AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov xalq yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının təqdimat mərasimində iştirak edib
02 fevral 2023-cü il tarixində AMEA-nın Mərkəzi Elmi kitabxanasında xalq yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru, filologiya elmləri doktoru Məmməd Əliyev açıb. O, xalq yazıçısı, akademik Kamal Abdullanın elmi və bədii yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış üçün söz millət vəkili, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə verilib. Akademik İsa Həbibbəyli xalq yazıçısı, akademik Kamal Abdullanın geniş və çoxşaxəli yaradıcılığı haqqında müfəssəl çıxış edərək, Kamal Abdullanın çağdaş Azərbaycan nəsrində postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib. “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” əsəri barədə fikir bildirən akademik qeyd edib ki, təqdimatı keçirilən tədqiqat əsərini Azərbaycan elmində yeni bir cığır, uğurlu bir addım hesab etmək olar. Bu tədqiqat əsərində “söz güləşdirmək”, “and içmək”, “qarşı yatan qara dağ” və s. kimi deyimlər mifoloji düşüncənin izlərini günümüzədək daşıyır və dilimizdə olan bu tipli deyimlərin izlərinin araşdırılması üçün mifolinqvistika elmi artıq bir zərurətə çevrilməkdədir. Sonra “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” əsərinin məzmunu ilə bağlı tədbir iştirakçılarına məlumat vermək üçün söz müəllifə – xalq yazıçısı, akademik Kamal Abdullaya verilib. Müəllif sözügedən kitabın hansı zərurətdən və necə ərsəyə gəlməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Əsərin “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” hissəsi ilə bağlı məlumat verən akademik Kamal Abdulla bildirib ki, dastanda elə anlayışlar var ki, onların dərindəki, gizli mənalarını üzdəki, aydın tərəfin köməyi ilə anlamaq mümkündür. Beyrək, Təpəgöz, Baybecan bəy, Bəkil, at ağızlı Aruz Qoca, Banuçiçək, Basat kimi obrazlar semantik sayrışmaların içində daha dolğun görünürlər. Semantik sayrışmalar dastan mətnində ilk baxışda anlaşılmayan məqamların üzərinə işıq salır, mətnin bir bütöv şəkildə anlaşılmasını təmin edir. Müəllif tədqiqatın “Mifolinqvistika” hissəsi ilə bağlı qeyd edib ki, əsərdə konturları cızılan mifolinqvistika elmi dilçiliyin və mifologiyanın birləşmiş məkanı kimi bizə həm dilimizlə, həm də mifoloji təsəvvürlərimizlə əlaqədar bir-biri ilə son dərəcə bağlı olan adekvat nəticələr əldə etməyə imkan yarada bilər.
Daha sonra çıxış üçün söz AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanova verilib. Sözügedən əsər haqqında fikir bildirən akademik Muxtar İmanov qeyd edib ki, akademik Kamal Abdullanın elmi yaradıcılığından keçən əsas xətt mif və mifoloji düşüncədir. Onun yaradıcılığında mifoloji düşüncənin qanunauyğunluqları nəzərə alınır. Məsələn, “söz” kimi mücərrəd bir anlayışı müasir dilimizdəki ifadələrlə – “sözə baxmaq”, “söz güləşdirmək”, “sözün başına ip dolamaq” və s. şəkildə təqdim etsək, sözün qədim insanın təsəvvüründə bir əşya kimi canlandırıldığını müşahidə etmiş olarıq. Məlum olur ki, qədim insan nitqin formalaşmağa başladığı ilk çağlarda cümlənin bütün üzvlərini predikativ kimi işlətməyə meyil edib. Bu qədim insanın təfəkküründə hərəkətlə bağlılığın ən bariz göstəricilərindən biridir. Kamal Abdulla da bu detaldan mətn təhlillərində çox məharətlə istifadə edib. Belə məlum olur ki, hərəkətlə bağlılıq, əhvalatla bağlılıq dilin başqa-başqa qatlarını üzə çıxarmağa bizə kömək edir.
Akademik Muxtar İmanov çıxışında vurğulayıb ki, alim sözügedən kitabının “Sayrışmalar” bölməsində Beyrəkdən, Baybecandan danışarkən onların bir çox müsbət keyfiyyətləri özlərində əks etdirmələri ilə yanaşı, müəyyən ziddiyyətlərinin olduğunu diqqətə çatdırdığı kimi, Dədə Qorqudu da eyni şəkildə təqdim edir. Kamal Abdullanın gəldiyi qənaətə görə, epos qəhrəmanı nə qədər müsbətlik mücəssəməsi olursa olsun, onda mütləq mifoloji təfəkkürdən qaynaqlanan ikili, ziddiyyətli əlamətlərin müşahidə edilməsi labüddür. Bundan başqa əsərdə Beyrək obrazı ilə bağlı məqamlar, Təpəgöz obrazının intihar arzusu Kamal Abdullanın Azərbaycan ədəbiyyatşünaslığına, qorqudşünaslığa gətirdiyi yeni fikirlərdir. Yeni fikir ondan ibarətdir ki, Beyrək hətta roman qəhrəmanları ilə müqayisə oluna biləcək qədər ziddiyyətli bir obrazdır. O, bir tərəfdən monumental bir mif və epos qəhrəmanıdır, digər tərəfdən isə şərdən qorunmaq məqamında öz mənafeyi uğrunda trikster obrazına çevrilə bilir, ona həsr olunmuş boyun sonunda dustaqlıqdan da məhz bu cür qaçıb gəlir və Oğuzda özünü “dəli ozan” deyə təqdim edərək məqsədinə nail olur. Akademik Muxtar İmanov qeyd edib ki, Kamal Abdullanın bu kitabında mifoloji qaynaq ən mühüm və ən vacib qaynaqlardan biridir. Bu qaynaq vasitəsilə eposa da, müasir Azərbaycan türkcəsinə də yanaşmaq mümkündür.
Daha sonra akademik Nizami Cəfərov, akademik Möhsün Nağısoylu, tarix elmləri doktoru, professor Solmaz Tohidi və başqaları “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” əsərinin məziyyətləri barədə fikir bildiriblər.
|