“Güney Azərbaycan folkloru” toplusunun yeni cildi işıq üzü görüb
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Güney Azərbaycan folkloru” toplusunun XV cildi nəşr olunub. Kitabda verilmiş dastanlarda ifaçı aşıqların səsləndirdikləri dialekt, şivə və dil xüsusiyyətləri olduğu kimi saxlanılıb. Məlumdur ki, səsli faylların dinlənilməsi zamanı aydın olmayan dialekt sözləri və ibarələrə də rast gəlinir ki, həmin anlaşılmazlıqlar nöqtələr və boşluqlarla əvəzlənir. Lakin bu heç də mətnin ümumi məzmununa xələl gətirmir. Kitabdakı dastanların üçü də Güney Azərbaycan folklor mühitində yetərincə geniş yayılmış, sevilən aşıq ədəbiyyatı nümunələridir.
Qeyd edək ki, xalq arasında eyni zamanda, “Qulam Heydər və Süsənbər xanım” adı ilə də tanınıb sevilən “Qulam Heydər” dastanının səsli fayllarını güneyli tədqiqatçı-alim Əlirza Sərrafi təqdim etmişdir. Ə.Sərrafinin verdiyi məlumata görə, dastan mətnini ilk dəfə güneyli tədqiqatçı – ixtisasca mühəndis olan Həmid Şafei tərtib edərək çapa hazırlayıb. H.Şafei ümumilikdə 24 orijinal dastan mətnini toplayıb bir araya gətirib ki, bu mətnlərdən biri də məhz “Qulam Heydər” dastanıdır. Dastanın ifaçısı Aşıq Məhəmməd Hüseyn Dehqandır.
Kitabdakı ikinci dastan Aşıq Heydərin ifası əsasında səsləndirilmiş fayllardan dinlənilərək yazıya alınıb. Dastan el arasında “Qurdoğlu”, “Kürdoğlu” adı ilə tanınır.
Üçüncü dastan isə Aşıq Məsihullah Rizayinin ifası əsasında təqdim olunmuş səsli fayllardan yazıya alınıb. “Kəlbi” adlı bu dastanın ifaçısı olan ustad aşığın 200-dən artıq səs yazısı qeydə alınaraq yayımlanmaqda, aşıq yaradıcılığını sevənlər tərəfindən yüksək dəyər verilməkdədir. “Güney Azərbaycan folkloru” seriyasının layihə rəhbəri Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, kitabın tərtibçisi Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova), redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlidir. Kitaba daxil edilmiş “Qulam Heydər”, “Qurdoğlu” və “Kəlbi” dastanlarını şöbənin əməkdaşları Leyla Aşurova, Səadət İbrahimli və Səbuhi Bədəlov səsli fayllardan dinləyərək yazıya alıblar. |