Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində nağıllarımızın gənc nəslin tərbiyəsindəki rolundan danışıb
Fevralın 3-də AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.
Türk Dünyasına yayımlanan bir saatlıq ortaq yayında öncəki ilk yarım saatda “Türkiyənin səsi” radiosundan Yasəmən Pamukun aparıcılığı ilə Başkent Universiteti Türk Dili və Ədəbiyyatı bölümü öyrətim üyəsi Ayişə Duvarcı ilə türk xalqları arasında yayğın olan ortaq atalar sözləri və məsəllər haqqında fikir bölüşməsi olub, örnəklər təqdim edilib.

Canlı yayımın ikinci yarım saatında aparıcı Dilşad Tahirqızı ilə söhbətində fil.ü.f.d. Elçin Qaliboğlu nağıllarımızın uşaq və yeniyetmələrin, eləcə də gənclərin tərbiyəsindəki rolundan danışıb. Bildirilib ki, gənc nəslin nümayəndələrinin ailədə, məktəbdə ümumən folklor nümunələri ilə anlaşılan səviyyədə tanışlığı onların ağlında, düşüncəsində ciddi rol oynayır. Verilişdə Azərbaycan nağıllarının mahiyyəti ifadə olunub, nağılçılıq ənənəsinin səngiməsi səbəbləri, habelə ermənilərin Azərbaycan folklorunun örnəklərinə iddiası haqqında danışılıb.

|