsində o illərdə maddi baxımdan imkansız, savadından başqa güvənc yeri qalmayan zəhmətkeş övladları da ali məktəblərin sayılıb-seçilən ixtisaslarına qəbul olunmaq imkanı əldə etdilər. 70-ci illərin əvvəllərində "Literaturnaya qazeta"ya verdiyi məşhur müsahibəsində "Qoy, ədalət zəfər çalsın!" deyən ulu öndərimiz Azərbaycan təhsilində, sözün əsl mənasında, ədalətin zəfər çalmasına nail oldu.
Dahi rəhbərin o illərdə Azərbaycan elminin, təhsilinin, ümumilikdə milli mədəniyyətimizin inkişafı naminə gördüyü işlər heç də bunlarla məhdudlaşmır. O dövrdə böyük dövlət xadimi respublikamızın görkəmli ziyalılarını sovet imperiyasının sərt təhdidlərindən də qorumuş, irslə varislik arasındakı əlaqələri yenidən bərpa etmişdir. Xalqımızın minillər boyu yaşatdığı mənəvi dəyərlərin bayağılaşdırılması, sıradan çıxarılması meyilinin qarşısını almışdır. Klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli ruhun, milli düşüncənin düzgün məcrada inkişafına şərait yaratmışdır. Heydər Əliyev o illərdə xalqımızın ən böyük düha sahiblərinin abidələrini ucaltmış, onların əsərlərini nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada təbliğ etdirməklə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmışdır. Bütövlükdə, milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılmasını təmin etmişdir.
Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinin əsas leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli liderimiz Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini izhar etmişdir. Bu hadisə bir tərəfdən "EQəlbim, ürəyim həmişə Vətənlə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılıq işləri ilə bağlı olmuşdur" - deyən dahi öndərin Azərbaycan elminə, intellektinə dərin hörmətinin təcəssümü, digər tərəfdən isə ziyalı təbəqəsinin Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və etimadının bariz nümunəsi kimi xatırlanır. Bu tarixi qayıdış ilk növbədə ictimai və humanitar elmlərin elmi prinsiplər əsasında inkişafı baxımından taleyüklü əhəmiyyət daşıyırdı.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində dünyanın müasir təhsil sisteminə inteqrasiyanı başlıca vəzifə kimi aktuallaşdırmış, elm-təhsil sahəsində islahatları uğurla həyata keçirmişdir. Ölkənin sosial-iqtisadi inkişafı, demokratik tərəqqisi, vətəndaş cəmiyyəti quruculuğu prosesində təhsilin aparıcı amil kimi önə çıxarılması, vətəndaşların təhsil hüququnun reallaşmasına verilən böyük əhəmiyyət yeni iqtisadi münasibətlər sistemində insanlarımızı narahat edən ən böyük problemlərdən birini həll etdi: bazar iqtisadiyyatı yolunu seçmiş bir sıra ölkələrdə vətəndaşların pulsuz təhsil almaq hüququna qarşı yönələn təhdidlər bu iqtisadi münasibətlər sisteminin Azərbaycan variantında tam aradan qaldırıldı. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşımızın pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edildi. Eyni zamanda milli təhsilin alternativ əsaslar üzrə yüksəlişini təmin etmək, daha səviyyəli təhsil uğrunda rəqabətə nail olmaq məqsədilə bu sahədə özəl sektorun inkişafına da şərait yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci ildə imzaladığı sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" təhsil sahəsində islahatların uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün şərtlərinə uyğunlaşdırılması prosesinə böyük təkan vermişdir. Bu sənədlərdə irəli sürülən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, Azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir.
Ümummilli liderimizin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2003-cü il tarixli fərmanı, habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncamı və bu qəbildən olan digər sənədlər təhsil sisteminin müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu illər ərzində ömrünü gənc nəslin maariflənməsinə həsr etmiş müəllimlərimizin, elm sahəsində çalışan insanlarımızın sosial problemləri də diqqətdən kənarda qalmamış, onların məvacibləri ardıcıl olaraq artırılmış, elmi-pedaqoji kontingent dövlət qayğısı ilə əhatə olunmuş, şərəfli ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edilmişdir.
Heydər Əliyevin siyasi irsinin layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyevin milli elm və təhsilimizin inkişafı, problemlərinin həlli istiqamətində son üç ildə həyata keçirdiyi davamlı siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Azərbaycan Prezidenti prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını ən başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk aylarda Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncamı imzalamış, milli irsə böyük qayğı ilə yanaşmışdır. Cənab İlham Əliyevin "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulun 1-dən 5 dəfə artırılmışdır. 2004-cü il aprel ayının 19-da isə Prezident İlham Əliyev elmin və təhsilin inkişafına xidmət edən daha bir mühüm sənədə imza atmışdır. Dövlət başçısının "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərancamı yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısının digər bir sərəncamı ilə 25 cildlik Milli Ensiklopediyanın hazırlanması prosesinə başlanılmışdır. 2005-ci ilin sentyabr ayından isə tələbə və aspirantların təqaüdü təxminən 10 dəfə artırılmışdır. Nəhayət, dövlət başçısının "Təhsil işçilərinin əməkhaqlarının artırılması haqqında" 28 sentyabr 2006-cı il tarixli sərəncamı təhsil ictimaiyyətinə növbəti diqqət və qayğısının əyani təzahürüdür. Təhsil və elm adamları ölkəmizin iqtisadi imkanları genişləndikcə, belə artımların ardıcıl şəkildə davam edəcəyinə böyük ümidlər bəsləyirlər.
Elm və təhsilin inkişafı üçün dövlət büdcəsində ayrılan vəsaitlərin həcminin ildən-ilə artması da bu sahənin Azərbaycanın ümumi inkişafı və dövlət siyasəti ilə ayrılmaz vəhdət təşkil etdiyini deməyə ciddi əsaslar verir. 2004-cü ildə təhsilə büdcə xərclərinin 19 faizi həcmində vəsait ayrılmışdırsa, 2005-ci ildə bu rəqəm 20,5 faizə yüksəlmişdir. 2006-cı ilin dövlət büdcəsində isə təhsil xərcləri əvvəlki illə müqayisədə 33 faiz artmışdır. İnvestisiya xərclərinə 20 faizədək çox vəsait nəzərdə tutulmuş, aspirantların və tələbələrin təqaüdlərı 2,5 dəfə, minimum əməkhaqqının qaldırılması ilə əlaqədar 320 mindən artıq təhsil işçisinin əməkhaqqı orta hesabla 50 faiz artırılmışdır.
Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanının zəruri tərkib hissələrindən biri kimi respublikanın bütün bölgələrində məktəb tikintisi prosesi geniş vüsət almışdır. Təkcə 2005-ci ildə ümumilikdə Azərbaycan üzrə 328 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. 2006-cı ildə isə 230 yeni məktəb və əlavə korpuslar inşa edilərək istifadəyə verilməlidir. Ötən il Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər dərsliklərlə pulsuz təmin edilmiş, təkcə 2006-cı ildə 108 adda 5 milyon nüsxədən artıq dərslik nəşr edilərək məktəblərə verilmişdir.
Məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar isə Azərbaycanda informasiyalı cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər) proqramı" əslində tarixi bir qərardır. Ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, Azərbaycan əhalisini informasiyalı cəmiyyətin üzvlərinə çevirən bu proqram artıq uğurlu nəticələr gətirir.
Azərbaycan elminin və təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlar bu gün də yüksək dinamizmlə davam etdirilir. Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud rroblemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədi ilə dövlət başçısı 30 may 2005-ci il tarixdə "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında" sərəncam imzalamışdır. Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin rəhbərlik etdiyi bu komissiya milli təhsilimizin tərəqqisinə öz layiqli töhfəsini verir.
Müqəddəs elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının xüsusi sərəncamlar imzalaması və görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların və Prezident təqaüdünün verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısını əyani surətdə əks etdirir. Milli Elmlər Akademiyasının 60 illik yubiley mərasimində çıxış edən dövlət başçısı ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənələrinə sadiq qalacağını bir daha bəyan etmişdir: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək. Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əməkhaqları qaldırılmalıdır və biz bunu edəcəyik".
Akademiyadakı çıxışında cənab İlham Əliyev bu elm məbədinin qarşısında duran başlıca vəzifələrdən danışmaqla yanaşı, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsini də zəruri amil kimi önə çəkmişdir. Azərbaycan Prezidenti çıxışında həm də elm adamlarına yüksək hörmət və ehtiramını ifadə etmişdir. "Mən çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm. Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə bilik, savad, elmin inkişafı lazımdır. Azərbaycanda çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri çox dəyərli şəxslərdir. Həm elm sahəsində, həm də ictimai həyatda xalqın hörmətini qazanmış insanlardır və biz bu insanlarla fəxr edə bilərik. Mən də fəxr edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün çox yüksək səviyyədədir" - deyən cənab İlham Əliyev elmin inkişafı naminə bundan sonra da əzmlə çalışacağını bəyan etmişdir.
Azərbaycan xeyli müddətdir ki, təhsil sahəsində vahid Avropa standartlarının tətbiqini nəzərdə tutan "Boloniya prosesi"nə qoşulmuşdur. Ölkəmizdə elm və təhsilin inkişafının bu prosesə uyğunlaşdırılması, beynəlxalq standartlarla milli təcrübənin uzlaşdırılması üçün səylər uğurla davam etdirilir. Respublikamızın təhsil ictimaiyyəti əmindir ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılan "Təhsil haqqında" yeni qanun layihəsi bu prosesə əsaslı təkan verərək bizi qarşıya qoyduğumuz əsas məqsədlərə yaxınlaşdıracaqdır. Bu məqsədi isə Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 15-də Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin yeni binasının təntənəli açılış mərasimindəki təbrik nitqində kifayət qədər aydın şəkildə göstərmişdir: "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq".
Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi bu ümummilli məqsədin reallaşmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir. Aşkar sezilir ki, Mehriban xanım Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər, ictimai səviyyədə gördüyü bütün işlər məhz mövcud potensialın insan kapitalına çevrilməsi, Azərbaycanda sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası məqsədinə yönəlmişdir. Heydər Əliyev Fondunun prezidentinin irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində təkcə 2005-ci ildə respublikamızın bütün bölgələrində 132 məktəb binası tikilərək istifadəyə verilmişdir. Proqramın ikinci mərhələsi üzrə bu il inşa edilən yeni məktəb binalarının sayı isə 100-dən artıqdır. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ifadə etdiyi məzmun bütün respublika üzrə yeni-yeni müasir təhsil komplekslərinin tikilərək istifadəyə verilməsindən, Azərbaycanda təhsilin aktual ictimai maraq predmeti kimi bütün ortaq müzakirə mövzularını üstələyərək önə çıxmasından daha böyük əhəmiyyətə malikdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı cəmiyyətimizə yeni məktəblərlə birgə həm də yeni düşüncə tərzinin, müasir təfəkkürün, sivil həyat normalarının gəlişi, ictimai həyatımızda bütün parametrlər üzrə yeni inkişaf mərhələsinin başlanmasıdır.
Bu mərhələnin əsas şərtlərini isə ulu öndərimizin adını daşıyan Fondun fəaliyyəti əsasında müəyyənləşdirmək o qədər də çətin deyil. Heydər Əliyev Fondu bu gün ümummilli liderimizin mənəvi irsinə əsaslanaraq milli kimliyimizin keşiyində dayanan ideoloji mərkəzə çevrilmişdir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın müasir sivilizasiyanın ziyanlı təzahürlərinə qarşı Azərbaycan mədəniyyətinin minillik ənənələrə malik qiymətli incilərini çıxarması, qloballaşan dünyanın səs-küyü ilə mübarizədə Azərbaycan muğamının, Azənbaycan aşıq musiqisinin, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov kimi korifeylərimizin qələbəsinə nail olması bunun göstəricilərindən biridir.
Ümumiyyətlə, milli düşüncə sistemi ilə bağlı istənilən məsələnin şərhində tarixilik prinsiplərinin önə çıxması Heydər Əliyevin mənəvi irsini səciyyələndirən əsas xüsusiyyət kimi diqqəti cəlb edir. Bu prinsip Heydər Əliyev Fondunun Azərbaycan folkloruna münasibətində də parlaq şəkildə nəzərə çarpır. Bu münasibət şifahi xalq yaradıcılığının cəmiyyət həyatındakı rolunun, əhəmiyyətinin aydın şəkildə dərk edilməsi əsasında formalaşmış münasibətdir. Xalqın özünəqayıdışı, özünüdərki prosesinin məhz folklora müraciətlə mümkün olması həqiqəti elmdə çoxdan təsdiqini tapmışdır. Folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Bu sistem ən müxtəlif növlərə, janrlara, şəkillərə, mətn tiplərinə və variantlara malik olmaqla bərabər, onların strukturunda dəyişməz, sabit modelləri, məzmun və ifadə qəliblərini də qoruyub mühafizə edir. Folklorun işarə sistemlərində, öz dil şifrəsi ilə açılan kodlarında, sabit modellərində dünya, insan, insanın mənəvi aləmi, dövlət və dövlətçilik fəlsəfəsi, habelə milli şüurla bağlı anlayışlar öz əksini tapır.
Folklor hər bir xalqın unudulmaz keçmişidir. Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalq isə beynəlxalq münasibətlər sisteminə qoşula və mədəniyyətlərarası dialoq prosesində öz sözünü deyə bilməz. Folklorda təkcə tarix yaşamır, bu mənəvi aləmdə xalqın bədii düşüncəsi də, müdrikliyi də, tarixin ən sərt dönəmlərində formalaşmış həyat tərzi də qorunub mühafizə olunur. Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı ən böyük həqiqətlər bizim nağıllarımızda, dastanlarımızda, laylalarımızda, sayaçı sözlərimizdə, holavarlarımızda və digər çoxlu folklor nümunələrimizdə yaşayır.
Cəmiyyətə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklor böyük imkanlara malikdir. Bu funksional imkanların reallaşdırılması öz effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Bu baxımdan Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şifahi xalq sənətimizin qorunmasına, inkişafına göstərdiyi yüksək diqqət və qayğı ulu öndərimiz Heydər Əliyevin mənəvi irsinin varisliyinin layiqincə təmin edilməsidir. Azərbaycan cəmiyyəti bu diqqət və qayğını vaxtilə Heydər Əliyevin xeyir-duası ilə müstəqil elmi struktur kimi həyata vəsiqə almış Folklor İnstituna göstərilən həssas münasibətdə də görür, duyur və böyük rəğbət hissi ilə qiymətləndirir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.