Əməkdaşımız beynəlxalq konfransda iştirak edib
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Aydın qızı İbrahimova 6-7 fevral tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfransda iştirak edib. Konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq əvvəlcə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Tədbir iştirakçıları Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin Türkiyə və Özbəkistanla bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” anlayışının artıq genişlənməyə doğru getdiyini söyləyib.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Ramiz Əskər, Yaşar Qasımbəyli və ADPU-nun professoru Elman Quliyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, eləcə də konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndiriblər. Konfransda, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professoru Oh Eun-Kyung və başqaları məruzələrlə çıxış ediblər.
Sözügedən konfransda Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Əlişir Nəvainin “Fərhad və Şirin” əsərində folklor motivləri” mövzusunda məruzə ilə çıxış edərək sertifikatla təltif olunub. Konfrans çərçivəsində professor Şuxrat Sirojiddinovun Azərbaycan dilində nəşr olunmuş “Əmir Əlişir: həyatı və yaradıcılığı” kitabının təqdimatı da keçirilib. Sonda çıxış edən akademik İsa Həbibbəyli qonaqlara bir sıra kitablar hədiyyə edib, Əlişir Nəvai beynəlxalq konfransının ölkələrimiz arasında elmi-ədəbi əlaqələrin inkişafına və nəvaişünaslığa öz töhfəsini verəcəyini söyləyərək konfransa yekun vurub.
|