“Türkmən məhəbbət dastanları” kitabı nəşr olunub

AMEA Folklor İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri də ayrı-ayrı türk xalqlarının nadir incilərinin akademik tərcüməsini hazırlamaq, nəşr və tədqiqini həyata keçirməkdir. Bu istiqamətdən irəli gələrək İnstitutun Türk xalqları folkloru şöbəsində “Türkmən məhəbbət dastanları” adlı kitab hazırlanaraq nəşr edilib. Kitаba “Huyrlukqa-Həmra” və “Sayatla Həmra” adlı iki məşhur türkmən dastanı daxil edilib. Hər iki məhəbbət dastanı bütöv şəkildə ilk dəfə orijinaldan Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq yayınlanıb.
“Azərnəşr”də çap olunan 240 səhifəlik kitabın elmi redaktoru, “Ön söz”ün müəllifi və dastanları Azərbaycan dilinə uyğunlaşdıran Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızıdır. “Türkmən elinin söz incisi” adlı “Ön söz”də professor Almaz Həsənqızı dastanlar haqqında məlumat verib, onların ruscaya tərcüməsindəki uyğunsuzluqları göstərərək, orijinaldan tərcümənin üstünlüklərindən bəhs edib. Qeyd edək ki, Türkmənistanın “Ədəbiyyat və sənət” (“Edebiyat ve sungat”) qəzetinin 3 fevral 2023-cü il tarixli sayında “Türkmən məhəbbət dastanları”nın Azərbaycandakı nəşri ilə bağlı məlumat verilib.

|